Pirşağı çimərliyində dənizdə batan dörd dost gəncin faciəsi ürək dağlayan türdəndir. Təkcə ona görə ki, onlardan biri iki gün əvvəl evlənibmiş, ikisi də nişanlıymış… Bunun özü başqa bir faciədir.
Heç demə, onlar bir kənddə doğulub-böyüyən yeddi oğlan, yeddi oğul (hərəsi bir ailənin övladı) imişlər, üçü xilas olub, dördü xilas ola bilməyib.
İndi nə yazsaq, nə danışsaq – hamısı boş.
“Ehtiyatlı olmalıydılar, üzə bilmirlərsə, dərinə getməməli idilər”; “Aidiyyəti qurumlar oraya ”çimmək qadağandır” lövhəsi vurmalıydı”; “Qədərləri, qismətləri beləymiş, olacağa çarə yoxdur” və s. bu kimi sözlər heç kimə təsəlli deyil. Olan oldu. Dörd gənc ömür yarıda qırıldı. Halbuki onlar “ölümün qaşla göz arasında olduğunu” yaddan çıxrmasaydılar…
Bir onlar deyil, dəniz-çimərlik mövsümü başlayandan elə bir həftə olmur ki, dənizdə 3-4 adam batmasın. İnsanlar sanki dənizə dincəlməyə yox, cəbhə xəttinə döyüşə gedirlər və itki vermələri qaçılmazdır.
Azı 50 ildir belədir – hər yay fəslində 30-40 ailəyə bu cür bədbəxtlik üz verir – əzizləri dənizdə batır, həyatları qaralır.
Əsas səbəb nədir? Üzə bilməməkmi? Adamın ağlına birinci bu gəlir.
Ancaq deyilənə görə, dənizdə batanların çoxu məhz üzə bilənlərdir, sadəcə, onlar güclərini düzgün hesablamırlar, dərinə və uzağa gedir, qayıtmağa gücləri çatmır, təngnəfəs olur, bir dəfə ehtiyatsız nəfəs alanda nəfəs borusuna su gedir və boğulurlar.
Qrup şəklində dənizə gedən gənclərin arasında çox zaman ya itki olur, ya da onları son anda xilasedicilər qurtarır. Çünki bu cür gənclər bir-birini qızışdırır, daha uzağa üzüb gəlməkdən mərc qoşurlar. Biri “filan yerə qədər üzüb gələrəm” deyə iddia irəli sürəndə, o biri dərhal “üzməyəninin…” deyə söyüş qoyur və ox yaydan çıxır.
Azyaşlı uşaqların nəzarətsiz buraxılması da faciəyə “gəl bəri” demək mənası verir. Dəniz kənarından tez-tez məsuliyyətsiz valideynlərin bağırtısı gəlir. Hələ bu nəzarətsiz uşaqların çoxu başqaları tərəfindən vaxtında xilas edilir, yoxsa dənizdə batanlar birə beş olar.
İçkili halda, məsuliyyət hissini tam itirmiş şəkildə suya girənlərin də qara xəbəri tez-tez gəlir.
Bunu qəzavü-qədər məsələsi adlandırmaq olmaz. Bu cür faciələr insan məsuliyyətsizliyinin, cahilliyinin əsəridir.
Özünə güvənmək yaxşı şeydir, amma o, məsuliyyət hissinə tabe olmalıdır. Adam mütləq başına gələ biləcək variantları götür-qoy edə bilmək qabiliyyətinə malik olmalıdır. Bundan ötrü dərin analitik təfəkkürə də ehtiyac yoxdur. Sadəcə, bilmək lazımdır ki, bəzi situasiyalarda iradən və gücün yetərli olmaya bilər. Ona görə də həmin situasiyalara düşməmək gərəkdir.
Avtomobilini həmişə sürət həddi daxilində sürən, yol hərəkəti qaydalarına riayət edən 60-65 yaşlı sürücülər var, 40 ildir maşın sürürlər, nə bir dəfə maşın vurublar, nə də vurdurblar. Amma sükan arxasına dünən oturan, qayda-qanunlara məhəl qoymayan, hətta onların nədən ibarət olduğunu bilməyən gənclər isə beş dəfə özlərinin yaratdığı qəza situasiyasından çıxırlar, iki dəfə qəza törədərək çıxırlar, cəmi bir dəfə isə o situasiyadan çıxa bilmirlər, faciə olur. İndi bu da tale, qismət işidirmi? Axı sən qəza situasiyalrına niyə xroniki olaraq düşürsən ki, bir dəfə də çıxa bilməyəsən?
Sabah o, 60 yaşlı, ehtiyatlı sürücü bu kimi hərəkətlər eləsə, həmin faciə onun da başına gələcək. Demək, bu tale məsələsi deyil, insanın özünün seçdiyi aqibətdir.
Atalar nahaq yerə deməyib: “Ehtiyat igidin yaraşığıdır”. İnsan hara gedir-getsin, nə iş tutur-tutsun, mütləq ehtiyatlı olmalıdır. Fəhlə çoxmərtəbəli binanın inşaatında çalışanda da, sürücü sükan arxasına oturub yola çıxanda da, dincəlmək fikrində olan gənc dənizə çimməyə gedəndə də, hətta yüz ilin sirk ustası kəndirbazlıq edəndə də mütləq ehtiyatlı olmalıdır, öz gücünü, bacarığını düzgün qiymətləndirməlidir.
Yoxsa bütün əks hallarda faciə qaçılmazdır. Təhlükəsizlik texnikası bu kimi hallar üçündür.