“Təhlükəli sürərsə... zəng edək, “iş verək”

Avtomobillə yolda, küçədə hərəkət edərkən hərdən önümdəki maşınların arxasında bəzi yazılar görürəm. “Bakinets”dən tutmuş “Arxamca baxma”ya qədər. O gün belə birini də gördüm: “Ne toropis! Na verxu prinimayut kruqlosutoçno”.

Bu, bir çağırışdır, bərk sürən sürücülərə ünvanlanıb, mənası da budur ki, tələsməyin, göydə (ruhunuzu) sutkaboyu qəbul edirlər.

Qabaqlar bu sayaq biri də vardı: “Sürət həyatda tərəqqi, yolda təhlükədir”.

Bunlar yaxşı çağırışlardır, bir az düşüncəsi olan, gönüqalın olmayan sürücü bunları görəndə istər-istəməz ayağını qaz pedalından çəkir, düşünür ki, düz deyirlər.

Maşınların arxasında ən çox gözə dəyən yazı isə “Təhlükəli sürərsə”dir. Bu ifadədən sonra adətən iki-üç telefon nömrəsi də görünür – ikisi mobil telefona aid, biri isə stasionar ofis nömrəsi.

Düzü, bir neçə dəfə arxasında o cür yazı olan maşın yaxınlığımda qəza şəraiti yaradanda ağlıma gətirmişəm ki, elə indicə ofis nömrəsinə zəng edərək sürücülərinin təhlükəli sürdüyünü deyim.

Hətta bir dəfə təhlükəli sürən sürücünün maşınının və şikayət zəngi etməli olduğum telefonun nömrələrini 3-4 dəfə təkrarlayaraq yadda saxlamışdım, ancaq mənzil başına çatanda hirsim soyudu və bu zəngin mərdiməzarlıq aktı olacağını düşündüm. Nəzərə aldım ki, zəng edərəm, sürücünü şirkət və ya firmadan işdən çxarararlar (müəssisənin əmlakını təhlükəyə atır axı), yəqin balaları var, bu məsuliyyətsiz insan qurban olsun o balalara.

Ancaq elə burdaca deyim ki, bu, yanlış yanaşmadır. Biz bu cür şikayətdən vaz keçə-keçə, o cür qanmaz adamların qabağından qaça-qaça tamam başqa və tamam günahsız adamları təhlükə altına atırıq.

Kimsə bizə “işverən” deyəcək deyə, vətəndaşlıq borcumuzu yerinə yetirmirik.

Hərçənd, deyilənə görə, bəzən o “təhlükəli sürərsə” qeydinin altında olan mobil telefon nömrəsi elə təhlükəli sürücünün özünə məxsus olur. Bir dəfə belə bir haqq-hesab olub. Yüngül yük maşını sürən və avtomobilinin arxasında uyğun qeyd gəzdirən sürücü təhlükəli manevrlər edib, qəza şəraiti yaradıb, bundan qeyzlənən vətəndaş ləngimədən “təhlükəli sürərsə” nömrəsinə zəng edib və o nömrədən belə bir qəzəbli səs eşidib: “Nə var, ay işverən? Təhlükəli sürürəm, lap yaxşı edirəm… dud-dud-dud”.

Yuxarıdakı “dud”lar heç də üzə qapadılan telefondan gələn səslər deyil, tv-lərdə söyüşün “vurulduğu”nu əks etdirən “dud”lardır. Bizim sürücülər ağızdan pərto olurlar adətən – həm döyüşkən, həm söyüşkən.

Döyüşkən demişkən, jurnalist həmkarımızın belə bir dalaşqan sürücü tərəfindən döyülməsinin həftəsi tamam olmamış, eləsinin biri də yol mübahisəsi zəminində adam öldürdü.

Acı gerçəklik budur: bizdə maşınına oturub yola çıxanların 95 faizi potensial məktul (ərəblər və türklər qətlə yetirilənə məktul deyirlər), bir o qədəri də potensial qatildir. Hər birimiz hər gün yolda ya adam öldürə bilərik, ya da öldürülə bilərik. Ciddi deyirəm.

Srağagün yol hərəkətindən xəbəri olmayan 18-19 yaşlı növcavan eşşəyin biri arxamca gəldiyi yerdə sürəti artırdı, sağıma keçdi, sonra kəskin bir hərəkətlə önümdən dolanıb soluma adladı, ehtiyatlılığım üzündən qəzadan sovuşduq. Təbii ki, siqnal verdim. Bu dəfə o başını və əlini pəncərədən çıxarıb anqırdı və sürətlə sürüb uzaqlaşdı. Mənim yerimdə olan 10 sürücüdən 7-si onun ardınca sürər, çatar, saxladıb təpiyin altına salardı. Onun da üstündə kəsici-deşici alət olmamış olmazdı. Çünki belələri çox “nervinni” olurlar, söz, siqnal götürmürlər. Onlara “ehtiyatlı ol” işarəsi verirsənsə, elə bil, “sənin anan yaxşı qadın deyil, Con” deyirsən.

“Niva” sürücülərinin də çoxu belədir. Təkcə cavan sürücülər elə deyil. Mən hətta 60+ yaşlı sürücü görmüşəm, “Niva”sının qabağını qaldırıb və yolda güllə kimi şütüyür. Nə məsələdirsə, belədir. Əslində “Niva” sürənlərin hamısı nəzarətə götürülməlidir. Onların bir xeylisi təkcə avtoxuliqan deyil, potensial qatildir.

Sözü nəyə gətirirəm? Təhlükəli sürənlərdən, xuliqanlıq edənlərdən şikayət etmək üçün xüsusi bir qaynar xətt, çağrı mərkəzi, nəsə bir şey yaradılmalıdır. İntizamlı sürücülər və piyadaların “mərdiməzarlıq” və “işverənlik” etməsinə imkan yaradılmalıdır ki, o qatillər məsumları və mərdləri məzara gömməsinlər.

Загрузка...