“11 ildir ki, özümə ad günü etmirəm”

Bəhram Bağırzadə…Bu ad gələndə kiçikdən böyüyə hamının üzündə təbəssüm yaranır. Onun yaratdığı obrazları, “Bakılı oğlanlar” klubunda möhtəşəm səhnələri, improvizələri indi də yaddaşlardan silinməyib.

Belə demək olarsa, Bəhram Bağırzadə müasir Azərbaycan yumorunun ən çox güldürən parlaq istedadıdır və daha böyük layihələrə imza atmaq potensialına malikdir.

Sentyabrın 4-də 47 yaşı tamam olan B.Bağırzadə ilə söhbətimizdə doğum gününü necə keçirməsi, sənət, yumorun bugünkü vəziyyəti, prezidentlə görüşdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulması xahişi, Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadə barədə danışmışıq. Əməkdar artist, “Parni iz Baku” komandasının əfsanəvi üzvü B.Bağırzadənin “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

– Bəhram bəy, ad gününüzü təbrik edirik, 47 yaşı necə qarşıladınız?

– Təşəkkürümü bildirirəm, həmişə olduğu kimi doğum günümü ailə üzvlərimlə keçirdim. Mən ailə üzvlərimdən kənarda ad günü qeyd etmirəm. Ümumiyyətlə, atamın vəfatından sonra 11 ildir ki, özümə ad günü etmirəm.

Sadəcə, evdə ailə üzvlərimlə yığışırıq, çay süfrəsi açırıq, Allaha dualar edirik, yeni yaşla bağlı arzular, planlar qururuq, təbrik zəngləri qəbul edirik. Yəni ailə üzvlərimi, uşaqlarımı sevindirirəm, xüsusi ad günü təşkil etmirəm.

–  Atanızın sağlığında ad günləriniz təmtəraqlı olurdu?

– Yox, onda da atamın maşını ətrafında yığışardıq, “KVN”in uşaqları gələrdilər, ad günümü qeyd edərdik.

Mən heç vaxt restoranda özümə ad günü etməmişəm. İndi də yaşımızın elə vaxtıdır ki, özümə restoranda ad günü keçirmək ayıbdır. Amma övladlarımın ad günlərini restoranlarda keçirirəm, onları sevindirirəm. İstəyirəm ki, onların yaddaşında pozitiv bir ata kimi qalım.

–  Adam özünü 47 yaşda necə hiss edir, yəni 37 yaşla bir fərqi var?

– Mən hesab edirəm ki, insan bu günlə yaşamalıdır, keçən illərin problemlərini düşünməməlidir. Hər yeni yaşda qabağa baxmalısan, gələcəyə planlar qurmalısan, yeni ideyaların, arzuların olmalıdır. Mən ötən günlərimə görə gələn günlərimi qurban vermərəm. Bu, Allaha da günah gedər.

–   Ad günlərinizdə ən yadda qalan hansı hadisə olub ki, onu xüsusi vurğulayardınız?

– Ən xoş hadisə elə dünən (sentyabrın 4-də – E.S) oldu. Məni Heydər Əliyev Mərkəzinə dəvət etdilər. Orada Hacı Zeynalabdinin heykəli ilə bağlı hazırlanmış maketlərə, eskizlərə baxdıq. Bu, məni çox sevindirdi, mənə prezidentin bir hədiyyəsi oldu. Çox minnətdaram ki, dəyərləndirdilər, məni dəvət elədilər, maketlərlə tanış olmağımı istədilər. Çox xoşbəxtəm ki, Bakıda, Bəhram Bağırzadənin sevimli şəhərində Tağıyevin heykəli ucalacaq.

– Tağıyevin heykəli üçün heykəltəraşlar tərəfindən 26 layihə təqdim olunub, onların arasında bəyəndiyiniz oldu?

–  Demək olar ki, hamısını bəyəndim. Hər bir maketin özəlliyi, fərqliliyi var. Amma buna qiymət vermək, seçim etmək mənim işim deyil. Əvvəla, heykəltəraş deyiləm, bu sahədə peşəkarlığım yoxdur. Ona görə tamaşaçı gözü ilə baxıb qiymət verə bilərəm. İkincisi, münsiflər heyəti təşkil olunub, orada peşəkarlar var, özləri obyektiv qərar verəcəklər. Mən həmin münsif heyətində təmsil olunmuram deyə konkret hansı maketi fərqləndirmək, ayırmaq istəməzdim. Əsas odur ki, hər birini bəyəndim, hansı qəbul olunacaqsa, mən də razılaşacağam. Müsbət hadisə budur ki, maketlər hazırdır, Tağıyevin heykəli “İçərişəhər” metrostansiyasının yaxınlığında qoyulacaq və prezidentə təşəkkür edirəm ki, müraciətim nəticə verdi.

Eyni zamanda mən layihə təqdim edən heykəltəraşlara təşəkkürümü bildirirəm. Açığı, çəkinirdim ki, Tağıyevin heykəli ilə bağlı layihə təqdim edənlərin sayı az olacaq. Amma 26 nəfərin iştirakı kifayət qədər yaxşı göstəricidir.

– Təqribən nə vaxt Tağıyevin heykəli ucalacaq?

