Elçin Əlibəyli ilə Lalə Məmmədova arasında QALMAQAL - VİDEO

Tanınmış teleaparıcı Elçin Əlibəyli Murad Arifin “Popumuz var!” layihəsində qalmaqallı açıqlamalar verib.

BAKU.WS xəbər verir ki, Əlibəyli keçən il Maral Tahirqızı ilə qalmaqalda ona qarşı kampaniyada iştirak edən əməkdar artist Lalə Məmmədova barədə sərt fikirlər səsləndirib.

O, ad çəkmədən sənətçini saxtakarlıqda ittiham edib:

“Maral Tahirqızını lağa qoyub, onu oynadıb, kabinetlərə çağırıb, başına oyun açıb videoya çəkib paylaşan şərəfsizlər indi bir Azərbaycan qadınının müdafiəçisinə çevrildilər. Əxlaqında kasadlıq olan, özündə problem olan, hətta bəzi müğənniciklər onlara qoşuldular.

Biri də var, həm müğənnidir, həm alim. İnsan hər gün toydadır, mahnı yazdırır, klip çəkdirir, uşaq böyüdür, vaxt tapır bir dəfə boşanır da, üstəlik, elmi məqalalələr də yazıb, elmlər namizədliyini müdafiə edib. Bütün bunları necə çatdırıb, bilmirəm. Saxta müğənni olduğu kimi, saxta alimdir və saxta da fikirlər söyləyir. Necə ki, fəaliyyəti bütövlükdə saxtadır. Ümumiyyətlə, bütün yaradıcılığı kserokopiyadan ibarətdir. Azərbaycanın çox məşhur müğənnisinin, böyük sənətkarının oxşarıdır. O, oxuyanda hamıya elə gəlir ki, başqası oxuyur”.

Məmmədova Əlibəylinin “Popumuz var!” proqramında onu tənqid etməsinə belə münasibət bildirib:

“Söhbət məndən gedirsə, o zaman qorxmasınlar, adımı çəksinlər, dediklərinin arxasında durub, sübuta yetirsinlər, məhkəmədə görüşək.

Zamanında heç kəsdən qorxmadım, gördüyüm hadisəyə münasibətimi bildirdim, heç kəsin şəxsi işinə qarışmadan sözümü ünvanına, sahibinə qadınlığımla açıq-aşkar dedim. Lazım gələrsə, nəinki Maral, bütün haqları tapdanmış qadınların arxasında durub, yenə də sözümü deməyə hazıram!

İllərdir xalqıma və incəsənətimə vicdanla xidmət etdim, oxuduğum mahnıların vergül nöqtəsinədək ehtiyatla yanaşdım, bəziləri kimi əsrlərdən bu günə gəlib çıxan xalq mahnımızı illərdir analarımızı gözüyaşlı qoyan, torpaqlarımızı işğal edən, 1 milyondan çox azərbaycanlını evindən didərgin salıb, qaçqın edən bədxah ermənilərin dilində oxumadım!”.

Xatırladaq ki, ötən il Elçin Əlibəylinin özünün “El bizim, sirr bizim” verilişində Maral Tahirqızını qovması narazılıqla qarşılanmışdı. Bu hərəkətinə görə Əlibəylini tənqid edənlər arasında əməkdar artist Lalə Məmmədova da var idi. Maral Tahirqızının müdafiəsinə qalxan Məmmədova jurnalist Azər Qismətin mövzu ilə bağlı “Elçin Əlibəylinin təhqiri mənə Maral Tahirqızını sevdirdi” məqaləsini paylaşaraq bunları yazmışdı:

“Son günlər efir məkanında baş verənlər onsuz da ürəkaçan deyil. İndi işıqlandıracağım mövzu son damla oldu. Biz ata-babadan görmüşük ki, kimliyindən asılı olmayaraq qonağa hörmətlə yanaşarlar. Ancaq kim olursa olsun, çağırdığın qonağı təhqir etmək, verilişdən qovmaq, aşağılamaq nəinki olmaz, hətta deyərdim heç bir kişiyə yaraşmaz. Hələ bir qonaq qadındırsa. Uca Yaradan hamımızı insan olaraq yaratdısa da, verdiyi pay eyni olmadı. Zəka, ağıl, düşüncə, istedad təəssüf ki, hamımıza eyni miqdarda paylanmadı. Buna görə kimsə kimsədən özünü yuxarı-aşağı saymasın! Güclü olan qarşısındakı zəifə gücünü göstərməklə özünü qəhrəman saymasın! Düşüncələrimi nə gözəl ki, jurnalist dostumuz Azər Qismət qələmə alıb. Əsl ziyalı tənqidi! İstədim siz də oxuyasız”.

Загрузка...