Milli Məclisin deputatı Aydın Mirzəzadə son günlər dənizdə artan boğulma hadisələrinə reaksiya verib.

Oxu.Az xəbər verir ki, o, insanların qrup halında batmasından dəhşətə gəldiyini deyib.

Deputat insanların suda boğulma səbəblərindən də danışıb:

“Ən dəhşətlisi insanlarımızın qrup halında batmasıdır. Bu xəbərlər hamı kimi mənim də ürəyimi ağrıdır. Mən Mingəçevirdə Kür çayı qırağında böyümüşəm. Uşaq vaxtlarından üzmək öyrənmişəm, bütün üzgüçülük növlərini bilirəm. İlk dəfə 12 yaşında Kürü üzüb keçmişəm, 13 yaşımda isə bir erməni ilə mərc gəlib Kürü o taya keçib, o dəqiqə də geri üzmüşəm.

İndi də pis üzmürəm. Amma bütün bunlara baxmayaraq sudan qorxuram. Çünki su zarafatı və ehtiyatsızlığı heç zaman bağışlamır. Suda batan insanlar bir qayda olaraq ya zəif üzürlər, ya içkili olurlar, ya da üzmək üçün yararsız yerdə suya baş vururlar. Faciənin nəticəsinin acısını isə batanın yaxınları çəkirlər.

Batanlar bir qayda olaraq yeniyetmə və gənclərdir. Hər batan gənc haradasa ərə getməyən bir ismətli qız, anadan olmayan azı iki nəfər uşaq, ömrü boyu faciənin ağrısını çəkən valideynlər, bacı-qardaşlar deməkdir. Gənclər, su ilə zarafat etməyin. Gənclər, özünüzü qoruyun. Gənclər, siz bizim üçün qiymətlisiniz”.

Загрузка...