– Mənim dəqiq tarix haqda məlumatım yoxdur. Amma il ərzində hazır olmalıdır. İndi seçim edilsin, sonra heykəl düzələcək. Hələ bilinmir ki, mərmər, yoxsa bürünc daşdan ucaldılacaq. Hər halda Yeni ilə qədər hazır olmalıdır. Mən düşünürəm ki, Tağıyevin heykəlinin ucaldılması xalqımız üçün maraqlıdır. Çünki o kişi Azərbaycan xalqı üçün böyük işlər görüb və bu gün də Hacının əməllərinin faydasını hiss edirik. Onun istər tibb, istərsə təhsil, neft sahəsində gördüyü işlər, xeyirxahlıqlar hər ailəyə təsir edib.

–  Bəhram bəy, prezidentlə görüşdə sizin Tağıyevə heykəl ucaldılması, İmanov qardaşlarının isə babaları Süleyman Ələsgərov adına küçə verilməsi xahişləriniz həllini tapdı. Bu, sizə olan xüsusi münasibətin nəticəsi idi?

– Həmin görüşdə Azərbaycanın 60-dan çox tanınmış mədəniyyət xadimi, görkəmli şəxsiyyətləri iştirak edirdi. Onların qaldırdığı məsələlərin 90 faizi qaldırıldı, bütün işlər həllini tapdı. Fərhad Bədəlbəylinin, Afaq Bəşirqızının  dediyi problemlər, xahiş elədikləri məsələlər həll olundu. Sadəcə, heykəl hazırlanması uzun prosesdir deyə zaman tələb edir, adama çox vaxt gəlir. Məsələn, mən sizinlə danışanda indi Səməd Vurğun adına Rus Dram Teatrının qabağındayam, artıq teatra “akademik” sözü əlavə olunub. Prezidentlə görüşdə teatrın baş rejissoru və bədii rəhbəri olan Aleksandr Şarovski tərəfindən təklif səsləndi ki, akademik adı verilsin, prezident də məsələni həll elədi.

– Bəziləri deyirlər ki, Bəhram bəy prezidentlə görüşdə fürsətdən istifadə edib cümhuriyyətimizin banisi  Məhəmməd Əmin Rəsulzadəyə də şəhərdə heykəl qoyulması üçün müraciət edəydi…

– Heç narahat olmasınlar, inşallah, o müraciəti də edəcəyəm. Mənim birinci Hacı ilə bağlı xahiş etməyimin səbəbi bu idi ki, Tağıyev ağsaqqaldır, Rəsulzadədən yaşlıdır. Əgər Tağıyev olmasaydı, Rəsulzadəyə heykəl qoyulması üçün müraciət edərdim. Eyni zamanda digər şəxsiyyətlərimiz də var, onların heykəlləri də olmalıdır.

Hər şey addım-addım olur, təcili surətdə hər bir işi etmək olmaz. Bu məsələni prezident bilir. İnşallah, Rəsulzadəyə heykəl qoyulması üçün də prezidentə müraciətim olacaq.

– Hazırda nə ilə məşğulsunuz, “Parni iz Baku” konsertlərə hazırlaşır?

– İndi dincəlirik. Amma konsertlərimiz, filmlərimiz olacaq.

– Sizcə, bu gün “KVN”ə ehtiyac var?

– Onu bilmək üçün Heydər Əliyev adına Sarayın kassalarına getmək lazımdır. Bu kassalar ehtiyacın göstəricisidir. Təbii ki, bu gün “Parni iz Baku”ya ehtiyac var.

– Sizcə, bu gün Azərbaycan yumorunun, komediyasının vəziyyəti gülməlidir, yoxsa ağlamalı?

– Mən buna qiymət verə bilmərəm. Deyə bilmərəm ki, komediyanın bugünkü vəziyyəti necədir.

– Çünki Rasim Balayev bizə müsahibəsində demişdi ki, Fərda, Müşviq, Elməddin sənətlə meymunluğu səhv salıb…

– Elə mən də onu nəzərdə tuturdum, həmin müsahibədən xəbərim var. Amma mən söz deyə bilmərəm. Əvvəla, digər insanlar inciyə bilər. İkincisi, Bəhram Bağırzadə xalq artisti deyil ki, sənətin peşəkarlığını, səviyyəsini müzakirə eləsin.  Rasim Balayev kimi sənətkarlar sənətin bu gün hansı səviyyədə olduğunu müzakirə edə bilər. Rasim müəllim Bəhram Bağırzadədən, onun gördüyü işdən danışa bilər, mən onun rəyini müzakirə edə bilmərəm.

– Bəhram bəy, son olaraq ən “sevmədiyiniz” sualı verəcəyəm. Sentyabrın 6-da millimiz Uelslə səfərdə qarşılaşır, gözləntiniz nədir?

– Mən millimizdən heç nə gözləmirəm. Mən sentyabrın 19-nu, “Qarabağ”ı gözləyirəm. Daha doğrusu, Qurban Qurbanovun şousunu böyük intizarla gözləyirəm. Hesab edirəm ki, şans həmişə var. Biz “KVN” oynayanda hamı gülürdü, deyirdilər ki, Azərbaycan hara, “KVN” hara…

Amma biz Moskvada oynadıq, sübut elədik ki, Azərbaycanda “KVN” var və kuboku götürdük. Ona görə futbolçular inamlı olmalıdırlar, o halda Avropa kubokunu da götürə bilərlər…

Загрузка...