Bu yaxınlarda milli mətbuatımızın neçənci ildönümüsə qeyd olundu, gec də olsa hörmətli jurnalistlərimizi təbrik edirəm. Xəzər mənzərəli evlər tikib onlara bağışladığı üçün hökumətə də minnətdarıq. Bax, elə son günlər dənizdə batanları niyə görə bilirik? Hamısını yazırlar. Hələ dünən iki nəfər də neft emalı zavodunun yanındakı şüarın üstünə çıxıb intihar eləmək istəyirdi, bu haqda saytlarda məlumat getmişdi. Demək, bizim yazarlar təkcə dənizə nəzarət eləmir. İctimai nəzarət bizdə çox güclüdür. Sözgəlişi, qabaqlar camaat körpülərə dırmaşırdı, hökumət onları tikanlı məftillə hasarlayıb hər birinə polis postu ayırdı. (Körpü polisi adında ayrıca qurum vardır). İndi şüarlara çıxırlarsa, bəlkə Şüar Xüsusi Qoruma İdarəsi düzəldək? Camaat niyə evində, eşiyində ölmək istəmir, anlaşılmır.
Xalqa çatdırılan dəyərli informasiyalardan biri də budur ki, Azərbaycana gətirilən polistirol sopolimeri idxal gömrük rüsumundan azad edilib. Vallah. Çox sevindirici xəbərdir. Sitat: “Qərara əsasən, polistirolun sopolimerinin A-B-A blok-sopolimeri idxal gömrük rüsumundan azad edilib. Qeyd edək ki, polistirol benzol və etilenin birləşməsindən əmələ gələn stirolun xətti polimeri olub, şüşəyəbənzər maddədir. Emal zamanı etilen alüminium xloridin köməyi ilə katalizator kimi benzola daxil etdirilir. Polistirol ucuz böyük həcmli termoplastdır, yüksək bərkliyi, yaxşı dielektrik xassələri, nəmliyə davamlığı ilə fərqlənir, asanlıqla rənglənir və deformasiya olunur, ətraf mühit üçün təhlükəli deyil. Onun istiyə davamsızlığı və nisbi kövrəkliyi çatışmayan cəhətlərindəndir. Sənayedə polistirollar kütlədə və ya su emulsiyasında polimerləşmə ilə alınaraq basma, ştamplama üsullarının tətbiqi ilə lazımı formaya salınır (APA)”.
Maraqlansaq, görərik Ermənistanda nəinki polistriol sopolimeri gömrük rüsumundan azaddır, hətta etilen xloridlərin katalizatoru dielektrik xassəsindən məhrumdur! Bu da bir daha bizim ədalətli mübarizəmizin nəticəsi olaraq özünü göstərir.
Hələ bu harasıdır, dünən Nazirlər Kabinetimizin (“…tinin” yazanda bunun xalqın iradəsiylə formalaşdığı o qədər görünmür) qərarıyla polimerlər əsasında alınmış ilkin formalarda ion-mübadilə qatranları idxal gömrük rüsumundan azad edilib! Qətranın respublikamıza rüsumsuz girməsi olduqca vacibdir. Gör nə qədər qaralanası əşyalar, yerlər, üzlər vardır. Qətran bizim iqtisadi-siyasi, sosial-mənəvi fəaliyyətimizdə mühüm yer tutur. Düzdür, polimerlər əsasında alınan ilkin formalı ion-mübadilə qətranlarına nisbətən bizim polimerlər əsasında alınmayan son formasız ion qətranlarına ehtiyacımız daha çoxdur. Mənə belə gəlir. Hər halda, düzünü hökumət, məmurlarımız yaxşı bilir. Ümid edək əhəngin də idxal rüsumu qaldırılsın. Həyat yalnız ağ-qara rənglərdən ibarət deyildir.
Mövzu açılmışkən, bizdə bir dövlət telekanalında aparılan yenidənqurma işləri, dəyişikliklər son günlər əsas müzakirə temalarından biridir. Deyir köhnə, naftalin iyi verən aparıcıları, rayonlara komandirovkaya gedib bir şaqqa qoyun, motal pendiri, hinduşka ilə qayıdan müxbirləri işdən qovur, gənc nəsli işə götürürlər. Elə bir gün olmur ordakı inqilabi dəyişikliklər haqda nəsə xəbər, şərh, intervü, reportaj, araşdırma, roman, drama, kinossenari oxumayaq. (Bu da çox maraqlıdır, 30 ildir bizim media özü haqda xəbərləri camaata çatdırır. İnşallah, gələn 30 il də camaatın haqqında xəbərlər verərik). Hətta xaricdən azərbaycanlılar kanaldakı dəyişikliyə səs verir, sevinirlər, bir neçəsi hüdudsuz şənlənib Eyfel qülləsindən Sena çayına yıxılmışdır.
Uzun sözün qısası, bütün bu xəbərlər məndə maraq oyatdı, dedim baxım görüm hansı yeniliklər yaranmışdır. Girdim kanalın saytına. Doğrudan da, deyilən qədər varmış. Misal üçün, bizdə qabaqlar hansısa çoban yaylağından xəbəri necə çəkirdilər? Quzu mələyir, tütək üfürən, nehrə yelləyən, nə bilim, qurbasan oradan çıxır, dayça belədə oynaqlayır… İndi isə yaylağı dronla çəkib göstərirdilər! Nə qədər yenilik! O cümlədən, hərbi vətənpərvərlik verilişinin formatını, dizaynını çox bəyəndim. Kostyumlu kişilər meşədə palatkada müharibə temasında danışırdılar.
Bircə musiqinin çoxluğunu anlamadım, çünki xəbərlərdən siyasi-ictimai tok-şoulara qədər hamısı musiqili idi. Hətta xəbərlərin diktoru arada durub studiyada yallı getdi. Yəqin bu da islahatın tərkib hissəsidir.