Tələbə vaxtı bir kənddən olan və bir-birinə yaxından-uzaqdan qohumluğu çatan dörd gənc yataqxanada bir otaqda qalırdıq. Bizdən əvvəl də bu otaqda azı 10 il ərzində tələbə həmkəndlilərimiz qalmışdı, estafeti bizə vermişdilər.

Bir gün axşam saat 9-10 radələrində otağımızın qapısı döyüldü və içəri 33-35 yaşlarında plaşlı, şərfli (martın əvvəlləriydi) bir kişi girdi. Adam içəri girən kimi özünü təqdim etdi: “Mən Ləzgiyəm, tanıdınız?”

Tanıdıq. O, vaxtilə həmkəndlimiz İlhamla birlikdə bu otaqda qalmışdı. Onu ona görə tanıyırdıq ki, barəsində İlham da çox danışmışdı, onlardan aşağı kurslarda oxuyan tələbələr də. Onun əsl adı ya Nizam, ya Nizami idi, amma institutda oxuduğu zaman fakültədə hamı ona məhz Ləzgi deyirmiş və balakənli balası bu adı tam “özəlləşdiribmiş”.

Ləzgi içkiliydi. Yer göstərdik, plaşını çıxarıb oturdu. Çay süzdük. Söhbətə başlayan kimi Ləzgi dedi ki, siz İlhamın kəndçilərisiniz, eləmi. Təsdiqlədik.

O, bu informasiyanı, güman ki, haradasa rastlaşdıqları vaxt İlhamdan öyrənmişdi. Ləzgi dedi: “Biz İlhamla qardaş olmuşuq. Çox keflər eləmişik. Bizim tələbəliyimiz əla keçdi”.

Xəbərimiz vardı. Doğrudan da onların tələbəlikləri sovet dövrünün ən yaxşı vaxtlarına düşmüşdü, ata-anaları imkanlı olmuşdu, heç bir sıxıntı-filan çəkməmişdilər, barələrində “əfsanələr”, məzəli söhbətlər gəzirdi. Biri beləydi ki, bir gün İlham, Ləzgi və bir başqa tələbə yoldaşları Göygöldə ayaqları yer tutmayana qədər içir, taksiyə oturub yataqxanaya gəlirlər. Taksi yataqxananın önündə dayanır, amma bunlar düşmürlər, deyirlər, üçüncü mərtəbəyə sür. Sürücü arif adam çıxır, maşını yataqxananın önündəki hovuzun ətrafında fırlayır, saxlayır, deyir, düşün, 3-cü mərtəbədir. Sərxoş tələbələr sakitcə düşüb gedirlər.

Bu əhvalatı soruşduq, Ləzgi xeyli güldü və dedi ki, hələ başqa məzəli söhbətlər də var. Amma o, içkili və yorğun idi, həmin əhvalatları danışmadı, eləcə kədərli şəkildə susdu.

Bir azdan sonra Ləzgi çarpayılardan birini göstərib dedi ki, burada yatacaq, çünki o vaxt burda yatıb. Etiraz etmədik, dedik, harda istəyirsən, orda yat. Ləzgi üst paltarlarını çıxaranda əlini cibinə saldı, bir qom pul çıxarıb masanın üstünə atdı, dedi, biz İlhamla qardaş olmuşuq, siz də onun kəndçilərisiniz, bu pulla yeyib-içərsiniz.

Pulların bir yarısı masanın üstündə qaldı, bir yarısı yerə səpələndi. Yığıb, saydıq, dəstələdik, 300 manatdan çox pul idi. Bilirdik ki, hansısa müəssisədə baş iqtisadçı vəzifəsində işləyən Ləzginin bu əliaçıqlığı təkcə içkili adamın səxavəti deyil, xasiyyəti belədir.

Ləzgi təxminən 1 saat yatdı, sonra qalxdı, dedi, doğma qardaşı da bu yataqxanada, ikinci mərtəbədə qalır, onun yanına getməlidir. Durdu, geyindi, qapıdan çıxmaq istəyəndə masaya atdığı pulu özünə vermək istədik, götürmədi, dedi, sizə qurbandır. Çıxdı.

Biz dedik, 5 manat deyil, 10 manat deyil, 300 manatdan çox puldur, bu qədər bəxşiş olmaz, sabah qardaşına qaytararıq.

Səhər açıldı, sübh tezdən biz pulu aparıb Ləzginin qardaşına verdik, bilirdik ki, o, yuxudan durub rayona getmək istəyəndə cibində pul olmadığını görəcək və tələbə qardaşından pul alıb gedəcək.

Mən Ləzgini bir daha çox sonralar, 7-8 il bundan əvvəl Xırdalanda, İlhamın hüzr məclisində gördüm. Xəbər tutub gəlmişdi. Rəhmətliyin qohumu-qardaşı ağlayıb kirimişdi, amma Ləzgi kirimirdi. Biz (bir neçə nəfər köhnə tələbələr) bir tərəfə çəkilib söhbət edəndə, o, bir neçə dəfə təkrar etdi: “Biz İlhamla qardaş olmuşuq, qardaşdan da artıq olmuşuq”.

Düz deyirdi, onlar doğrudan da 4 il 7 ay tələbə yoldaşı olmuşdular, amma ömürlük qardaşa çevrilmişdilər.

Sözü nəyə gətirirəm? Azərbaycanda yaşayan, birlikdə tələbəlik keçirən, əsgərlik çəkən, bir kollektivdə çalışan hər kəsin o cür ləzgi, talış, kürd, avar, tat, qırız qardaşları var. Onlar ömürlük qardaşlardır.

Heç kim bu dostluğa, qardaşlığa əbəs yerə pəl vurmağa, araya nifaq salmağa çalışmasın. Belə qardaşlıqlar minlərlə, on minlərlədir.

Böyük dövlətlərin xüsusi xidmət orqanları kiçik dövlətləri tam itaət altında saxlamaq üçün vaxtaşırı etnik azlıqları qızışdırmağa çalışır, amma başarılı ola bilmirlər. Çünki hərbi xidmətdə, tələbəlikdə yaranan, yaşanan “qardaşlıqlar”dan bixəbərdirlər, onun nə qədər önəmli faktor olduğunu bilmirlər.

Загрузка...