Rusiyanın mobil operatorlarından olan “MeqaFon” şirkəti Azərbaycan xalqından üzr istəyib – Dağlıq Qarabağdakı qondarma qurumu öz saytında müstəqil dövlət kimi təqdim elədiyinə görə. Şirkətin mətbuat xidmətinin rəhbəri bildirib ki, “Səhvimizi düzəltmişik və ən səmimi üzrxahlığımızı edirik, Dağlıq Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir”.

Yanlışı etiraf edib düzəltmək əlbəttə ki, mədəni davranış nümunəsidir, onun üstündə israr eləmək isə cahillik əlaməti. Rusiya şirkəti sivil davranış yolunu seçdi, nəinki erməni yalanının üzərində israr elədi.

Ancaq bu etiraf boş yerdən də yaranmadı. Ona kimi Rusiyada yaşayan soydaşlarımız “MeqaFon”un abunəçisi olan həmvətənlərimizi sosial şəbəkələrdə həmin şirkətlə əməkdaşlığa son verməyə, onu boykota çağırmışdılar. Proses artıq işə düşmüşdü. Həmçinin təzəcə yaradılan Rusiya Azərbaycanlıları İttifaqı məsələdə dərhal öz kəsərli sözünü dedi. Yekunda erməni təbliğatı babat zərbə aldı.

İş, operativlik, sinxron fəaliyyət budur. Təbii ki, son da sayılmaz. Qarabağ problemi qaldıqca erməni təxribatları davam edəcək. Əsas odur ki, dövlət, millət, diaspor, icma olaraq onlara çevik, vaxtında reaksiya verib təsirli kontur-tədbir görə bilək, “anti-yad” hazırlayaq. Çünki Qarabağ savaşı yalnızca səngərlərdə getmir, daha çox təbliğat məkanlarında aparılır. Həm də erməni yalanlarına qarşı əks-təbliğatın özü də bir təbliğatdır, Qarabağ gerçəyini dünyanın diqqətinə gətirmək üçün növbəti fürsətdir.

Rusiyanı və ABŞ-ı bu mənada məxsusi diqqətdə saxlamalıyıq. Ona görə ki, hər ikisi vasitəçi dövlətdir, dünyada söz sahibi olan supergücdür və hər ikisinin ərazisində güclü erməni lobbisi mövcuddur. Üstəgəl, Rusiyanın xarici siyasət idarəsinin başında illərdir erməni kökənli biri, “Qarabağda müharibə Azərbaycanın daxili işi deyil” deyən Lavrov-Kələntərov durur. Doğrudur, Rusiyada böyük Azərbaycan icması var – təşkilatlanma səviyyəsi arzulanan səviyyədə olmasa da.

Məsələ də əslində sayda yox, keyfiyyətdədir. Gərək biz də xalq olaraq təşkilatlanmağı, milli təhdidlərə qarşı birləşməyi bacaraq. Bununla da üzərimizə gələn hücumu düşmənin özünə qaytaraq. Bundan ötrü keçmiş sovet coğrafiyasında ideoloji-təbliğat işlərini yüksək səviyyəyə qaldıraq. Ermənilər Rusiya mediasında kifayət qədər təşkilatlanıblar. Yazılı və elektron KİV-də xeyli erməni yazar, aparıcı var. Azərbaycanlıların da xüsusilə Rusiya KİV-lərində təmsil olunmaları zamanın tələbidi. Nə qədər haqlı olsaq da, hərbi gücümüz ermənilərinkindən müqayisə olunmaz dərəcə üstün olsa da, media gücümüz zəifdirsə, təbliğat məsələsində uduzacağıq. Təbliğat üçün dövlət səviyyəsində pul-paraya xərcləməyə, bu sahəyə yatırım qoymağa simiclik etməməliyik – həm Rusiyada, həm MDB məkanında, həm də Qərb ölkələrində.

Onu da gərək unutmayaq ki, Qarabağ məsələsində yekun söz Rusiyanın yox, demokratik dünyanın olacaq. Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqla nə dəyişib ki? Bir-iki cırtdan ölkə və Putinin vassalı Bəşər Əsədin Suriyasından başqa heç bir dövlət, hətta marionet Ermənistan ruslara dəstək vermədi. Amma Avropa Birliyi və ABŞ Kosovanı müstəqil dövlət qismində tanıyan kimi dünyanın yarıdan çoxu eyni addımı atdı…

Mətləbdən uzaqlaşmayaq. Ötən ay erməni lobbisinin ən güclü olduğu Fransanın məhkəmələri Dağlıq Qarabağın işğal altındakı şəhərləri ilə bəzi Fransa şəhərləri arasında imzalanmış qanunsuz “dostluq müqavilələri”ni bir-bir ləğv elədi. Ermənilər az qala, şokda idilər. Etiraf elədilər ki, bu, Azərbaycanın uğurudur. Demək, ölçülü-biçili, sanballı və davamlı fəaliyyət olan yerdə, işimizi yaxşı düzüb qoşanda Ermənistanı “kiçik bacı” sayan Fransada da düşmən milləti məyus eləmək olar.

Eləcə də ABŞ-da ermənilərin burnunu ovmaq zamanı çatıb. Məsələn, bəlli ki, bəzi ştatlar “DQR”in müstəqilliyini tanıyıb – ABŞ dövlət olaraq, buna getməsə də. O zaman nədən Fransa presedentini Amerikada təkrarlamayaq, yəni ştatların tanınma qərarlarının ləğvinə nail olmayaq?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov haqlıdır deyəndə ki, bundan ötrü bir neçə on milyon dollarımızdan keçib ABŞ-da bir-iki sanballı hüquq firması ilə müqavilə bağlamaq kifayətdir. Əlavə edək: daha bir neçə milyon dollarımızdan keçib hazırda heç bir dövlət vəzifəsi tutmayan Xocalı hərbi canilərini – Robert Köçəryanı (artıq həbsdədir), Serj Sərkisyanı, Seyran Ohanyanı beynəlxalq məhkəməyə verə bilərik…

Beləcə, erməniləri dünyanın hər yerində Azərbaycan əleyhinə öz separatçı-faşist təbliğatına və əməllərinə peşman eləməliyik. Elə eləməliyik ki, torpaq iddiası haqda düşünməyə belə vaxtları olmasın, hər yerdə torpaq ayaqlarının altında alovlanıb yansın. Ta ki, Qarabağda alov sönənədək…

Загрузка...