“Əcəb terminlərimiz var: pioner laqeri, istirahət zonası…”

(Şenderoviç)

Ölkəmizdə rüşvətxorluqla mübarizə tədbirləri yüksək sürətlə, dinamik şəkildə, milli mentalitetimizə uyğun davam etməkdədir. Yenə gömrükdə bir polkovniki tacirdən rüşvət istədiyi üçün tutublar. Belə getsə gömrükdə işləməyə adam tapılmayacaq. İdarənin hörməti itib gedəcəkdir. Yoxsa camaat orda işləməyə niyə maraq göstərsin? Gömrük dünyanın əksər yerlərində quru maaşa baxan, özü də Maliyyə Nazirliyinin-filanın içində bir idarə olur, heç müstəqil komitə-nazirlik qayırmağa qoymurlar. Bu temada bir köhnə anekdot da var idi, rəhmətlik Tahir Əliyev gömrüyün sədri qoyulanda “Çeşmə” qəzeti yazmışdı. Deyir Tahir müəllim komitədə ilk iş gününə başlayır, bunu idarədə otaqları gəzdirib iş prosesini göstərirlər. Bir otağa girirlər, masanın üstündə çoxlu qızıl-gümüş olur. Tahir müəllim soruşur bu nədir, köməkçi deyir qaçaqmalçılıq yoluyla sərhəddən keçirilmək istənilən zinət əşyalarıdır, müsadirə eləmişik. Başqa otaqda bir podnos brilyanta rast gəlirlər, köməkçi bunların da qaçaqmalçılardan alındığını söyləyir. Belə-belə otaqları gəzdikcə bir taya pul, manat, dollar, bir anbar əntiq əşyalar, canım sənə desin, yüz metr qədim xalça, bahalı silahlar və sairə görürlər. Nəhayət son otaqda deyirlər bu sizin kabinetdir, maaşınız da filan qədər olacaq. Tahir müəllim heyrətlənir: “Hələ mənə maaş da verəcəksiniz?”. Maraqlı epoxa idi, bir dəfə Tahir müəllim müşavirədə çaşıb “Təkcə rüşvət almırıq, içində rüsum da olur” demişdi.

Ta mövzu açılıb, bir dənə də gömrük lətifəsi yazaq. Deyir dünya gömrükçüləri arasında sorğu keçirilir. Sual verilir ki, özlərinə nə qədər müddətə “BMV” ala bilərlər. Fransız gömrükçü maaşını, xərclərini hesablayır, deyir 2 ilə alaram. İtaliyalı və alman da təxminən buna yaxın müddət səsləndirir. Rus deyir 2 aya alaram, nə çətin işdir, rüşvətin canı sağ olsun. Növbə çatır azərbaycanlıya, bu bir az fikirləşir, deyir: “4-5 il çəkər”. Hamı təəccüblənir: “Bəs niyə o qədər gec? Sizdə maaş görünür azdır”. Azərbaycanlı deyir: “Əşşi, nə maaş? Sadəcə, BMV böyük şirkətdir”.

Elə vaxtaşırı cəmiyyətdə müzakirə edilən “Bizdən xaricə neçə milyard aparılıb” temasında müzakirələr də hardasa gömrüyə aiddir. Məsələn, bu yaxınlarda rəhmətlik MTN-in şefinin 5 milyardını xaricə çıxaran dəstənin cinayət işi haqda yazmışdılar. Düzdür, orada keçmiş vergilər naziri Fazil müəllimin adı hallanırdı, ancaq pulları təkcə qanunsuz şirkətlər vasitəsiylə çıxarmırlar. Bəzən nağd formada təyyarəyə yükləyib aparırlar. Bu zaman gömrük yoxlamasından da keçməlisən. Ya da keçməli deyilsən – indi dəqiq yadımda qalmayıb.

Dünən isə “80 milyardı ölkəmizdən çıxarıblar” söhbəti rastıma çıxdı. Biz gərək belə məbləğləri bir qədər ehtiyatla səsləndirək, yazaq, çünki uca millətimizin ürəyi xarab olur. Yoxsa baxırsan biri deyir 120 milyardı aparıblar, o biri deyir azaltma, 200 milyard olar, başqası deyir şişirtmədir, uzağı 95 milyarddır. (Qəsdən ortaya bir “beşlik” də soxuşdurur ki, inanaq). Məncə bu tip cümlə quruluşu öz-özlüyündə yanlışdır. O milyardların Azərbaycandan çıxarılması üçün gərək əvvəlcə onları Azərbaycana gətirsinlər. Bu da kimin nəyinə lazımdır? Nöşün ki, bizim milyardlarımız neft-qaz məhsulları ixracından yarana bilər. Pomidor-xiyardan hələlik milyard çıxmır. Həmin neft dollarları isə elə xaricdə yaranır və orda da qalır. Elektron hesablarda, fakturalarda, birjalarda, banklarda və sairədə. Gördüyünüz kimi, filoloji baxımdan, üslubi baxımdan “Azərbaycandan filan qədər milyard xaricə çıxarılıb” ifadəsində qüsur var. Biz isə işimizi qüsur əsasında qura bilmərik. Hər şey düzgün olmalıdır. Hələ alman filosofu Lüdviq Viqtenşteyn müəllim neçə yüz il qabaq deyibdir ki, sözün mənasına fikir verməlisən, dünyanı söz idarə eləyir. Elə “gömrük” sözünə baxaq. Bu nə deməkdir? Ay sağ ol, qədim türk sözü olub “gömürük”, “basdırırıq” anlamındadır.

Hələlik bu qədər. Linqvistik araşdırmalarımız davam edir. Heç kim sözümüzü, ana dilimizi əlimizdən alıb xaricə çıxarda bilməz.

Загрузка...