ABŞ-da dinc insanların qırğını davam edir. Bu, yeni məsələ deyil. İllərdir ki, 50 dövlətin birləşməsindən ibarət olan bu qüdrətli superdövlətdən vaxtaşırı bu cür xəbərlər gəlir.
Az qala günaşırı polismenlər dinc sürücüləri (əsasən qaradərililəri) yolun ortasında güllələləyir. Çox vaxt məlum olur ki, polismen “saxla” əmri verib, sürücü saxlayıb, ancaq avtomobildən düşərkən əlini cibinə aparıb. Vəssalam. Buna görə adamı dəlik-deşik ediblər.
Son on ildə yüzlərlə belə hadisə olub.
Bundan başqa, həftədə bir neçə dəfə əyləncə məkanlarında 3-5 nəfərin ölümüylə, 6-7 insanın yaralanmasıyla nəticələnən atışma qeydə alınır.
Bir də ayda bir dəfə hansısa psixopat silahını götürüb məktəbə, alış-veriş mərkəzinə, insanların qələbəlik olduğu yerlərə daxil olur, ağına-bozuna baxmadan günahsız insanları qırıb-tökür.
O cür hadisələrdən ikisi bu günlərdə təxminən eyni vaxtlarda baş verib – Texas və Ohayoda silahlı şəxslər dinc insanları gülləbaran edib öldürüblər. Toplamda 35 nəfərdən çox adam ölüb.
Ümumiuyyətlə, elə bir gün olmaz ki, ABŞ-ın ayrı-ayrı ştatlarında odlu silahdan istifadə edilməsin, insanlar öldürülməsin.
Bu, Trampın prezident olmasından öncə də beləydi, indi də belədir, Trampdan sonra da belə olacaq.
Ona görə də bu cür hadisələri Trampın irqçiliyinə, qaradərililəri və meksikalıları hədəf göstərməsinə bağlamaq olmaz. Ona qalsa, qaradərili Obamanın hakimiyyəti dövründə də qaradərililəri öldürürdülər. (Qaradililərin adam öldürməsi halları daha çoxdur).
ABŞ-da baş verən qətliamların səbəbləri haqqında danışarkən bir neçə versiya üzərində dayanmaq olar, amma onların heç biri həqiqəti tam əks etdirməyəcək
Bu xüsusda yeganə bir həqiqət var: dünyanın ən qüdrətli ölkəsində odlu silahdan atəş açılması nəticəsidə ölənlərin çox olmasının başlıca səbəbi odur ki, bu ölkədə hər kəsin, ən çox da kriminal ünsürlərin hər cür döyüş silahını asan əldə etmələridir.
Az qala hər bir yetkin ameriakalının evində silahı var. Onlarn bir çoxu silahlarını üstlərində gəzdirməyi sevir, ilk təhlükə anında ona əl atırlar.
ABŞ-da kriminogen durum zatən hər zaman gərgin olub, onun üstünə bir də kriminal ünsürlərin hamsının silahlı olmasını gələndə, mənzərə aydın olur – maraqların toqquşduğu təqdirdə silahlı toqquşmalar da qaçılmazdır.
Hələ manyaklar, psixopatlar faktoru da var. Aydın məsələdir ki, müxtəlif ruhi xəstəliklərə məruz qalaraq başı pozulmuş, bu cür xəstəliklərin fərqli stadiyalarında olan adamlar hər bir ölkədə var. Onlar öz şəxsi problemlərinə görə bütün bəşəriyyəti günahkar bilirlər. Belə adamlar əllərinə qırğın silahı keçirdikləri vaxt kütləvi qətliamlar mütləq baş verir.
Qarşılarıa daha çox insan və əsasən də amerikalı öldürməyi məqsəd qoymuş beynəlxalq terrorçuların dərdi də bir başqa növdür.
Belə adamların əlindəki silah teatr tamaşasında divardan asılmış tüfəng kimi mütləq əvvəl-axır açılacaq.
Maraqlıdır ki, başqa ölkələrdə bu cür kütləvi gülləboranlar olduğu zaman yerli hökumətlər qısa müddətdən sonra odlu silahların məhdudlaşdırılmasına dair qanunlar qəbul edir, döyüş silahlarının toplanması üçün tədbirlər görürlər (məsələn, Yeni Zelandiyada 50 nəfərin Kraystçörç şəhərində güllələnməsindən sonra elə oldu), amma ABŞ-da nə qədər adam güllələnsə də, odlu silahların açıq satışda olmasını yasaqlayan qanunlar qəbul edilmir.
Bunu silah satşından milyardlar qazanan şirkətlərin qanunvericilik hakimiyyətində lobbiçiliyini edən siyasi dairələrin fəaliyyətinə bağlayırlar. Gerçəkdən də belədir, ya belə deyil, birmənalı iddia irəli sürmək olmur.
Ancaq birmənall olaraq demək olar ki, bir psixopatın əlindəki iti bıçaqla “Kalaşnikov” avtomatının çox ciddi fərqi var. Həmin psixopat bıçaqla ən çoxu bir adamı öldürə, iki adama xəsarət yetirə yetirə bilər, sonra onu mütləq zərərsizləşdirəcəklər. Amma əlində “Kalaşnikov” tutmuş və insanların gur olduğu məkana daxil olmuş psixopat (və ya terrorçu) gülləsi qurtarana qədər adam öldürməkdə davam edəcək. Əgər onun ehtiyat güllə darağı da varsa, bu halda o, hətta norveçli qatil Breyvikin rekordunu (77 nəfərin qətli) da qıra bilər.
Ona görə istənilən ölkədə əhalidən odlu silahların yığılması üzrə həyata keçirilən tədbirlər alqışlanmalıdır.