Əslində srağagünkü tədbiri iqtidar-müxalifət dialoqu adlandırmaq olmazdı. Təkcə ona görə ki, bu, iqtidar-müxalifət dialoquydusa, orada QHT rəhbərlərinin, media kapitanlarının nə işi vardı?

İqtdar-müxalifət dialoqu o olar ki, hər iki tərəfdən 3 (və ya 5) sanballı adam qarşı-qarşıya oturar, mikrofonsuz, asta səslə hansısa məsələni müzakirə edərlər. Yoxsa onlarla video və fotokameraların olduğu, 100-ə yaxın adamın iştirak etdiyi toplantı ayrı-ayrı monoloqlardan ibarət oldu.

Bu, bir iclas idi, konkret də mövzusu vardı: “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi”. Vəssalam.

Həmin toplantıda “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlunu əvəz edirdim. R.Arifoğlu başqa bir toplantıya qatılmışdı. AVP sədri Fəzail Ağamalının təşəbbüsüylə, baş nazirin müavini Əli Əhmədovun (eyni zamanda YAP sədrinin müavini) iştirakıyla keçirilən tədbirdə önümdəki bloknota bəzi qeydlər etmişəm. Bunlar toplantı barədə təəssüratlarımdır:

AXP sədri Pənah Hüseynin çıxışı sərt oldu. O, “radikal müxalifət” anlayışına alternativ səsləndirdi: “Radikal iqtidar”. Pənah bəy reqlamenti ikiqat aşdı və “başqalarının da əvəzindən danışacam” dedi.

Çıxış üçün reqlament 5 dəqiqədir. Toplantıda iştirak edən və önündə mikrofon olan adamların hamısı çıxış eləsə, 4-5 saat vaxt lazımdır.

Çıxıçıların sinəsi doludur. Hamısı çox və hər şeydən danışmaq istəyirlər.

Aparıcı partiyaların toplantıda iştirak etməməsi yaxşı görünmür. AXCP dəvət edilməyib, anladıq, bəs Müsavat, ReAl, KXCP, AMİP-in təmsilçiləri nədən gəməyib? F.Ağamalı deyir, hamısını dəvət edib.

Pənah Hüseyn, Sərdar Cəlaloğlu və Əli Əliyev müxalifətin boş qoyduğu meydançanı yaxşı doldurur, müxalif düşüncəni parlaq təmsil edirlər.

Deyəsən, hər kəsin dərdi özünə dəvədir. Müzakirəyə təqdim olunan mövzu qıraqda qalıb, müxalifətçilər siyasi məsələlərdən, hüquq müdafiəçiləri isə öz sahələrinə aid məsələlərdən danışırlar. Media kapitanlarına söz verilsə, yəqin ki, onlar da reklam bazarının olmamasından danışacaqlar.

Novella Cəfəroğlu QHT-lərə ayrılan qrantlardan danışarkən belə dedi: “QHT sədrləri bu pullarla bir maşın alırdılar, bir də 200 dollarlıq kostyum”. Yəni o pullar ölkədə inqilab etmək üçün deyildi.

Sərdar Cəlaloğlu 4-5 mövzunu bir-birinə qatıb sərt çıxış etdi, radikal çıxışların auditoriyasının geniş olduğunu söylədi, arada hirsləndi: “İstəyirsiniz, danışmayım, çıxım gedim”.

Nəyə görəsə çıxış edənlər RF-nin Təhlükəsilik Şurasının rəhbəri Nikolay Patruşevin soyadını “Petruşev” deyirlər. “Petruşka” demədiklərinə şükür.

Fazil Musatafa dedi ki, ölkənin ən böyük problemi nə demokratiyadır, nə də korrupsiyadır, ən mühüm məsələ ölkənin təhlükəsizliyidir. Deputat siyasi müxalifətdənsə dini müxalifətin daha təhlükəli olduğunu bildirdi.

Pənah Hüseyn Fazil Mustafanın demokratiya və korrupsiya problemi barədə dedikləri ilə razılaşmadığını bildirdi.

Eldar Namazov, Aynur Camalqızı, Tural Abbaslı, Qulamhüseyn Əlibəyli reqlamanentə riayət etdilər.

Toplantı əsnasında üz ifadəsindən bu tədbiri təşkil etdiyinə peşman kimi görünən Fəzail Ağamalı axırda bu cür yığıncaqların davamlı olacağını bildirdi.

Baş nazirin müavini Əli Əhmədov təmsil etdiyi hakimiyyətin ünvanına səslənən sərt tənqidləri təmkinlə qarşılasa da, sona yaxın Sərdar Cəlaloğluna sərt təpki verməli oldu.

Telejurnalist Mirşahin çıxış edərkən Sərdar Cəlaloğlunun müdaxiləsi və replikası heç yaxşı olmadı. O ifadənin bu qədər çeynənməsi artıq iyrənc şəkil alır. Başqa bir arqument, irad, ifadə yoxdurmu? Hamı nədən eyni cümləni işlətməlidir? Beyinə başqa bir tənqidi cümlə gəlmirmi?

Bu qədər.

Başqa qeydlərim də vardı, amma onları burada yazmağın yeri yoxdur. Ümumi təəssüratları yazmaq lazımdır.

Gerçəkdən də belə toplantıların tez-tez olması vacibdir. Sözlə dolmuş ürəklərin vaxtaşırı boşalması üçün bir diskussiya, məsləhət-məşvərət klubu olmalıdır.

İndi baxıram ki, sosial şəbəkədə toplantıda iştirak edən müxalifətçilərə qarşı yazılar yer alır, onlara dodaq büzürlər. Əbəs yerə. Adlarını yuxarıda çəkdiyim müxalifətçilər ortaya prinisipial mövqe qoydular, lazım olduğundan da sərt danışdılar. Bəzi partiyaların öz üzərlərinə başqa siyasətçilərə “müxalifətçi vəsiqəsi” vermək funksiyası götürməsi yanlışdır.

Загрузка...