Uyğun mövzuda yazdığım əvvəlki yazılarda bu əhvalatı bir dəfə qeyd etmişəm. Yenə yeri gəlib.

Çünki həmin problem hələ də aktualdır. Sosial şəbəkələrdə bu cür çağırışlar, tovlamalar, fırıldaqçılara inanan və zülm-zillətlə qazandığı pulları əlindən qapdıranlar qaldıqca, bu cür yazıları yazanlar da olmalıdır ki, heç olmasa, üç aldanandan birini yanlış yoldan döndərmək mümkün olsun.

Tovlama çağırışların məzmunu belədir ki, az bal toplayaraq universitetə daxil ola bilməyən tələbələr üzülməsin, sızlamasın, onlar attestatlarını götürərək Ukraynanın, Türkiyənin, Dağıstanın universitetlərinə daxil ola, tələbə adını qazana bilərlər. Bundan otrü filan ofisə müraciət etmək lazımdır. Həmin ofisdə isə onlardan bir ətək pul alacaqlar.

Bu sövdənin, alış-verişin mabədinin iki variantı var: ya təhsil sövdəgərləri həqiqətən də attestatlı abituriyenti aparıb o fırıldaqçı universitetin tələbəsi edəcəklər, ya da pulları götürüb aradan çıxacaq, tələbə və valideynləri diyircəkli çamadanla küçənin ortasında qoyacaqlar.

Mənim yazacağım hadisə ikinci varianta aiddir. Amma birinciylə də bağlı xırdalanası söhbətlər var.

Hadisə belə oldu: 5-6 il öncə qonşunun ali məktəbə daxil olmaq istəyən oğlu “başı olsa da”, “cavabları sürüşdürdü” və lazımi qədər bal toplaya bilmədi. Ali məktəblərə qəbulun nəticələri açıqlanandan sonra həmin abituriyent barədə belə bir xəbər gəldi ki, heç də hər şey itirilməyib, uşaq Türkiyədə Giresun universitetinə qəbul oluna bilər, Anar adlı bir adam onlara və bir xeyli adama söz verib.

Məndən bu barədə rəyimi soruşdular, bir kəlməylə “fırıldaqdır” dedim və əlavə etdim ki, attestatla qəbul olunub oxuyan tələbənin diplomunu tanımırlar, havayı yerə özünüzü xərcə salmayın, uşağa əziyyət verməyin. Dinləmədilər. Proses getdi. Məsələnin mabədindən bir də yeni tədris ili başlananda xəbər tutdum. Məlum oldu ki, universitetə qəbul olunduğu haqda Türkiyədən gəlmiş qırmızı möhürlü, surğuclu, qırmızı qaytanlı məktubu götürüb Giresuna yola düşmək üçün lazımi yerə – “tədris ofisi”nə gedən gənc görüb ki, ofisin qapısından qıfıl asılıb və onlardan başqa burada 50-60 aldadılmış valideyn və “tələbə” var. Təbii ki, abituriyentləri “tələbə” edən şəxsin telefonuna zəng çatmayıb, onu “gördüm” deyən olmayıb. Valideynlərdən bir xeylisi Anar adlı şəxsə qapdırdıqları 5 min manatdan vaz keçiblər, adlarının hallanmasını, fırıldağa məruz qalmalarının faş olmasını istəməyiblər.

Amma mənim qonşum kimi pul-parasını ağır zəhmətlə qazanan, yeganə dərdi övladlarına təhsil vermək olan adamlar bu qərara gəliblər ki, fırıldaqçını boş buraxmasınlar.

Bir axşam qonşu məni evinə dəvət etdi, dərdini danışdı, hüquq-mühafizə orqanlarına şikayət etdiyini, bu barədə yazmağımın işin xeyrinə olacağını dedi. Yazdıq. Üstündən iki həftə keçmiş xəbər gəldi ki, fırıldaqçını tutublar. Üzləşdirmə zamanı bu adam aldatdığı valideynlərdən aldığı pulları qaytaracağına söz verib. O da məlum olub ki, aldadılmış 60 nəfərdən yalnız 7-8-i şikayətçidir və pullarını geri istəyir. Qalanları isə şikayət ərizə verməyib. Anar bu söhbəti qəzetə çıxarılmasından da danışaraq deyib ki, heç nə olası deyil, bir-iki il yatıb çıxacaq və öz fəaliyyətini davam etdirəcək.

Qonşum əlindən verdiyi 5 min manatın təxminən 4 mindən artığını ala bildi və çox məmnun qaldı. Onun oğlu öz bacardığı işin dalınca getdi və hazırda ticarət sektorunda uğurlu fəaliyyətlə məşğuldur. Fırıldaqçı isə camaatdan qapazladığı 250-280 min manat arasında pulun 30-40 minini zərərçəkənlərə, bir o qədərini bu işi “araşdıranlar”a sərf etdi, bir hissəsini isə “içəridəki yaxşı oğlanlar”a sərf etdi, 1-2 il yatıb-çıxdı. Hardan baxsan, adam 100-150 min qabağa düşmüşdü. Yəqin ki, o, 1-2 il yatıb-çıxmağı gözə alaraq hələ də o işlə məşğuldur.

Aldanmağa meyilli adamlar hələ də çoxdur. Bundan daha pisi isə elə fırıldaqçılara 10-15 min dollar “qəbul pulu” verən, gerçəkdən də “kitayski universitet”ə girən, 4 ildə 20-30 min dollar xərcləyib diplom alan və axırda o saxta, tanınmamış karton parçasıyla ortalıqda qalanların aqibətidir.

Hamının ali təhsil almasına ehtiyac yoxdur. Bu, heç lazım da deyil. Və ali təhsilin insanın güzəranına o qədər də təsiri yoxdur. Yaxşı sənətkar, zəhmətkeş (maşın ustasından tutmuş ta santexnikə qədər) olmaqla yüz min ali təhsilli adamdan yaxşı qazanmaq, yaxşı da dolanmaq olur.

Загрузка...