“Azərbaycanda hepatitlərə yoluxma ilə bağlı ciddi problem yoxdur”.

Bu fikirləri Lent.az -a müsahibəsində Səhiyyə Nazirliyinin nəzdində B və C hepatitlərinin müalicə və profilaktikası üzrə Komissiyanın sədri, virusologiya və immunologiya üzrə professor Murad Məmmədov deyib.

Murad həkimlə müsahibədə Azərbaycanda hepatitə yoluxmanın vəziyyəti, onun müalicəsi ilə bağlı görülən işlərdən danışacağıq.

– Murad həkim, Azərbaycanda bu gün hepatitlərə yoluxma ilə bağlı vəziyyət necədir?

– Bəzən Azərbaycanda hepatitlərin geniş yayılması ilə bağlı fikirlər səsləndirilir. Doğru deyil. Ölkədə bu infeksiyanın yayılma göstəriciləri qonşu ölkələrlə müqayisədə aşağıdır. Yəni, bu xəstəliyin əhali arasında geniş yayıldığını demək doğru olmaz. Azərbaycanda hepatitlərin yayılma göstəricisi aşağı olduğuna görə, bununla bağlı milli proqrama ehtiyac yoxdur.

Hepatit A və E virusu, bağırsaq infeksiyaları kimi, çirkli əllər, su və qida ilə yayılır. Hepatit B, C, D isə qanla yayılır. Hepatit B həm də cinsi yolla yayılır, anadan uşağa da keçir.

Dünyada orta hesabla 3 faiz insanda hepatit B, 2 faiz insanlarda isə hepatit C-dir. Bu göstərici təxminən bizdə də belədir. Bizdə hətta hepatit B daha azdır.

Respublikada son 3 ildə qan analizi vasitəsi ilə 18-60 yaş arasında 274 min insan yoxlanılıb, statistik araşdırma aparılıb. Bu, ölkə əhalisinin 2 faizini təşkil edir. Bu araşdırma zamanı onların 1,99 faizinin hepatit B olduğu, 2,08 faizinin hepatit C-yə yoluxduğu üzə çıxıb. Yəni həm B, həm də C hepatitinə yoluxanların sayının təxminən 2 faiz olub.

– Bu virus insanların ölümünə səbəb olurmu?

– Hepatit viruslarından heç kim ölmür. Onların fəsadları müalicə olunmadıqda ölüm baş verir. Virusa yoluxmuş adam alkoqol istifadə etdikdə bir neçə il sonra qaraciyəri sirroz olur. Sirroz isə çətin müalicə olunur. Yaxud da sirrozun əsasında qaraciyər xərçəngi də olur.

Elə hallar olur ki, insan virusa yoluxur, amma heç bir fəsad baş vermədən ömür boyu yaşayır.

Dünyada 650 milyon insan hepatit virusuna yoluxub. Onlardan azı 450 milyonu hepatit B, 200 milyonu insan isə hepatit C virusuna yoluxub. Həmin insanların da çoxunun bundan xəbəri yoxdur. Bu virusa yoluxanda insanlar hiss etmir, bu hal gizli keçir.

Azərbaycanda ildə hepatit viruslarından təxminən 300 nəfərdə xəstəlik baş verir. Hepatit virusuna yoluxmuş insanların sayı isə 300 minə yaxındır. Bu göstərici böyük deyil. Təxminən 10 ildən sonra hepatit virusu ilə xəstələnənlərin ümumi sayı xeyli azalacaq.

– Hepatit virusuna qarşı hansı yollarla mübarizə aparılmalıdır və peyvənd insanı bu virusdan qoruya bilirmi?

– Hepatit B virusu insanda 95 faiz hallarda öz-özünə sağalır. Bu, 2-3 aya baş verir. Hepatit C-nin 30 faizi öz-özünə sağalır. 70 faizində isə xəstəlik özünü göstərirsə, müalicə lazımdır.

Virusa yoluxan adamlar müayinədən keçməlidirlər. Ümumiyyətlə, əhalini müayinədən keçirmək lazımdır. Hepatit aşkarlanan adamlar maarifləndirilməlidir ki, virusun onlarda fəsad yarada biləcəyini bilsinlər. Narkomaniya, mənəvi pozğunluqlara qarşı mübarizə aparmaq özü hepatit viruslarının yayılmasının qarşısını ala bilər. Hazırda Səhiyyə Nazirliyi bu sahədə yaxşı fəaliyyət göstərir. Bizdə qanla hepatit virusunun keçməsi demək olar ki, yoxdur. Stomatologiya sahəsində yoluxdurma hallarının qarşısını almaq üçün iş aparırıq. Bu sahədə də vəziyyət stabildir. Diş müalicəsindən yoluxanlar tək-tük hallarda olur. Stomatoloji kabinetdə, poliklinikalarda stomatoloqlardan diqqətli olmaları tələb olunmalıdır.

Onu da deyim ki, çox zaman virusa yoluxan, amma içki içməyən insanlar uzun illər virusa yoluxduqlarını bilmirlər.

Hepatit A uşaqlarda olur və hazırda Azərbaycanda geniş yayılmayıb.

Hepatitlərlə bağlı doğru olmayan fikirlər səsləndirilir. Ümumiyyətlə, hepatoloq adlı ixtisas yoxdur. Kim özünü hepatoloq adlandırırsa, fırıldaqçıdır. Xronik hepatitləri terapevtlər, qastroenteroloqlar müalicə edə bilər. Nəyə görə insanlar bu virusla bağlı eşidəndə təşvişə düşürlər? Çünki özünü hepatoloq adlandıranlar bu sahədə həqiqətə uyğun olmayan təbliğat aparırlar. Azərbaycanda ildə qaraciyər xərçəngi xəstəliyinə tutulanların sayı 70-80 nəfər olur. Bu, ayrı-ayrı səbəblərdən baş verir ki, onlardan biri də hepatit viruslarıdır. Özünü mütəxəssis adlandıran insanlar televiziya vasitəsilə hepatit virusları ilə bağlı yanlış təbliğat aparırlar. Hepatit virusu daşıyanları gələcəkdə qaraciyər sirrozu ola biləcəkləri ilə bağlı məlumatlandırmalıyıq. Virusa yoluxmamaq üçün ən yaxşı yol peyvənd olunmaqdır. Peyvənd beş il müddətində insanları bu virusa yoluxmaqdan qoruyur.

– Bu il nə qədər xəstə dərmanlar üçün müraciət edib?

– Azərbaycanda xroniki hepatitlərin qeydiyyatı aparılmır. Səhiyyə Nazirliyinin təşəbbüsü ilə nazirliyin büdcəsindən ayrılan vəsaitlərlə dərmanlar alınır və müraciət edən insanlara paylanır. Bu il Komissiyaya 700-dən artıq vətəndaş müalicə ilə bağlı müraciət edib və müalicəyə əks-göstərişlər olmayan hallarda onlar virus əleyhinə dərman preparatları ilə təmin olunub.

Загрузка...