Səlcuqlar yeni qurulmuş bir dövlət idi. Qəznəvilər dövlətini tarix səhnəsindən silərək, yeni dövlət quran türklər Şərqi Roma dövləti ilə qonşu oldu.

Bizans Anadoluya siyasi cəhətdən hakim olsa da, bu ərazidə sosial və mədəni cəhətdən Roma sivilizasiyasına tabelik yox idi. Ermənilər, kürdlər, gürcülər, abxazlar, slavyanlar və bulqarlar, peneçeqlər və oğuz türkləri Roma dövlətinə muzdlu əsgər kimi xidmət edirdilər.

Səlcuqlar müharibədən əvvəl Şərqi Romaya kəşfiyyata çıxır, bərəkətli və zəngin Anadolu torpaqlarını ələ keçirmək istəyirdilər.

Müharibənin səbəbləri

Şərq sərhədində ortaya çıxan və getdikcə artan türk-islam təhlükəsi Roma sarayını təşvişə salmışdı. Amma səlcuqlu orduları xalqa zülm etmir, soyğunçuluqla məşğul olmurdu. Onların hədəfi Bizans əsgərləri idi. Bu siyasət isə Anadoluda müsbət tendensiyalarla müşayiət olunurdu.

Bizansın vəziyyəti

Ölkəni dul imperatriçə Eydoksiya idarə edirdi. Dul qadının ərə gedəcəyi şəxs Bizans imperatoru olacaqdı. Saray əyanları ölkədəki boşluğu doldurmaq, yeni imperator seçmək üçün bir çox namizəd göstərdilər. Amma imperatriçənin könlü həbsdə olan sərkərdə Roman Diogeni tutmuşdu. 1068-ci ildə sərkərdə dul kraliça ilə evlənərək imperator oldu.

Roman Diogen X Konstantin Dukasın oğullarını taxtdan endirmək üçün plan hazırladığı üçün həbsə atılmışdı.

Eydoksiya isə sərhəddə artan türk təhdidinə qarşı ölkənin bir hərbçi tərəfindən idarə edilməsini üstün tutdu.

Səlcuqluların vəziyyəti

Bu illərdə Səlcuq kəşfiyyatçıları Qars, Ege, hətta Mərmərə dənizinə qədər irəliləmişdi. Roman Diogen hakimiyyətə keçdikdən sonra səlcuqlu kəşfiyyatının qarşısını almaq üçün səfərlər təşkil etdi. 1068-ci ildə Qars, 1069-cu ildə Pozantı və Palu, 1070-ci ildə isə Kayseri nəzarətə götürüldü.

Bu dövrdə Səlcuqlar dövləti Fatimilər üzərinə hücuma hazırlaşırdı. Suriyada olan Alp Arslan ordularını Misirə tərəf hərəkətə keçirdi. Roman Diogen isə uzun müddətdir hazırlıq gördüyü Şərq səfərinə hazır idi və imperiya ordusundan əlavə, frank, norman, slavyan, gürcü, abxaz, kürd, peçeneq və oğuzlardan ibarət muzdlu ordu da hazırlamışdı.

Savaş ərəfəsində

Səlcuqlara qarşı səfərə çıxan Roman Diogenin ordusu güclü idi. Onun hədəfi isə Şərqdəki bütün islam dövlətləri idi. Özündən çox razı olan imperator artıq Xorasan, Rey, İraq Əcəmi, Ərəbistan və Suriya şəhərlərinin idarəçiliyini sərkərdələri arasında bölüşdürmüşdü.

Sivas şəhərinə gələn Diogen erməni şahzadələri və camaatı qətlə yetirdi və əsgərlərinə erməni kəndlərini qarət etməyə icazə verdi.

Savaşdan əvvəl strategiya qurmaq üçün iki plan təklif edildi. Roma ordusunun ən təcrübəli sərkərdəsi general Nikofer Brayennes və türk əsilli general Magistors Tarxalın təklif etdiyi plana əsasən, türklərə qarşı tədbirli və ehtiyatlı hərəkət etmə, Ərzuruma qədər irəlilədikdən sonra burada düşərgə qurmaq, türkləri qıcıqlandıraraq onları Roma ərazisinə çəkərək savaşı burada aparmaq lazım idi.

