Minval.info əməkdaşı bir ildir ki, yaşıl meydanlardan kənarda qalan futbol üzrə milli komandamızın sabiq hücumçusu 30 yaşlı Vaqif Cavadovla həmsöhbət olub. Müsahib idmançı yaşının çox olmasına baxmayaraq iddialı danışıb. V.Cavadov həmçinin yerli klublarla bağlı ironik münasibət bildirməsi diqqətdən yayınmayıb. İşinin yalnız futboldan ibarət olduğunu söyləyən futbolçu yaxın günlərdə karyerasında sürpriz olacağını istisna etməyib.
Həmin müsahibəni təqdim edirik:
– Vaqif, karyeranda vəziyyət nə yerdədir?
– Bildiyiniz kimi, hazırda klubsuzam, amma sərəncamdayam. Yaxın zamanda yeni klubda görəcəksiniz.
– Azərbaycan klubudur yoxsa xarici?
– Çox güman ki, xarici komandalardan biri olar. Azərbaycandan hələ ki, real təklif yoxdur.
– Fiziki durumunuz necədir?
– Gördüyünüz kimi həminki, Vaqifəm. Nə kökəlmişəm, nə arıqlamışam. Həftədə 3-4 dəfə məşq edirəm, inşallah, yaxşı olacaq.
– Siz, muasir Azərbaycan futbolunda yetəri qədər tanınmış, bir çox uğurlara nail olan biri kimi, Premyer Liqanın və futbolçuların hazır ki, vəziyyəti sizi qane edir?
– Mənim kimi oyunçu bu gün kənardadırsa, Premyer Liqada 8 klub, hərəsində 30 futbolçu varsa, Vaqif yoxdursa, demək ki, güclüdürlər. Belə görünür, yəni…
– Dəvətin olmaması sizə pis təsir etmir ki?
– Xeyr, niyə pis təsir etsin? Hər komandada mənim kimi oyunçu varsa – milli səviyyəsində, o zaman olsun. Hər biri Vaqifdən üstündürsə, olsun. Klublara və futbolçulara uğurlar arzu edirəm.
– Yaş çox deyil. Cəmi 30 yaş. Cavadov böyük futbolda yenidən sözünü deyə bilər?
– Mən 1 il əvvəl, “Keşlə” yə qayıdanda öz sözümü demişəm. Mənim üçün problemi yoxdur. Futbolçu gərək hər zaman özünü sübut etsin, Vaqif həmişə sübut edir.
– Bayaq söylədiyiniz kimi futbolda deyilsiniz. Əlavə hansısa işlə məşğulsuz?
– Bizim futboldan başqa heç bir işimiz yoxdur.
– Məşqçi kimi təklif almısınız? Hazırda dəb halını almaq üzrədir, karyeranı erkən bitirib, məşqçi olmaq.
– Xeyr, istəmirəm. Futbol oynamaq istəyirəm, hələ ki gücüm yetəri qədərdir.
– Heç yerdə işləmirsiniz, ailəni dolandıra bilirsiniz?
– Şükür, hər şey qaydasındadır. Ailəmi dolandırıram, Allahın izni ilə hər şey yaxşı olar.