Gənc tarzən Yaqub İlyasov reportyor.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

– Yaqub bəy necə oldu ki, bu sənəti seçdiniz? 

– 2004-cü ildə, 5-ci sinfə başlayanda 30 saylı musiqi məktəbində tar sinfində təhsil almağa başlamışam. 2009-cu ildən isə, Asəf Zeynallı adına musiqi kollecinə daxil oldum. Oranı da 2013-cü ildə bitirib, hərbi xidmətə yollandım. Elə hərbi xidmətdə olduğum zaman ərzində də musiqidən kənarlaşmadım, tarımı da özümlə aparmışdım. Sağ olsun hərbi hissə rəhbərliyi, mənim üçün otaq da ayırmışdılar ki, rahat şəkildə musiqi ilə məşğul ola bilim.

– Heç bir problem yaratmırdı ki bu sizə? 

– Xeyr, əksinə, həftə sonlarında hərbi hissənin klubunda otaq ayrılmışdı, açarını da mənə vermişdilər. Elə orada saatlarla musiqi ilə məşğul ola bilirdim.

Gənc tarzən:
– Hərbi xidmətdən qayıtdıqdan sonra adaptasiya olmaq çətinmi oldu? 

– O qədər də çətin olmadı. Musiqi məktəbinin sonuncu sinfində oxuduğum zaman Rüstəm Zeynallının əsasını qoyduğu “Şeron” qrupu ilə işləməyə başlamışdım. Artıq 18 yaşım olanda Natiq ritm qrupu ilə çalışmağa başladım. 2-3 il öncəyə qədər də bu qrupda fəaliyyətimə davam edirdim. Elə onlarla birgə bir çox beynəlxalq tədbirdə iştirak etmişəm. 2015-ci ildə Azərbaycanda keçirilən Avropa oyunlarının Atəşgah məbədində cənab Prezident İlham Əliyevin də iştirakı ilə keçirilən məşəlyandırma mərasiminə də Natiq ritm qrupu ilə birgə qatılmışam.

Gənc tarzən:

– Başqa sənətkarla – estrada müğənniləri ilə, xanəndələrlə iş birliyiniz varmı? 

– Hazırda daimi olaraq iş birliyim yoxdur. Amma əksər tanınmış sənətkarların mahnılarında tar ifalarım var. Sadəcə mənim ifamda motiv bir az fərqli olduğu üçün xanəndələrlə çox da çalışmağa üstünlük vermirəm. Ən çox müasir üslubda olan işlərə meyl edirəm. Misal üçün, yeni çıxan estrada musiqilərinin bir çoxunda tarda ifa mənə məxsusdur.  Günay İbrahimli ilə işləmişəm, Qurd adı ilə tanınan Fərid Eminovla bu yaxınlarda gözəl iş ərsəyə gətirdik. “Tar” adlı musiqi kompozisiyası dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı.

Gənc tarzən:
– Hazırda Azərbaycanda instrumental musiqi sahəsində vəziyyəti necə qiymətləndirirsiniz?
 
– Bu gün Azərbaycanda bu sahədə çox yaxşı ifaçılar var, yetişir. Lakin bir məqamı qeyd edim ki, elə öz yaşıdlarım arasında təqlid etməyə meylli olanlar var. Fikrimi bir az da açım. Hər bir ifaçı özünün xarakterinə görə hansısa bir musiqini ifa edir. İnsan gərək hər bir musiqiyə, gördüyü işə öz xarakteri ilə yanaşsın. Çünki belə etməsən, o musiqiyə, o işə öz hissiyatını verə bilməzsən.

– Qeyd edirsiniz ki, bu ifaçılar – gənc və ya yaşlı, fərq etməz, özlərinin yolu ilə getmirlər, öz yolları yoxdur. Bəs onların sayı çoxdurmu? Bu barədə düşüncələriniz olduqca maraqlıdır…

– Sevindirici haldır ki, bəhs etdiyimiz musiqiçilər çoxluq təşkil etmir. Atalar sözündə deyildiyi kimi, izlə gedənin, izi olmaz. Mən də sırf buna görə, bu sənətdə özümün yolunu qoymaq, bu yolla irəliləmək istəyirəm. Çünki, sabah mən kimisə təqlid etsəm, o ifanı dinləyən dinləyici bunun mən olduğumu bilməyəcək. Bu isə, bir ifaçı üçün çox ağırdır.

– Bəhs etdiyiniz həmin ifaçılar bu gün tanınırlarmı? 

–  Tanınanı da var, tanınmayanı da… (gülür)

– Belə başa düşürəm ki, siz özündən sonra öz sənətinizlə yeni iz qoyanlardan olmaq istəyirsiniz

– Cəhd edirəm, bu yolda addımlayıram. Və onu da qeyd edim ki, iz olmayan yolla getmək çox çətindir. Çünki, yenilikçi bir yolla getmək, yeni nələrisə yaratmaq istədikdə sənə dəstək verən o qədər də çox olmur.

Gənc tarzən:
– Nə kimi dəstək lazımdır gənc bir tarzənin ideyalarını gerçəkləşdirmək üçün?
 