Bir çox general bu planı qorxaqlıq adlandırdı və sürətlə hərəkət edərək İrana girməyi, müharibəni Səlcuq torpaqlarında apararaq sürətli nəticə əldə etməyi təklif etdilər. Roman Diegon isə ikinci planı bəyəndi.

Alp Arslan Roma ordularının hərəkətə keçdiyini öyrəndiyi üçün Misir səfərini yarımçıq qoyaraq, ordusu ilə yola çıxdı. Hazırlıq üçün kifayət qədər vaxtı olmadığı üçün sultan Rey şəhərində düşərgə saldığı barədə şayiələri casusları vasitəsilə yaymağa başladı. Özü isə Muşa doğru hərəkət etdi və Malazgird vadisində düşərgə qurub hazırlıqlara başladı.

Sultan vəziri Nizamül-Mülkü Həmədana göndərdi. Məqsəd hər hansı bir problemin qarşısını almaq, ehtiyac duyulduğu anda əsgər göndərmək idi.

Eyni zamanda, Bizans ordusunun gücünü öyrənmək üçün kiçik bir dəstə ilə bizanslılara hücum edildi. Bu kəşfiyyat nəticəsində Bizans sərkərdəsi Basilakes həbs olundu. Ondan alınan məlumatlara görə, Bizans ordusunda 200 min əsgər var idi. Sultan gənc və dimanik ordu qurmuşdu. Süleyman Şah, Mansur, Porsuq, Bozan və Sav Təkin kimi istedadlı komandirlər orduya rəhbərlik edirdi.

Roma ordusu isə Alp Arslanla Rey şəhərində üz-üzə gələcəyini düşünüb səfər istiqamətini dəqiqləşdirmişdi. Alp Arslan adət-ənənəyə uyğun olaraq Sav Təkini bir heyətlə imperatorun yanına elçi kimi göndərdi. Elçilər Bizansın lehinə olmayan sülh təklifi etdi. Bu təklif, əslində, vaxt qazanmaq və düşmənin niyyətini öyrənmək məqsədi güdürdü. Təxmin edildiyi kimi, Roman Diogen elçilərə bu cavabı verdi:

“Sülh müzakirələri Rey şəhərində aparılacaq. Əsgərlərimlə İsfahanda qışlayıb, atlarımı Həmədanda sulayacam”.

Elçilər də imperatora bu cavabı verdilər:

“Atlarınızın qış fəslini Həmədanda keçirəcəyindən əminik, amma sizin bu zaman harda olacağınızı bilmirik”.

Artıq müharibənin qaçılmaz olduğunu hər iki tərəf başa düşmüşdü. Alp Arslan da bu müddət ərzində hazırlıqları tamamlamış, savaşa hazır vəziyyətdə düşməni gözləyirdi.

Tərəflərin hərbi gücü

Bəzi mənbələrə görə, Bizans ordusu 70 min, Səlcuqlu ordusu isə 40 min əsgərdən ibarət idi. Bəzi mənbələr Səlcuqlu ordusunun 70 min, Bizans ordusunun isə bir milyona yaxın olduğunu qeyd edir. İstənilən halda, Bizans ordusunun Səlcuqlu ordusundan daha güclü olduğu məlumdur.

Bizans ordusunda İslamı qəbul etməmiş peçeneqlər və oğuzlar da var idi. Alp Arslan casuslar vasitəsilə bu türk tayfalarına xəbər göndərib ona qoşulmağı təklif etmişdi. Onun təklifi qəbul edilmiş, peçeneqlər və oğuzlar savaş zamanı səlcuqlu ordusuna qoşulmuşdu.

