Müdrik adam başqadır. İllərin təcrübəsi yığılır-yığılır və axırda, yaşlaşan adam ağıllı və savadlıdırsa, müdrik olur.

Elə adam var ki, cavanlığı bir zibil olmayıb deyə, qocalığı da fərqli olmur, bir də görürsən, 70 yaşı var, amma nəvəsi yerində uşaqlara qoşulub qumar oynayır və arada “yalançı oğraşdır” deyə cığallıq edir.

Amma yaşlaşdıqca müdrikləşən adamlar da var və onların başında qazaxların Elbaşı təxəllüslü eks-prezidenti Nursultan Nazarbayev gəlir.

Onun hələ on il öncədən sırf Dədə Qorqud dəstiri əlinə qopuz götürüb boy boyladığını əks etdirən bir şəkli vardı. Saz möhtərəmin əlinə, dizinə xub yaraşırdı. Elə o vaxtdan hiss olunurdu ki, adamın yönü dədəliyə doğrudur. Bu gün ona çəkinmədən Dədə Sultan və ya Nursultan dədə adı vermək olar.

Son illər həmişə müdrik-müdrik danışan Elbaşı bu günlərdə belə bir fikir bildirib: “Bu il bizim 28 yaşımız olacaq. Gəlin xatırlayaq, görək, biz hansı sistemdə yaşamışıq, nə olmuşuq, beyinlərimizdə nə olub? Biz gənc dövlətik, gənc demokratiyayıq və ABŞ-ın papağını geyinmək bizə yaraşmır”.

Əlbəttə, 20 il əvvəlki vaxtlarımız olsa, biz onun bu sözünü qılınc-qalxanla qarşılayardıq, deyərdik, ABŞ-ın özünün nəinki 28, hətta 3 yaşı olanda əməlli-başlı seçki-filan keçirirdi, demokratiya bərqərar edirdi.

Amma qəfildən adamın yadına düşəndə ki, ABŞ-ın qurucuları o demokratik seçkiləri ağ adamların arasında keçirir, qara adamları, ümumiyyətlə, insan sinfindən saymır, hinduları isə qırıb-çatıb rezervuarlara doldururdu, onda hiss edirsən ki, yox, bu ölkənin demokratiyasını idealizə eləmək olmaz. O da indiki vaxtına doğru 200 il yol gəlib.

Ötən əsrin 60-cı illərində olimpiya çempionu olmuş boksçu Məhəmməd Əlini ağ adamların olduğu barın qapısında saxlayıb, içəri buraxmayıb, zırın-zırın ağlatmamışdılarmı? Rəhmətliyin hirslənib körpüdən çaya tulladığı qızıl medal hələ də Oreqon çayının dibindədir. Bəs bu, necə demokratiya idi ki, çempionun adicə bara girmək, iki parç pivə hortlatmaq hüququ tanınmırdı?

Bax, Nursultan dədə “ABŞ-ın papağını geyinmək bizə yaraşmır” deyəndə belə şeyləri nəzərdə tutur, əl-əlbət.

Hər millətə öz papağı yaraşır. Necə ki, amerikalılar başlarına Buxara papaq qoyanda pis görünürlər, biz də başımıza uzun silindr qoyanda yaxşı görünmürük. İntəhası, biz uzun illər başımıza rus kepkası qoyduq və yaxşı yaraşdı. Hətta biz rus kepkasını daha da təkmilləşdirdik, böyütdük, onun “aerodrom” tipini yaratdıq və “kişilik atributu”na çevirdik. Sən bizə belə papaqlarla gəl.

Bax, odur, o ölkənin prezidenti Donald Tramp Danimarkaya səfərini təxirə salıb ki, mən sizdən Qrenlandiyanı istədim, vermədiniz, mən də sizin ölkəyə gəlmirəm.

Dünyanı belə adamlar idarə edir. Belə baxanda onun da az yaşı yoxdur, 70-i adlayıb. Trampın tay-tuşlarını orda-burda elçiliyə, qan barışdırmağa, ağsaqqallığa aparırlar, amma bu, hər gün bir ölkəylə, ya da öz ölkəsinin jurnalistləriylə, vətəndaşlarıyla dalaşır. Elə bir gün olmaz ki, misterdən bu cür xəbərlər gəlməsin. Belə adamın demokratiyasını örnək götürmək olarmı? Olmaz.

Ümid edək ki, ABŞ-ın başbilənləri nüvə çamadanını onun əlinə verməyiblər.

Nazarbayev isə başqadır, başa düşür ki, Qazaxıstan gənc dövlətdir, birdən-birə azad seçki keçirsə, düz gəlməz, Dursunbayevin bir hakimiyyətə gələr, gedər, böyüklərin “Diqlas”ını, “Realks”ını, “Riksos”unu möhürlətdirər, deyər, yaramazlar, dövlətə vergi vermirsiniz, ya da az verirsiniz, əslində 30 min verməlisiniz. Onda qanqaraçılıq olar.

Qırğızıstanda elə olmadımı? 30 ildir bir rəhbərin tabeliyində yaşayan qazaxlardan fərqli olaraq, qırğızlar bu 30 ildə 5 rəhbər dəyişiblər, ikisi qaçaqdır, biri türmədədir. Hiss olunur ki, qırğızlar ABŞ papağı qoymaq istəyirlər, amma alınmır.

Nə işdirsə, ABŞ-ın və digər qabağa getmiş ölkələrin papağı türk dövlətlərinin başına olmur. Biz o dövlətlərin avtomobillərini minirik, təyyarələrində uçuruq, kompüterlərini işlədirik, “Ayfon”larında danışırıq, bütün elmi-texniki nailiyyətlərindən yararlanırıq, amma onlar deyəndə ki, “siz də bizim kimi edin, xoşbəxt olun”, deyirik, yox, bizim öz yolumuz var, sizin papağınız bizə lazım deyil.

Nursultan dədə də yaxında deyil ki, bu kimi mətləblərə dair sual verək, cavab alaq.

Загрузка...