Dünən sosial şəbəkədə öz bağçamızın məhsulu olan bir lətifə paylaşmışdım. Lətifə beləydi: “Angela Merkel rəhmətə gedir, o dünyadakı paylaşdırma punktunda dayanıb cənnətə və ya cəhənnəmə gedəcəyini gözləyərkən xəbər gəlir ki, fraunun cəhənnəmdən qonağı var. Deyirlər, gəlsin. Qonaq gəlir, baxırlar ki, Hitler. Fürer öz xələfinə çatan kimi soruşur ki, ölkəmdə, dünyada vəziyyət necədir. Merkel deyir, dünya çox dəyişib, sənin başladığın iş əzmlə davam etdirilir. Hitler deyir, haydı söylə. Merkel söyləyir: ”Sevinə bilərsən, əsas düşmənin ABŞ-ın prezidenti artıq bir alman oğludur, özü də faşistdir, ikinci böyük düşmənin İngiltərənin baş naziri alman deyil, amma faşistdir, daha amansız düşmənin Rusiyanın böyüyü də faşistdir, o biri ölkələrdə də faşistlər bir-bir hakimiyyətə gəlirlər”.
Hitler çox sevinir, dörd-beş dəfə “Hayl Döyçland!” deyə qışqırır. Sonra Merkel sakitcə deyir: “Bir iş var ki, indiki faşist rəhbərlər yəhudilərə işləyirlər”. Hitler bayılır”.
Əlbəttə, bu, bir hissəsi reallığı əks etdirən, o biri hissəsi zarafatdan ibarət olan söhbətdir.
Bu gün baxıram ki, Tramp neçə ildir öz müsəlman qardaşlarını qırıb-çatan Səudiyyə Ərəbistanına silah satılmasını qadağan edən qanuna veto qoyub. Bunun mənası odur ki, dəyməyin, silah verin, qırsınlar.
Tramp belə Trampdır. Hitlerdən sonra, son 74 ildə dünyanın heç bir qüdrətli dövlətinin başına bu qədər dərə-zoru, irqçi, faşist biri gəlməyib.
Təkcə onun ötən həftə ABŞ Senatının üzvü olan müsəlman qadınları nəzərdə tutaraq “gəldikləri yerə qayıtsınlar” deməsi yekə bir irqçilik idi. Düzdür, buna görə ABŞ-da və dünyanın hər tərəfində qırğın-mərəkə düşdü, amma cənab misterə nə qədər irad tutulsa da, o, dediyindən dönmədi, təkrar-təkrar dedi: “Düz deyirəm”.
Bəzi müxaliflər ona hiddətləndilər, dedilər, düz demirsən, ona qalsa, sən də gəlməsən, baban Almaniyadan gəlib. Amma belə görünür ki, adamın babasının haradan gəlməsi şərt deyil, əsas odur ki, özü haradan gəlib.
Amerikanın əzəli sahibləri apaçilər və digər hindu qəbilələri heç kəsə “siz gəlməsiz” demirlər (vaxtında çox deyiblər, amma ağ gəlmələr bu sözü götürməyiblər, qırmızıdərilililəri qırıblar, əvəzlərinə gedib Afrikadan qaradərililər gətiriblər).
İndi Tramp da deyir, “hər şey Amerika üçün”. Yəni klassik şairimiz demişkən, “mən salim olum, cümlə cahan batsa da, batsın”.
Eyni şeyi İngiltərənin hələ iki sutkası tamam olmamış yeni baş naziri Boris Conson da deyir. Özü də o, neçə vaxtdır, bu fikirdədir. Mister Conson İngiltərənin Avropa Birliyindən elə bu gün, bu saat çıxması üçün dirəşənlərin başçısıdır. O da bu fdüçüncədədir ki, “dünya necə tarac olur, olsun, nə işim var”, əsas odur ki, mənim dumanlı Albionuma bir şey olmasın, qaçqınlar gəlib basmasın, miqrantlara pul ödəmək öhdəliyimiz olmasın və sair.
Fransanın rəhbəri faşist olmasa da, arada onun da millətçiliyi tutur. Elə etməsə, əsas rəqibi olan faşist Le Pen bir gün ondan daha çox səs alar. Bu gedişlə elə də olacaq. Bir də görəcəyik ki, bay, ultra-sağ qüvvələrin Fransada seçki birincisi olduğuna dair xəbər gəldi.
Avstriya lap çoxdan millətçi partiyalara könül verib. 15 il qabaq Avropa təzyiq elədi, hökumət qurmaq səlahiyyəti qazanmış faşist lider hökumət qurası olmadı, amma artıq elə deyil, kim seçilirsə, hökuməti qurur, böyük dövlətlər də onunla hesablaşır, təzyiq eləmir.
Avropanın digər demokratik ölkələrində yaşayan dost-tanışlar yazırlar ki, onlarda da son vaxtlar seçicilər millətçi partiyalara daha çox səs verirlər. Əvvəllər elə deyilmiş. Millətçilər ən çoxu 5-6 faiz səs alırmışlar. İndi isə az alanda 25-30 faiz səs alırlar.
Bu da o deməkdir ki, mənfur Hitlerin xəstə ideyaları dünya üzərində qanad açıb uçur. Sadəcə, indi hədəfdə rəngi bir balaca tünd olan millətlərdir. İndi də onları xor görürlər.