Ulduzu erkən parlayıb erkən sönmüş futbolçular
Adriano
2000-ci illərin əvvəllərinə damğa vurmuş Adriano Leita Riberiyo ölkəsi Braziliyanın ən güclü futbolçularından biri sayılırdı. Kariyerasına “Flaminqo” klubunda başlayan hücumçunun ulduzunun parladığı klub isə İtaliya təmsilçisi “İnter” oldu. Əfsanəvi zərbələri ilə hər kəsin rəğbətini qazanmış ulduz futbolçunun tənəzzülünə aludəçisi olduğu spirtli içki və narkotik vasitələr səbəb olmuşdu. “İnter” rəhbərliyi ilə yaşadığı anlaşılmazlıqlardan sonra klubdan ayrılan Adriano bir çox klubda çıxış etsə də, bir daha əvvəlki performansını geri qaytara bilmədi.
Adrian Mutu
Ruminya futbolunun yetişdirdiyi ən bacarıqlı futbolçulardan biri olan Adrian Mutu kariyerasına 1996-cı ildə ölkəsinin “Argeş Piteşti” klubunda başladı. Oynadığı mükəmməl futbolla İtaliya klublarının diqqət mərkəzinə düşən hücumçu 2000-ci ildə İtaliyanın nəhəng klublarından “İnter”-ə transfer oldu. Burada özünü doğrulda bilməyən gənc futbolçu “Verona” klubuna icarəyə göndərildi. Daha sonra “Parma” klubuna satılan Mutu göstədiyi əla oyunla “Çelsi” klubunun diqqətini cəlb etdi. “Çelsi”-yə transferi Mutu üçün uğursuz oldu və narkotik vasitə qəbul etdiyi üçün 7 ay yaşıl meydanlardan uzaqlaşdırıldı. Cəzası bitdikdən sonra yenidən İtaliyaya qayıdan Mutu “Yuventus” klubu ilə müqavilə imzaladı. Tez-tez “Yuventus” rəhbərliyi ilə qalmaqallı mübahisələri ilə gündəmə gələn futbolçu burda da uğursuzluğa düçar oldu. Sonralar inamsız çıxışları ilə alt səviyyəli klublarda oynayan Mutu etdiyi səhvlər nəticəsində gözlənilən yüksəlişi əldə edə bilmədi.
Mario Balotelli
Qana əsilli italiyalı futbolçu Mario Balotelli uşaq yaşlarında göstərdiyi əzmkar oyunla gələcəyin ulduz futbolçularından biri olacağını göstərirdi. 2007-ci ildə “İnter” klubu ilə müqavilə imzalayan Balotelli onu komandaya gətirən baş məşqçi Roberto Mançini ilə yola gedə bilmədi və uzun müddət heyyətdən uzaqlaşdırıldı. Joze Mourinyonun kluba gəlməsindən sonra bir müddət əsas heyyətdə oynasa da, gözlənilən nəticəni verə bilmədi. Televizya kanallarının birində “Milan” azarkeşi olduğunu deməsi onun “İnter” kariyerasını bitirən əsas səbəb oldu. 2010-cu ildə “Mançester Siti” klubuna keçidi baş tutan Balotelli həmin ilin avqustunda ilk dəfə İtaliya millisində debüt etdi. İngiltərə klubunda keçmiş baş məşqçisi Mançini ilə məşq zamanı etdiyi dava onun İngiltərə kariyerasının sonu oldu. Daha sonralar “Milan” və “Nits” kimi klublarda çıxış etmiş Mario Balotelli hal-hazırda Fransanın “Marsel” klubunun şərəfini qoruyur. Kariyerası boyunca irqçi təzyiqlərlə mübarizə aparan futbolçu intizamsız xarakteri ilə oynadığı heç bir klubda uzun müddət qala bilmədi.
