“Məzlumların göz yaşı dərya olacaqmış, –
Dəryaları, ümmanları neylərdin, ilahi?!”
(Sabir)
Azərbaycan camaatının çoxu şiə müsəlmanlarıdır və bu camaat üçün hazırda məhərrəmlik ayı başlamışdır. Əslində bu ay başqa aylardan fərqli olaraq 30 gün deyil, 60 gün çəkir. 40 gün imamların yasını saxlayırlar, 10 gün qabaqdan ağlaşma olur, 10 gün də axırdan. Niyə belə olur, izah eləməyə uzun vaxt lazımdır, bilsəniz gələn məhərrəmliyə qədər yaddan çıxaracaqsınız, həm də nəyinizə lazımdır? Əsas odur mollalarımız, müctəhidlərimiz, üləmalarımız, şeyx və imamlarımız bunu bilsinlər. Qara camaat başını aşağı salıb duasını eləməli, yuxarıdan verilən göstərişləri yerinə yetirməlidir. Əks halda, cəhənnəmdə əqrəblər gəlib adamı qışqırdırlar.
Məhərrəmlik mərasimləri azı 150 ildir camaatımızın qabaqda gedənləri, maarifçiləri arasında müzakirə olunur. Mirzə Cəlilin, Əbdürrəhim bəy Haqverdiyevin, “Molla Nəsrəddin” jurnalının başına toplaşan dəyərli başqa yazarlarımızın bu temada onlarla, bəlkə yüzlərlə cızmaqaraları vardır. Deyiblər Kərbəla meydanı bugünkü Azərbaycandır, buyurun, onun üçün vuruşun. Deyiblər 1300 il qabaq Ərəbistan yarımadasında olmuş hadisənin yasını indiyə qədər çəkmək düz deyil. Xüsusilə bu ayda baş yarmaq, zəncir vurmağı kəskin tənqid ediblər. Hətta Mirzə Cəlil bir felyetonunda yarızarafat-yarıgerçək iddia edib ki, guya məhərrəmlikdə zəncir vurmağı… qarabağlılar kəşf eləyibdir. Guya İbrahim xanın vaxtında bir qrup qarabağlı gənc hansısa qələti edibmiş, cəzadan gizlənirmişlər. Bir gün xanın vəziri Molla Pənah Vaqifin məsləhətiylə hansısa təntənəli mərasim zamanı bu gənclər ağ geyinib, sinə döyərək, zəncir vuraraq xanın qabağından keçirlər, xan da bunu xoşlayıb onların günahını əfv edir. Sonradan bu mərasim el adətinə çevrilir. İndi də zəncirə, sinədöyməyə, matəmə mənfi münasibət qalır, bəziləri adamları qanvermə aksiyalarına dəvət edirlər.
Məncə, klassiklərimiz məhərrəmliyin Azərbaycan xalqı üçün ictimai-siyasi, sosial-fiziki əhəmiyyətini dərk etmirdilər. Bizə zəncir vurmaq, ağlamaq olduqca vacibdir. Misal üçün, hazırda toylarda iki aylıq fasilə yaranıb. Görün bu nə qədər önəmli nəfəslikdir! Yoxsa hər gün ölkə boyunca toylarda kütləvi davalar, başında boşqab sınan bəylər, təpik altında qalan gəlinlər, şişlənən qudalar, doğranan yengələr və sairə haqda xəbərlər gəlirdi. Rəsmi statistika vardır: bir il ərzində Azərbaycanda toylarda axıdılan qanın miqdarı məhərrəmlikdə başını yaranların axıtdığı qandan 1300 litr çoxdur! Tək davalarla iş qurtarmır, toylarda verilən zir-zibil yeməkləri, vaxtı keçmiş, itin qabağına atsan itin yemədiyi qidalar üzündən hər həftə azı 2-3 kütləvi zəhərlənmə xəbərləri alırıq. Hansısa oliqarx məmurun, nazirin, deputatın, rəisin saxladığı şadlıq sarayına pul qazandırmaq üçün insanlar aylıq maaşlarından yüzlərlə manatı “uf” demədən axıdırlar. Desən gəl bu əlli, yüz manata bir yetimə kitab, dəftər-qələm alaq verək, hamısı ağzını əyər. Ancaq bambılı toy mərasimlərimizə qaça-qaça yazdırırlar. Üstəlik, azı iki ay bu evlənməyən erkək və dişi cütlüklərin dünyaya yeni uşaq gətirməsi ehtimalı da sıfıra yaxınlaşır. Bundan yaxşı nə ola bilər? İmamlara xalqımızın yolunda şəhid olduqları üçün şəxsən öz adımdan minnətdarlığımı bildirirəm. Zilləti ilə barışan toplumun artması günahdır.
Məncə, iki ay yas azdır, nəsə səbəblər tapıb məhərrəmliyi ilin qalan on ayına da uzatmaq çox yaxşı olardı. İndi söz əlaqədar təşkilatlarındır. Siz bunu bacararsınız.