“Kavaler Pomidor maraqdan özünü saxlaya bilməyib bir gözünün ucuyla güzgüyə baxdı. Məlum deyildi o güzgüdə nə görmək istəyirdi, ancaq əlbəttə, özünün od kimi qırmızı sifətini, xırdaca acıqlı gözlərini və daxıl dəliyinə bənzər yekə ağzını gördü”
(Canni Rodari, “Çipollinonun macəraları”)
Hindistan Aya kosmik qurğu göndəribdir. Bundan qabaq Çin göndərmişdi, deyəsən onlarınkı bir az “kitayski” çıxdı, enə bilmədi. Amerikalılar isə Ayda vaxtilə, yalan olmasın, “Ay işığı” şadlıq sarayı açmışdılar. Nə qədər gələn-gedən olardı… İki gün qabaq Aya birinci dəfə enməklərinin 50 illiyini qeyd etdilər. Bizdə də belə yubileylər olur, ancaq bizimki adətən Aydan, göydən düşməklə bağlı olur. Sözgəlişi, tarixi faktdır, Nil Armstronq o vaxt Aya enəndə bunun qulağına ərəbcə səslər gəlibdir. Sən demə, ərəb turistlər Bakıdan qabaq ora gedibmişlər.
Zarafat bir yana, mən düşünürəm ki, bu dünya camaatının heç qanacağı-qabiliyyəti yoxdur. Aya uçurlar, lakin biz azərbaycanlılardan icazə almırlar. Axı Ay bizim dövlət simvollarımızdan biridir. Düzdür, ayparadır, ancaq kim nə bilir o dilim Ayın harasıdır? O cümlədən, həmin ayparadan müsəlman dövlətlərinin az qala hamısının bayrağında, gerbində, dövlət simvollarında mütləq vardır. Ancaq xristianlar, buddistlər, ateistlər, nə bilim, induistlər hamısı Aya uçur, heç demirlər, ay müsəlman camaatı, sabahınız xeyir olsun, ay belə sizi xoş gördük. İkili standartlara görədir. Müsəlman düşmənçiliyinin bariz nümunəsidir.
Hərçənd, bir təsəllimiz var ki, biz müsəlmanlar Aya baxanda salavat çeviririk, nəticədə işlərimiz düz gətirir, kafirlər isə cəhənnəmdə odda yanacaqdır. (Hazırda Transcəhənnəm Neft-qaz Kəməri – TCNK üzrə danışıqlar gedir, müqavilə imzalanacaqdır. Müsəlman ölkələrinin hamısında, maşallah, neft vardır. Rəhmətlik Fikrət Sadığın bu temada bir şeiri yadıma düşdü, onu burda yazıram: “Harda neft var, orda bəla var. Nefti olan ölkələrin, Hamısında kərbəla var”). O cümlədən, biz hər il Ramazan ayında dünya üzrə Ayı ən çox müzakirə edən ümmətik. Bütün müsəlmanlar həmin vaxt çalışır Ayı birinci görsün. Çünki hədisi-şərifdə yazıldığı kimi, orucluqda Ayı birinci görmək hansısa kafirlərə qoşulub Ayın müqəddəs torpağında sülənməkdən üstündür.
Əlbəttə, göylə əlləşmək o demək deyildir ki, bizim yerdə problemlərimiz azalıbdır. Qətiyyən. Elə adicə pomidor krizisini götürək. Hələ də həll olunmayıbdır. Düzdür, dövlət idarəsi anons verdi ki, bir az hövsələ eləyin, Xaçmazda pomidor yetişmək üzrədir, əməkdaşlarımızı göndərmişik, orda tağları o üz bu üzə çevirib hər bir pomidorun yaxşı qızarmasına, üstünə gün düşməsinə çalışırlar. Ancaq Molla Nəsrəddinin sözü olmasın (yaxşı pulum olsa “Moll A Nəsrəddin” adlı ticarət mərkəzi açardım, girişinə də eşşək heykəli qoyardım). Müstəqilliyin 100 illiyində bizim dərdimizə bax. Pomidor. Gör nə qədər inkişaf eləmişik. Akademiyada alimlər gərək araşdırsın, bəlkə də pomidoru aylı gecələrdə yetişdirməyin faydası vardır. O cümlədən, buluda, küləyə, yağışa, söyüşə, instaqrama, işğala, senzuraya davamlı pomidor sortları hazırlanmalıdır. Qabaqkı vaxta ağlınız getməsin, indi müstəqilliyimizin düşmənləri çoxdur.
Ancaq kənd təsərrüfatı məhsullarına ehtiyac böhranını bizonların hesabına ödəmək olar. Deyir haçansa Qafqazda bizonlar sürü ilə gəzirmiş, sonra camaat bunları qırıb qurtarıb, indi Belarusda, Belovejskaya puşşa meşəsində (Allah Qarbaçovun öyünü yıxsın, biz o meşəni daha çox SSRİ-ni dağıdan toplantıya görə tanıyırıq) qalıblar. Orda bunlara zubr deyirlər. Uzun sözün qısası, həmin zubrlardan 4 dənəsini təzəlikcə gətirib İsmayıllı dağlarına buraxıblar. Eynilə yuxarıda adını çəkdiyim mollanın “filin dişisi də gəlir” əhvalatının təkrarıdır. Bəs necə, tarixi gərək unutmayasan, yoxsa təkrar olur. İdarə xəbərdarlıq eləyib, deyir İsmayıllıda meşədə-zadda zubr görsəniz çalışın 50 metrdən yaxın getməyin. Adamı rəhmətlik Ziya müəllimin vaxtındakı nəqliyyat müfəttişi taksi sürücüsünü ayaqlayan kimi ayaqlayırmış. Hələ bir dənə də bəbir və pələnglərin Lerikdə bərpası proqramı olmalıydı.
Çox yaxşı proqramlardır. Ümid edək o zubr-bizondan bir sürüsünü Bakıya, misal üçün, Məhsul stadionuna otlamağa buraxarlar. Zəhlətökən ünsürlər çoxalıb.