Kinomuzda yaratdığı Babək, Nəsimi, Beyrək obrazları ilə yadda qalan xalq artisti Rasim Balayevin bu gün 71 yaşı tamam olur.

BAKU.WS görkəmli aktyorun ad günündə onunla əlaqə saxlayıb və axşama planları, onu təbrik edən sənət dostları və dövlət rəsmiləri barədə məlumat alıb.

Sənətkar ad gününü sadə şəkildə, ailə üzvləri ilə birgə keçirəcəyini deyib: “Keçən il ad günümdə dostlarımı bir yerə yığmışdım. Bu dəfə ad günümü ailə üzvləri ilə birgə keçirib bir tikə çörək yeyəcəyik. İndiyə kimi təbrik edənlərin sayı çoxdur, lakin sənət yoldaşlarımdan bir neçəsi bunu edib. Bu da var ki, sənətkar dostlarımdan çoxusu dünyasını dəyişib. Dövlət rəsmilərindən hələlik zəng edən olmayıb, yəqin ki, günün sonuna qədər olar. Mükafata qaldıqda isə bunu 70 yaşımda ediblər. O, adətən yubileylərdə olur. Açığı deyim ki, mənə hədiyyə lazım deyil. Arzum budur ki, canım sağlam olsun və bir də normal bir rol alım”.

Qeyd edək ki, Rasim Əhməd oğlu Balayev görkəmli Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti (1982), “Şöhrət” ordeni laureatı (1998), “Şərəf” ordeni laureatı (2018) və Prezident təqaüdçüsüdür.

Загрузка...