Gürcüstanda etirazlar hələ ki öz məntiqi sonluğuna çatmayıb. Bəllidi ki, qonşu ölkədə anti-Rusiya ovqatı bu etirazlar üçün katalizator rolu oynayıb. Ancaq hansı həmsərhəd məmləkətdə rusları sevirlər ki?

Postsovet ölkələri, Gürcüstan, Ukrayna, Moldova, Baltikyanı dövlətlər öz yerində, qapı qonşular – Polşa, Rumıniyada da Rusiyaya rəğbət yoxdur və ondan həmişə ehtiyat edirlər. Yaxud Rusiya ilə Belarus guya ittifaq dövlətində birləşib. Amma bu, Belarus prezidenti Aleksandr Lukaşenkoya zaman-zaman anti-Rusiya bəyanatları verməyə, bu ittifaqın formal olduğunu xatırlatmağa mane olmur. Ruslara ən yaxın xalq sayılan belarusları belə, Rusiya ilə vahid dövlətdə yaşamaq bir elə maraqlandırmır.

Heç vassal ermənilər də baxırsan ki, Moskva üçün əldən getmir, İvanın çörəyini yeyib, İvanın qoltuğuna sığınsa da, onun hesabına “Ermənistan” adlı simvolik dövlət qursa da, fürsət düşən kimi nankor qonşularımız öz sahibini sancır, Moskvaya etiraz püskürürlər, Putinin şəklini yandırırlar.

O ki qaldı bizə, əslində Azərbaycan da rusofil ölkə sayılmaz. Ancaq mövzumuz bu deyil. Tiflis olaylarıdır.

Bu günlərdə Gürcüstanda olan polyak jurnalist yazıb ki, gürcülər qorxu içərisində yaşayır, çünki Rusiyanın müdaxiləsi istənilən vaxt baş verə bilər. “İşğal edilmiş Abxaziyada və Cənubi Osetiyada Rusiya hərbi bazaları yerləşir, cəmi bir saata Rusiya hərbçiləri Tiflisə çata bilərlər”. Təlaş budur. Zatən, 2008-ci ilin “5 günlük müharibəsi” zamanı ruslar Tiflisin həndəvərinə gəlib çıxmamışdılarmı? İşğal altındakı bölgələrdən Gürcüstan paytaxtına cəmi 100 km-lik məsafə var.

Əlbəttə ki, gürcülərin təlaşı haqlıdır. Daha bir səbəbdən: ruslar bir məşhur lətifədə deyildiyi kimi, “sayıb kəsməyi” yox, “kəsib saymağı” sevirlər. Yəni əvvəlcə hansısa yad ərazini işğal və ya ilhaq edir, sonra isə buna haqq qazandırmağa, “konstitusion əsaslar” uydurmağa çalışırlar, nəinki öncə işğal-ilhaqa “hüquqi” zəmin hazırlayırlar.

Yeri gəlmişkən, Rusiyanın aparıcı telekanallarında analitik proqramları izləyənlər rus siyasi-ictimai şüurunda bu düşüncəyə asanlıqla əminlik hasil edə bilərlər. Az qala, hər gün bir dəstə qalstuklu rus siyasi və ekspert XXI əsrdə (!!) aparıcı TV-lərdə rahatca başqa ölkələrin torpaqlarının işğalının mümkünlüyündən elə dəm vururlar ki, sanki BMT Nizamnaməsində güclü dövlətin balaca dövləti parçalamaq haqqı əks olunub. Sanki yad məmləkətləri işğal eləmək ruslara əsrlər öncə olduğu kimi, XXI əsrdə də (!!) ana südü kimi halal imiş. Başqa ölkələrin suverenliyi və müstəqilliyinə yuxarıdan-aşağı baxmaq mərəzi də öz yerində.

Problem də ondadır ki, Rusiyanı heç vaxt öz siyasətini beynəlxalq hüquqa uyğunlaşdırmaq maraqlandırmayıb, əksinə, beynəlxalq hüququ özünə uyğunlaşdırmağa səy edib. Bu, bəlkə də yeganə ölkədir ki, konstitusiyasında belə bir qeyd var: “Rusiyanın təhlükəsizlik maraqları diktə edərsə, başqa ölkəyə hərbi müdaxilə edilə, hətta nüvə zərbəsi endirə bilər”. Bir neçə il öncə isə Rusiya Ana Yasasına bu maddə əlavə olunub: “Beynəlxalq qanun və konvensiyalara Rusiya konstitusiyası ilə ziddiyyət təşkil edərsə, Rusiya konstitusiyası əsas götürülür”.

Aydın oldumu? Bu da sizə başqa ölkələrə dəvətsiz soxulmaq üçün, təcavüz üçün bir kitablıq “qanuni və konstitusion əsas”. Belə bir yırtıcı, dünya düzəni və beynəlxalq hüququ hərləməyən dövlətin qonşusu olmaq əlbəttə ki, qorxuncdur. Gürcülərin haqqı var.

İndi gör bədbəxt Ermənistan nə gündədir: orada rus ordusu Ermənistanın öz içindədir. Gümrüdə, İrəvandadır. İşğalçı ölkənin Türkiyə və İranla sərhədlərinə, İrəvan aeroportuna belə, “xilaskar” ruslar nəzarət edir. Ermənilər də arsız-arsız müstəqillikdən, suverenlikdən dəm vururlar…

Загрузка...