– Düzdür, bu danışmaqla, deməklə düzələn məsələ deyil. Hər birimiz üçün məlumdur ki, bütün televiziya-radiolarda, saytlarda iş prinsipi kommersiya üstündə qurulub. Onlar isə, keyfiyyətə deyil, kəmiyyətə, madiyyata üstünlük verirlər. Efiri qoyduq bir kənara, ən ağrılı yer budur ki, gözəl bir əsər ifa edirsən, onu sosial şəbəkədə böyük insan kütləsinə çıxışı olan səhifələrə göndərirsən ki, bunu paylaşın, insanlar heçolmasa bir az normal, zövqlü musiqi dinləsinlər, ya heç cavab vermir, ya da bunun üçün ödəniş gərəkdiyini bildirirlər. Məsələnin kökünə getsək, ilk öncə cəmiyyətin musiqi zövqü düzəlməlidir. İnsanların keyfiyyətli musiqi zöqü formalaşmalıdır. Bu isə, hazırki vəziyyətdə olduqca çətindir. Belə məsələləri görəndə isə, istər-istəməz insanda ruh düşkünlüyü yaranır.

– İnsanların musiqi zövqünün bu qədər korlanmasının səbəbi nədədir?

– Bunun səbəbini təhsilsizlikdə, dünya görüşünün az olmağında görürəm. Cavanlarımız məqsədsiz yaşayırlar. Misal üçün, son bir neçə ildə müasirləşmək, avropalaşmaq sözləri tez-tez işlədilir. Bu adla dəyərlərimiz məhv olub, gedir. İnsanlar bu müasirliyi öz beyinlərində etsələr daha gözəl olar. Çılpaqlaşmaqla, millətimizə, ölkəmizə xas olan dəyərləri itirməklə müasirləşmək olmaz. Sən bu muasirliyi, avropalaşmağı öz beynində et, gördüyün işlə göstər. Avropanın, inkişaf etmiş ölkələrin yaxşı tərəflərini götür.

– Yaqub bəy, məşhurluq yoxsa insanların sevimlisi olmaq, öz ifanızla onların qəlbinə yol açmaq…bunların hansı daha üstündür?

– Əslində heç zaman məşhurlaşmaq kimi bir fikrim olmayıb. İndi onsuz da, məşhur olmaq üçün asan yollar var. Kiməsə söz atarsan, qalmaqal yaradarsan və ya sənət göstərmək əvəzinə başqa işlər görərsən, olarsan məşhur. Amma bunun ömrü olduqca az olar. Lakin sənət göstərmək, insanların sevimlisi olmaq və illər ötdükdən sonra insanların beynində yaxşı sənətkar kimi qalmaq çətindir. Mənim də yolum budur və inanıram ki, bu fikirlərimlə, düşüncələrimlə nəyəsə nail ola biləcəm.

– Məlumdur ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də hər hansı bir iş görmək üçün maddi dəstək lazımdır. Sizdə hazırda bu barədə vəziyyət necədir?

– Maddiyat baxımından vəziyyət o qədər də ürəkaçan deyil. Lakin bundan da çıxış yolları var. O zaman gərək keyfiyyətli musiqini, sənəti bir kənara qoyub, bayağılığa doğru gedəsən. Nəsiminin və ya digər böyük şairlərimizin yazdığı əsərlərə bayağı, heç kimə lazım olmayan “musiqi” yazıb, onların adından istifadə etməklə məşhur olmaq da olar. Necə ki, indi efirlərdə elə insanlara reytinq xatirinə yer ayırırlar, mən də bunu edərəm və 2-3 günün içində maddi durumum düzələr. Bunu etmək isə, sənət yox, cinayətdir. Söyüşlə yox, sevgi, tərif qazanmaqdır məqsədim.
Gənc tarzən:
– Hər hansı bir layihə etmək fikriniz varmı? Hazırda bu yöndə çalışmalarınız varmı? 

– Bəli. 3 nəfərdən ibarət “Nəfəs” adlı instrumental qrup yaratmışam. Tarda özüm ifa edirəm. Bununla paralel olaraq, peşəkar olmasa da, udda da ifa edə bilirəm. Digər iki gənc musiqiçi dostumuz da kaxon və ispan gitarında ifa edirlər. Bu yaxınlarda “Youtube” kanalımız da fəaliyyətə başlayacaq.

Gənc tarzən:
– Bildiyimiz kimi “Qarabağ üçün oxu” layihəsinin koordinatoru olmusunuz. Lakin layihə iki dəfə yayımlandıqdan sonra, dayandı. İnsanlar tərəfindən böyük sevgi ilə qarşılanan bu kimi işlər hazırda nə üçün yoxdur? 

– İlk olaraq məlumatı olmayan oxucular üçün bir arayış verim. Layihənin rəhbəri tanınmış jurnalist, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovdur. Bədii rəhbəri Ramal Rəsul,musiqi məsləhətçisi isə, Tural Bakuvidir. Koordinator isə mən idim. Düzü bu layihəni davamlı etmək istəyirdik. Bu fikr hələ də var. İnşallah gələcəkdə də gözlənilir ki, “Qarabağ üçün oxu 3” ərsəyə gətirilsin. Bu kimi layihələrin olmamağınının əsəs səbəbini isə, yenə də maddiyatda görürəm.

Загрузка...