Ermənistanın işğalçı ordusunda fərarilik, “dedovşina” adi hal alıb. Düşmən ölkədən gələn xəbərlərdən hasil olan qənaət belədir ki, Nikol Paşinyanın bir ildən çoxdur haqqında danışdığı ordu islahatları da artıq fiasko olub. Paşinyan isə populist bəyanatlarından qalmır. O gün yenə boşboğazlıq edərək, “məğlubedilməz ordu”dan dəm vurub. “Bizə elə silahlı qüvvələr, elə dövlət lazımdır ki, bütün potensial düşmənlərimiz başa düşsün ki, bizimlə döyüşmək mənasızdır”.
Amma nəylə, Alış?..
Ordu cəmiyyətin, iqtisadi vəziyyətin güzgüsü sayılır. Əhalisi səfalət içində olan Ermənistanın əsgəri yağ-bal içində üzə bilməz ki? Uzaqbaşı generalitet və bir az da zabit heyəti yaxşı yaşayar. O da əsgərə ayrılan vəsaitin, azuqənin qamarlanması hesabına. Aylar öncə Paşinyan öz oğlunun hərbi xidmətindən danışarkən əsgərlərin normal qidalanmadığını söyləmişdi, orduda başqa neqativlərlə bağlı acı etiraflarda bulunmuş, hətta şoka düşdüyünü demişdi.
Ancaq üstündən aylar ötsə də, reallıq dəyişməz qalır. Çünki Ermənistan “demokratik inqilab” sayəsində də bataqlıdan çıxa bilmir. Ağır blokada rejimi, müharibə şəraiti, iki böyük və zəngin qonşu ilə sərhədlərin qapalı qalması, dünya okeanına çıxışdan və yeraltı təbii sərvətlərdən məhrum olma köklü iqtisadi, hərbi islahatları mümkünsüz edir, kasad büdcəni böyüməyə qoymur.
Di gəl, Paşinyan hələ də pişik kimi belini yerə vurmaq istəmir, gerçəyi görməzdən gəlir, illüziyalarla yaşayır. Daha xəbəri yox ki, üstəlik, çağırışçı problemi yaşayan erməni ordusunda Azərbaycan gülləsindən deyil, daxili səbəblərdən – nizamnamə pozuntuları nəticəsində baş verən əsgər itkiləri artıq onun ayağına yazılmağa başlayıb. Bu, artıq Sərkisyanın ordusu deyil, elə Paşinyanın öz ordusudur.
İşğalçı ordudakı real durumu əks etdirən iki isti fakt.
Erməni mediası o gün yazıb ki, bu ilin əvvəlində orduya çağırılan Narek S. adlı gənc qanuni məzuniyyətindən sonra hərbi hissəyə dönməkdən imtina edib. O, orduya qayıdacağı halda intihar edəcəyini bildirib. “Əvvəllər o, 80 kiloqram idi. Biz onu görəndə gözlərimizə inanmadıq. O qədər arıqlamışdı ki, cəmi 55 kiloqram qalmışdı. Narek niyə orduya dönmək istəmədiyini açıqlamır. O, yalnız öləcəyini, amma xidmət etməyəcəyini deyir” – əsgərin valideynləri deyib.
Başqa bir hərbi hissədə isə Amik Vardanyan adlı erməni əsgərinin – ailənin tək övladının meyiti tapılıb. 19 yaşlı hərbçinin ölümü ilə bağlı intihar səviyyəsinə çatdırmaq maddəsi ilə cinayət işi açılıb.
Hər iki hadisə Ermənistanda böyük qalmaqal yaradıb, ordudakı fərariliyi yenidən gündəmə gətirib. Əsgərlərə qarşı qeyri-insani hərəkətlərin, o sırada onların azuqəsiz qalmasının, müxtəlif, o cümlədən cinsi istismara məruz qoyulmanın düşmən ordusunda geniş yayıldığı deyilir…
İndi belə bir başıpozuq ordu torpaqlarımızı illərdir nəzarətdə saxlayır. Adama ağır gələn də budur. Əslində ordumuzun babat bir həmləsi yetər ki, işğalçılar ən azı, Dağlıq Qarabağ ətrafındakı rayonlardan cəhənnəm olub getsinlər. Bununla da məsələ bitsin. Heç Xankəndinə girməyə də lüzum qalmasın. Erməni gənclərinin, onların valideynlərinin canı da birdəfəlik qurtarsın. Cırtdan Ermənistan isə olan-qalan iqtisadi potensialını, məhdud maliyyəsini, kasad büdcəsini rusun diktəsi ilə işğal rejimini saxlamağa, yaxud Rusiyadan güzəştli qiymətə silah-sursat almağa xərcləmək zorunda qalmasın. Həmin vəsaiti sosial layihələrə, iş yerlərinin açılmasına, ac erməni uşaqlarını doyurmağa yönəltsin.
Bir sözlə, yalnız o zaman ermənilər Azərbaycan və Türkiyə ilə əlaqələri də normala salıb adam kimi yaşaya bilərlər. Ucuz Azərbaycan qazı və neftindən, tranzit ölkə olmağın fürsətindən yararlanmaq da öz yerində. Nəhayət, o halda Ermənistanın Türkiyə və İranla sərhədlərini, İrəvan beynəlxalq aeroportunu rus əsgərlərinin qorumasına, Ermənistanda Rusiya hərbi bazalarının saxlanmasına da lüzum qalmayacaq. Ermənistan Paşinyanın dəm vurduğu həqiqi müstəqilliyə bax, onda qovuşacaq.
Məntiq və ağıl yalnız bu yolu diktə edir – erməni əsgərlərini Azərbaycan torpaqlarından geri çağırmaq. O zaman ermənilər bizim lütfkarlığımıza, əfvimizə bəlkə ümid edə bilsinlər. Azərbaycan hələ ki geri dönməyə cığır saxlayır. Başqa yol – işğalçıların zorla qovulması olacaq. Seçim indi Paşinyan qarışıq, ermənilərindir. Hələ gec deyil. Heç olmasa, gələcək Narek və Amiklərinizə yazığınız gəlsin…