Dönüb-dolaşıb sıfır nöqtəsinə gəlirik və hər dəfə təəccüblənir, hiddətlənirik. Erməni siyasətçi və hərbçilərinin hər iddialı danışığı, sərsəm bəyanatı bizi özümüzdən çıxarır.
İnsanlarımızın Qarabağ məsələsinə bu sayaq həssaslığı əslində normal və alqışlanasıdır. Bu, onu göstərir ki, biz əzəli torpağımız olan Qarabağı unutmamışıq və onu düşmənə güzəştə getməyi düşünmürük. Hətta ömründə o torpağl görməyən 25-30 yaşlı gənclər də erməni liderlərin sərsəm danışıqlarına emosional reaksiya verirlərsə, demək, “yaddan çıxdı Qarabağ” şivəni qoparmaq yersizdir.
Bizim dönüb-dolaşıb gəldiyimiz sıfır nöqtəsi isə odur ki, düşmənə qarşı bu qədər nifrət və hiddətə rəğmən Qarabağda hərbi əməliyyatlara, daha dəqiqi, müharibəyə başlamamağımızın səbəbi 20 və 10 il öncə nə idisə, yenə də odur, dəyişməyib.
İndiyə qədər bu cür açıqlamalar və kütləvi hiddətlənmələr çox olub, hələ bundan sonra da olacaq. Çünki Ermənistan dövlətini, separatçı “DQR” rejimini idarə edənlər, klişe ifadə ilə desək, burunları ovulmayınca, güclü zərbə almayınca, bu provakativ ritorikalarını davam etdirəcəklər.
O dövlət və onun himayə etdiyi separatçı vilayət bizə düşməndir, sülhə gəlmək fikirləri yoxdur və gedişat göstərir ki, olmayacaq.
Xatırlayırsınızsa, Nikol Paşinyan hakimiyyətə yeni gəldiyi vaxtlarda özünü “sülh göyərçini” kimi aparırdı və onun səmimiyyəti şübhə doğurmurdu. Hiss olunurdu ki, adam ölkəsinin hansı girdabın dibində olduğunu başa düşür və onun bu girdabdan çıxması üçün düşmənçilik apardığı qonşularla münasibətini qaydaya salmasını yeganə çıxış yolu sayır.
Paşinyanın bir sıra bəyanatları, atdığı addımlar onun Qarabağ münaqişəsi məsələsində sələfi Sərkisyandan fərqli, konstruktiv mövqe tutacağına işarə verirdi.
Ancaq o, yavaş-yavaş dəyişdi və indi özünü Sərkisyandan, Köçəryandan daha artıq Qarabağpərvər kimi aparır. Ona görə ki, Paşinyan buna məcburdur. İndi o, Ermənistanı girdabın dibindən çıxarmaq dərdi çəkmir, öz hakimiyyətinin uçuruma getməsinin qarşısını almağa çalışır.
Onu bu duruma erməni maksimalizmi və aqressiyası gətirdi. Ermənistan ictimaiyyəti bütövlükdə götürsək, heç bir məsələdə qarşısındakına güzəşt getməyi sevməyən, buna hazır olmayan toplumdur. Paşinyan “sülh çağırışları” etdikcə gözdən düşdüyünün fərqinə vardı, valın o biri üzünü çevirib militarist olmağa qərar verdi.
Göründüyü kimi, hazırkı baş nazir Qarabağa Sərkisyandan və Köçəryandan da tez-tez gəlib-gedir, onlardan daha barışmaz, ifrat populist çıxışlar edir. Onun Qarabağdakı hərbçilərdən, ümumiyyətlə, Qarabağın erməni icmasından beli bağlı deyil, onlardan daima təhlükə gözləyir.
O, bir erməni millətçisidir. Zatən, Paşinyan gerçək demokrat, əsl liberal olsaydı, hakimiyyətə gələ bilməzdi. Çünki Ermənistan cəmiyyəti bir liberal-demokratı hamiyyətə gətirəcək tutumda deyil. Onun əsas favoriti hələ də millətçilər, qonşulara, ətraf dünyaya aqressiv iddialar irəli sürən siyasilərdir.
Belə bir durumda hərbi aqressiyaya məruz qalaraq zərərçəkən tərəf olduğumuza görə bizim emosional ovqata qapılmağımız təbiidir. Ancaq kütləvi şəkildə hiddətlənərkən reallıq hissini itirməmək lazımdır. Bu təkbətək döyüş deyil ki, azərbaycanlı güləşçi, cüdoçu, boksçu tatami üzərinə, rinqə çıxıb erməni rəqibini məğlub etsin (bildiyiniz kimi, bu sayaq yarışmalarda yüzdə 95 halda bizim idmançılarımız qalib gəlir). Bu, siyasətdir və onun çoxlu yazılmış və yazılmamış qayda-qanunları var.
Bu vəziyyətdə “biz güclüyük, basaq, gedək”, “hücum edib Xankəndini götürək”, “Paşinyanın dediyi bizə söyüşdür, cavabını sərt şəkildə, hərbi yolla verməliyik” kimi bəyanatlar qulağa xoş gələ bilər, amma bu kimi məsələlərdə əlində informasiyası çox olanlara, durumu hərətərfli analiz edənlərə, gerçəklikləri bütün çılpaqlığı ilə bilənlərə qulaq asmaq lazımdır.
Paşinyan və onun kimi danışanlar bilmirlər ki, dostluqdan-qardaşlıqdan, sülhdən, əski günlərə dönməkdən danışanda, biz yumşalır, hətta sıyılırıq, amma bu cür hikkəli, ötkəm ifadələr işlədəndə biz yarasının gözü qoparılmış kimi olur və hiddətlənirik. Bu ortamda sülh söhbəti torpağa gömülür.
Bir də hər dəfə bir erməni o tərəfdən bəri banlayanda burda döyülmüşlük, əzilmişlik kompleksinə qapılmaq, bir-birimizi ittiham etmək lazım deyil. Ermənilərin Qarabağı bizdən kimin əliylə qopardığını biz də bilirik, özləri də. Müharibə hələ bitməyib.