Digər versiyaya görə, sabah saatlarında Səlcuq ordusunda nərələr və qopuz səsi peçeneq və oğuzların diqqətini cəlb etmiş, qarşı tərəfdə eyni soydan olan türk ordusu olduğu anlaşılmış və bu xristian türk tayfaları Alp Arslanın ordusuna qatılmışdı. Savaşın taleyini həll edən səbəblərdən biri də bu olmuşdu.

Bizans ordusu üç istiqamətdən hücum hazırlamışdı. Alp Arslan isə qədim türk adətinə uyğun olaraq Bozqurd taktikasından istifadə etmək qərarına gəldi. Beləcə, Bizans ordusu qısqaca alınaraq, darmadağın edilməli idi.

26 avqust 1071-ci ildə iki ordu üz-üzə gəldi. Alp Arslan ağ geyimdə ağ atın üstündə məğrurcasına durmuşdu. O, ox və yayı çıxarmış, qılıncını qurşanmış və qalxanını çiynində tutmuşdu. Bu isə sultanın da müharibədə əsgər kimi iştirak edəcəyinə işarə idi.

Sultan sərkərdələri ilə halallaşdı, həlak olarsa, yerinə oğlu Məlikşahı təyin etdiyini bildirdi. Əsgərləri ilə namaz qılan sultan qələbə üçün Allaha dua etdi. Namazdan sonra savaş başladı.

Ordunun əsas qüvvələri sağ və sol cinahda idi. Bu dəstələr müharibə meydanının yan tərəflərində yerləşən təpələrdə mövqe tutmuşdu. Bir böyük dəstə isə mühasirə zamanı hərəkətə keçərək düşmən ordusuna arxadan zərbə endirməli idi.

Savaş başladıqdan sonra Sultan Bozqurd taktikasına əsasən ordunu geri çəkdi. Roman Diogen isə var qüvvəsi ilə mərkəzə tərəf hücuma keçdi. Türklərin strategiyasından xəbəri olmayan Bizans ordusu bir müddət sonra mühasirəyə düşdü və böyük məğlubiyyətə uğradı.

Peçeneqlərin və oğuzların da Səlcuqlu ordusunun sıralarına qoşulması Bizans ordusunun vəziyyətini daha da çətinləşdirdi. Artıq qaçan qaçmış, qaça bilməyənlər ya məhv edilmiş, ya da əsir alınmışdı. Əsirlərin içində Bizans imperatoru Roman Diogen də var idi. Savaşın ertəsi günü Bizans sərkərdəsi və imperatoru Alp Arslanın hüzuruna gətirdilər. Alp Arslan dedi:

– Sizə nə edəcəyimi təxmin edirsiniz?

İmperator cavab verdi:

– Məni ya öldürəcəksiniz, ya da boğazıma zəncir vurub İslam ölkələrini gəzdirəcəksiniz.

– Sizə əsir yox, böyük hökmdara layiq olan hörməti göstərəcəm. Mən qələbə əldə edəcəyim təqdirdə sənə qarşı xoş davranacağıma söz vermişdim.

Həqiqətən də, Alp Arslan Romana qarşı xoş niyyət nümayiş etdirdi. Sultan əsir imperatora 10 min dinar yol xərci verərək sərbəst buraxdı.

Sultanla imperator arasında imzalanan müqaviləyə görə, Bizans xəzinəsi 1.5 milyon qızıl pul verdi. Bundan başqa, Bizans dövləti Səlcuqlara hər il 360 min qızıl pul ödəməli, müsəlman əsirləri sərbəst buraxmalı idi.

Amma Roman Bizansa çatanda artıq taxta Mixaelin çıxdığını öyrəndi. Diogen tutularaq gözlərinə mil çəkildi və bir müddət sonra həbs edildiyi monastrda iztirabdan öldü.

Qələbənin nəticələri

Malazgird qələbəsindən sonra türklər yenidən Anadoluya qayıtdılar. 1077-ci ildə Anadolu Səlcuqlu dövləti quruldu. Bu dövlət Xorasandakı Böyük Səlcuqlu İmperiyasına tabe idi.

Загрузка...