Zaur Yusifovun ev dustaqlığına buraxılacağı iddiası var
“Emin 444″ və ”Emin Masallinski” kimi tanınan Emin Səfərovun qətlini sifariş etməkdə ittiham olunan kikboksinq üzrə dünya çempionu Zaur Yusifovun barəsində seçilən həbs-qətimkan tədbirinin müddəti bitmək üzrədir. “Yeni Müsavat”a daxil olan məlumata görə, növbəti mərhələ üçün Zaur Yusifovun barəsində həbslə əlaqəli olmayan qətimkan tədbiri seçilə bilər. İddialara görə, o, ev dustaqlığına buraxıla bilər.
Qəddarlığına görə ölkəni silkələyən dəhşətli qətl bu il mayın 10-da törədilib. Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Səfərov 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Həşimov küçəsində öldürülüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları Emin Səfərovun qan gölməçəsinin içində meyitini aşkar ediblər. Onun bədəni üzərində hətta ən təcrübəli məhkəmə tibb ekspertlərini, müstəntiqləri təəccübləndirəcək qədər bıçaq xəsarəti olub. Mərhuma 78 bıçaq zərbəsinin vurulduğu müəyyən edilib. Qəddar qətlə görə ilk həbs edilən Zaur Yusifovun yaxını Həsən Mərdan oğlu Tağıyev oldu. İlkin ifadələrində Həsən Tağıyev qətli təkbaşına törətdiyini desə də, sonradan həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə qətlin planlı olmasına dəlalət edən məlumatlar ortaya çıxarıldı. Zaur Yusifovun atası Əli Yusifovun qolunda bıçaq yarası olması, hadisə yerinə mərhum Emin Səfərovun onun vasitəsilə aparılması üzə çıxdı. Qətlin Zaur Yusifovun sifarişi ilə baş verməsi versiyası gündəmə gəldi. Zaur Yusifov qətl baş verən zaman hadisə yerində olmasını inkar etsə də, bu versiyanın yoxlanılması üçün saxlanılandan sonra onun ayağında bıçaq xəsarəti müəyyən olundu. Aydın oldu ki, qətl baş verən zaman Həsən Tağıyevlə yanaşı Zaur Yusifov, onun atası Əli Yusifov da hadisə yerində olublar.
Həsən Tağıyev sonrakı ifadələrində Emin Səfərova 60-a yaxın bıçaq xəsarəti yetirdiyi, qalanlarının isə digər şəxslərin vurduğunu qeyd etdiyi xəbəri də yayıldı. Zaur Yusifov saxlanılandan sonra onun evində aparılan axtarışlar zamanı “Vinçester” tipli silah müsadirə olunub.
Mərhum Emin Səfərovun yaxınları da “Yeni Müsavat”a demişdilər ki, qətl əvvəldən planlaşdırılıb. Onların iddialarına görə, qətldə Zaur Yusifov, qardaşı Zamiq Yusifov, atası Əli Yusifov, Vüqar adlı bacısı oğlu, qanlı olaydan sonra həbsə alınan Həsən Tağıyev və digər şəxslər iştirak ediblər. Həsən Tağıyev törətdiyi qətli etiraf edib. Hadisədə adı keçən Zaur Yusifov başda olmaqla, digər şəxslər səslənən ittihamları rədd edirlər.
Mərhum Emin Səfərovun xalası oğlu Royal Əkbərov “Yeni Müsavat”ın əməkdaşına bildirib ki, qətllə bağlı həbs olunan 1995-ci il təvəllüdlü Həsən Mərdan oğlu Tağıyev qanlı cinayətin iştirakçısıdır. O, fikrini belə əsaslandırıb ki, Həsən Tağıyevlə Emin Səfərov arasında əvvəllər hər hansı bir mübahisə olmayıb. Cinayəti planlaşdıran, təşkilatçısı Zaur Yusifovdur, Eminin hadisədən əvvəl onunla dəfələrlə mübahisəsi olub: “Həsən Tağıyev 6-cı mikrorayonda kikboksçu Zaur Yusifovun adamı kimi tanınır. Onu ora-bura iş dalınca göndərirlər. Yəni bu cinayət Həsən Tağıyevin təşəbbüsü ilə törədilməyib. Cinayəti planlaşdıran, təşkilatçısı Zaur Yusifovdur, Eminin hadisədən əvvəl dəfələrlə mübahisəsi onunla olub. Səbəb də Zaurun kasıblara sələmə pul verib onları incitməsi idi. Hadisə baş verən gün Zaur Yusifovun atası Əli Yusifov Emini Biləcəridə parkın qarşısından aldadıb aparanda da ”gedək oğlumla barışdırım sizi” deyib. Yəni Əli Yusifov deyə bilərdi ki, “gedək oğlumun işlərinin dalınca ora-bura qaçan Həsən Tağıyevlə barışdırım sizi”. Belə desəydi, əlbəttə ki, Emin onunla getməzdi. Çünki Eminin Həsənlə problemi olmayıb. Zaur Yusifovun sələmçilik edib, camaatı incitməsi zəminində olub bu söhbətlər. Bunu 6-cı mikrorayonda bilməyən yoxdur”.
Zaur Yusifovun atası Əli Yusifov isə bu ittihamları rədd edib. O, “Yeni Müsavat”a deyib ki, qətli Həsən Tağıyev törədib. Bildirib ki, Həsən Tağıyev cinayəti özü törədib, onu bu cinayətə təhrik edən olmayıb. Həsən Tağıyevin oğlunun şagirdi olduğunu, Emin Səfərovun onu öldürəcəyi ilə hədələdiyini diqqətə çatdırıb. Bildirib ki, qətl törədilən zaman o, Emin Səfərovun maşınında olub, onunla söhbət edib. Məqsədi isə Emin Səfərovu onun oğlunun şagirdi Həsən Tağıyevə qarşı hər hansı bir addım atmaqdan çəkindirmək olub. Həmin zaman Həsən Tağıyev maşına minib. Tərəflər arasında dava olub, o da dava edənləri ayırmağa çalışıb. Bu zaman qolundan 2 bıçaq xəsarəti alıb. Maşından düşüb evə qaçıb, oğlanları Zaur və Zamin onu xəstəxanaya çatdırıblar. Əli Yusifov oğlu Zaur Yusifovun ayağındakı bıçaq xəsarətinin hansı şəraitdə yetirilməsini izah edə bilməyib.
Emin Ehtiram oğlu Səfərov özünə məxsus “BMW X5″ markalı, Az 99 XE 444 nömrəli avtomobildə öldürülüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.