Arda Turan
“Qalatasaray” klubunda ulduzu parlayan türkiyəli futbolçu Arda Turan göstərdiyi oyunla bir-çox Avropa klubunun diqqət mərkəzinə düşməyi bacardı. 2011-ci ilin yayında 12 milyon avroya İspaniyanın “Atletiko Madrid” klubuna transfer olan gənc ulduz burada göstərdiyi əzmkar oyunla azarkeşlərin rəğbətini qazandı. “Atletiko Madrid” forması ilə UEFA Avropa liqasını qazanan Arda performansı ilə daha böyük klublarda oynaya biləcəyini sübut etdi. 2015-2016 sezonunda adı “Çelsi”, “Manchester Yunayted”, “PSJ” kimi klublarla hallanan türkiyəli ulduz 41 milyon avroya “Barselona”-ya transfer oldu. “Barselona” tarixinin ən bahalı 4-cü futbolçusu olan Arda Turan burada çıxış etdiyi 2 illik müddətdən sonra “Barselona” tərəfindən “Başakşehir” klubuna icarəyə verildi. Arda Turanın Türkiyə-Makedoniya matçı sonrası təyyarədə bir jurnalistlə yaşadığı söyüşlü mübahisə zamanı jurnalistin boğazını sıxaraq fiziki təyziq göstərməsi Türkiyə mediasında geniş səs-küyə səbəb oldu. Bundan sonra verdiyi açıqlamada etdiyi hərəkətdən peşman olmadığını bildirməsi pərəstişkarları arasında etirazlarla qarşılandı. Daha sonralar bir-neçə dəfə buna bənzər qalmaqallarla adı hallanan Arda Turanın zirvədə olan kariyerası böyük tənəzzül yaşadı.
Robinyo
Möhtəşəm keçidləri və sürətli oyunu ilə bir zamanlar bütün futbol azarkeşlərinin sevgisini qazan Robinyonun gələcəyin ulduzlarından birinə çevriləcəyi heç kimdə şübhə doğurmurdu. Uşaq yaşlarında göstərdiyi oyunla əfsanəvi futbolçu Pele tərəfindən “Santos” klubunun alt yaş komandasına cəlb olunan Robinyo kariyerası boyunca gözlənilən performansı nümayiş etidirə bilmədi. “Santos” kariyerasına möhtəşəm başlayan Robinyo 3 il sonra 24 milyon avro qarşılığında İspaniya nəhəngi “Real Madrid”-ə transfer oldu. Kral klubunda əfsanəvi Luis Fiqonun geyindiyi 10 nömrəli formanın sahibi olan Robinyo çıxış etdiyi 3 sezonda 2 “La liqa” çempionluğu qazandı. 2008-ci ildə 42 milyon avroya “Mançester Siti” klubuna transfer edildi. İngiltərə klubunda ilk zamanlar gözlənilən performansı göstərsə də sonralar tez-tez zədələnməsi və zəif oyunu ilə əsas heyyətə düşməyi bacarmadı. 2010-cu ilin yayında “Milan”-a keçidi rəsmiləşdi. Burada ilk sezon İtaliya liqası çempiyonu olan klubuna böyük töhfələr versə də, daha sonralar uzun müddətli zədələnmələr Robinyonun kariyerası üçün sarsıdıcı oldu. Sonrakı illərdə “Milan”-nın yaşadığı uğursuz çıxışların əsas səbəbkarlarından biri kimi göstərilməsi klubdan ayrılması ilə nəticələndi. Ölkəsinə qayıdan Robinyo futbola başladığı “Santos” klubu ilə müqavilə imzaladı. Kariyerası boyunca tez-tez yaşadığı zədələr, zəif xarakteri və yanlış seçimləri Robinyonu tez parlayıb tez sönən ulduz futbolçulardan biri etdi.
Roke Santa Kruz
Ulduzu “Bavarya”-da parlayan paraqvaylı hücumçu Roke Santa Kruz gənc yaşlarında gələcəyin ulduzlarından biri kimi göstərilirdi. Göstərdiyi oyunla bir çox klubun gündəmində olan Santa Kruz 2009-cu ildə 17 milyon funt-sterlinqə “Mançester Siti” klubuna transfer oldu. “Mançester Siti” kariyerası uğursuzluqla nəticələnən paraqvaylı hücumçu tez-tez zədələnməsi ilə gündəmə gəldi. Klubda 4 il ərzində cəmi 20 oyuna çıxa bildi və 3 qol vurdu. Sonrakı illər “Real Betis” və “Malaqa” kimi klublarda çıxış edən Santa Kruz gözlənilən yüksəlişi əldə edə bilmədi.
Minval.info