Uşaq vaxtı Kir Bulıçev adlı sovet fantast yazıçısının bir əsərini oxumuşdum, orada gələcəyin insanları şarabənzər uçan qurğulara minib sərbəst şəkildə hara istəsələr gedirdilər. İnsanın uçmaq arzusu yəqin elə insanlıq tarixi qədər qədimdir.
Bunun İkar haqda əfsanəsindən dahi Leonardonun çəkdiyi uçan qurğu çertyojlarına qədər çoxlu “qanadları” olmuşdur. Srağagün isə bəşəriyyət uçuş yolunda daha bir fantastik sıçrayış etdi: fransız Frenk Zapata özünün düzəltdiyi hoverbord adlı qurğunun üstündə La Manş körfəzi üzərindən 35 kilometri uçaraq İngiltərədə yerə endi. Videosu çox fantastik mənzərə idi. Adam faktiki bir lövhə üzərində, ayaq üstündə uçaraq gedir, yaxınlığında isə helikopterlər uçur. Zapatanın kəşf elədiyi bu qurğu saatda 170 kilometr sürət yığa bilirmiş. İnqilabi hadisə idi. Hələ üstündə işləyəcəklər, hələ bunun kütləvi istehsalının, uçuş təhlükəsizliyinin tənzimi (məsələn, iki nəfər 170 kilometr sürətlə toqquşsa nə olar?) kimi işləri var. Ancaq hər inqilabi yenilik belə başlamayıbmı? Elə bizim indiki uçuşlarımız fransız Monqolfiye qardaşlarından başlamayıbmı?
Təsəvvür edin, 18-ci əsrin (!) sonları, lap konkret yazsaq 1783-cü ildir. Jozef-Mişel və Jak-Etyen Monqolfiye qardaşları hava şarı ilə uçmaq üçün Parisdə təcrübələr aparırlar. Öncə yay aylarında 200 kilo yüklə uçuş edirlər. Sentyabrda xoruz, qoyun və ördəyi uçurdurlar. Nəhayət noyabr ayında 2 nəfər 915 metr hündürlükdə, 9 kilometr uçur.
Bundan hardasa 100 ildən çox keçəcək, Mirzə Ələkbər özünün dillər əzbəri olmuş şeirini yazmağa məcbur olacaq: “Dindirir əsr bizi, dinməyiriz, Atılan toplara diksinməyiriz, Əcnəbi seyrə balonlarla çıxır, Biz hələ aftamabil minməyiriz. Quş kimi göydə uçur yerdəkilər, Bizi gömdü yerə minbərdəkilər”. Ancaq biz elə həmin 1783-cü ilə qayıdaq. Görək həmin vaxt dünyada və Azərbaycanda nələr olurdu. Çox əziyyət çəkmədən Google-da “1783-cü il” yazıb baxırıq. Buyurun: “3 sentyabr – Paris (Versal) sülh müqaviləsinin imzalanması, İngiltərənin ABŞ-ın müstəqilliyini tanıması; 11 oktyabr — Rusiya Elmlər Akademiyası təsis edilib. İlk prezidenti knyaginya Yekaterina Daşkova olub; Krım yarımadası Rusiya İmperiyasına birləşdirildi. Həmin ildə də Krımda Sevastopol şəhərinin əsası qoyuldu”. Şarların uşuçunu da yuxarıda yazdım, təkrar eləmirəm. İndi isə biz tərəflərə “enək”, görək buralarda nələr olurmuş: “İrəvanda üsyan nəticəsində Hüseynəli və Məmmədhəsən xan qardaşları öldürüldü, Hüseynəli xanın oğlu Qulaməli xan hakimiyyətə (1783-1785) gəldi; Xoy xanı Əhməd xan tərəfindən Cəfərqulu xan Naxçıvanda hakimiyyətə gətirildi; Gəncədə Hacı bəyin başçılığı ilə baş verən üsyan nəticəsində ikihakimiyyətliliyə son qoyuldu; Xoy xanı Xudadad xan Təbriz döyüşündə Əli xan Şəqaqiyə qalib gəldi”.
236 il keçib. İndi vəziyyət necədir? “Kanala düşən Bentlinin yiyəsi biznesmenin oğludur”, “Türkmənbaşı velosiped sürüb mahnı oxudu, sonra Qaraqum səhrasındakı Cəhənnəm darvazasına baş çəkdi”, “Rus hərbi aşbazları tankın mühərriki üstündə qayğanaq bişirdilər” və sairə. Bunlar, necə deyərlər, biz tərəflərdir. Özüm qloballaşmanı-zadı nəzərə alıb tərəfimizi bir az geniş götürdüm. Hələ istəsən bura Batumidə gürcünü bıçaqlayan ərəb turisti, Amerikadakı de-fakto müharibəni də əlavə eləmək olar. (Məncə Amerika da elə “bizim tərəfdir”. Nə qədər Marsa uçsalar da, bu ölkə məncə cahilliyin zirvəsidir. Bir gündə 3 şəhərində kütləvi atışma, qırğın törədilir, ancaq silah mafiyasına güc gəlib silah satışını aradan qaldıra bilmirlər. Vəhşilik deyil, nədir?) Fransız isə taxtanın üstünə çıxıb uçur. Nağıllardakı uçan xalı kimi.
Rey Bredberi-nin bir qısa hekayəsi var, “Göydəki adam” adlanır. Hekayədə eramızdan öncə Çin imperatoru bir gün sarayının bağçasında gəzərkən uçan adam görür. Onu yanına çağırır, kağız və sairədən düzəltdiyi qanadlarını yandırır, özünü isə edam etdirir. Bu məntiqlə ki, bəlkə bir gün başqası da belə qurğu düzəldib havadan Çin səddinin üstünə böyük daşlar yağdırsa, biz nə edərik?
Hesab edirəm Şərqin durumuna, xüsusən müsəlman dünyasının indiki halına çox uyğun əhvalatdır.