İndi də bir Ələmdar söhbəti çıxıb. Yeni videodur. Bu gün-sabah bir neçə milyon adam bir-birinə göndərəcək və bu video reytinqlər qıracaq.
Videonun qısa məzmunu sadəcə biabırçılıqdan ibarətdir. Orta yaşlı bir kişi gəlib arvadını öz əmisioğlu ilə birlikdə tutub və videoya çəkərək hədələyir ki, əgər o, yəni suçlu oynaş Ələmdar köçüb getməsə, başına pis iş gələcək.
Ələmdar da zorlanmaq və asılmaq qorxusundan kənddən köçüb getməyə dərhal razılaşır. Əslində o, situasiyanı daha ayıq qiymətləndirir. Hətta o qədər ayıqdır ki, zərərçəkən əmisioğluna “haqq-hesabı videoya çəkmə” deyir. Amma aldadılmış ər şir öldürmüş pəhləvan kimi deyir, yox e, nə çəkmə…
Ardınca “xalq hər şey bilməlidir” qrafasına girəcək proses gedir və budur, xalq hər şeyi bilir.
İndi Ələmdar o kənddən çıxıb, ya çıxmayıb, bilinmir. Çıxmayıbsa, aldadılmış ər tərəfindən tutulub zorlanıbmı (adam vəd etmiş, and içmişdi), o da məlum deyil. Heç bu biabırçılıqdan sonra həmin ər-arvadın boşanıb-boşanmadığı barədə də xəbər yoxdur.
Bircə bilinən odur ki, ortada ölüm-itim olmayıb. Olsaydı, rayonlardan gələn kriminal xəbərlərdən biri də “Ər arvadını qısqanclıq zəminində öldürdü” və ya “İki əmioğlu arasında namus davası” olardı. Şükür ki, məsələ kriminal müstəviyə çıxmayıb, salam-səfa ilə ötüşüb.
Amma ortada bu video olmasaydı, daha yaxşı olmazdımı? İndi tərəflərin yaxınları, qohumları məsələyə müdaxil olub, ortalığı qarışdıracaqlar. Biri aldadılmış ərə deyəcək ki, Ələmdarı nahaq buraxdın, gərək ən azı bıçaqla vuraydın, ya da o dediyini eləyəydin. O biri də Ələmdara deyəcək ki, sən niyə kənddən gedirsən, o getsin, biabır olan odur, sən kişi işi görmüsən.
Bir az da qaz veriləndən sonra Ələmdarın başı çönəcək, deyəcək, eləmişəm, yaxşı eləmişəm, kənddən də heç yerə getmirəm. Söhbət bura dirənəndə əmoğlu məcbur olacaq kəsici-deşici alətlərə əl atsın. Axı o bir dəfə Ələmdara qarşı humanistlik eləmişdi, “səni buraxıram, amma kənddən gedəssən” demişdi. Amma gör, Ələmdar nə edir?
Bununla belə, bilmək olmaz, bəlkə Ələmdar tırkaya getməyən, ağıllı biridir, bilir ki, bu işin sonu kriminal xəbərlər bülletenində bitər, ona görə də bəri başdan, əldən qurtulmuşkən, başını götürüb, başqa yerə gedər. Ağlı olsa, elə edər, özü kənddən çıxar və kəndin ortasına başı dik şəkildə çıxmaq imkanını əğyara həvalə edər.
İndi gələk, məsələnin o tərəfinə ki, insanları bu cür videolar çəkib özlərini biabır etməyə nə vadar edir. Bunlar, türkün sözü, nəyin peşindədirlər, məqsədləri nədir, nəyə nail olmaq istəyirlər? Belə edəndən sonra kənd-kəsəkdə hörmətləri artırmı, yaxşı ad-san qazanırlarmı?
Görəcək işdir. Bəzi Hollivud filmlərində belə epizodlar olur: aldadılan ər bir dəstə jurnalistlə, polislə gəlib arvadını və onun oynaşını yataqda tutur və təntənə ilə bəyan edir ki, şahid olun, ortada xəyanət var. Onlar da şahidlik edirlər və xəyanətə uğramış ər kefikök halda deyir, indi məhkəməyə müraciət edə bilərik.
Oralarda belə əhvalatlar ona görə baş verir ki, ortada milyonluq təzminat söhbəti var. Ər xəyanətə məruz qaldığını sübut etsə, təzminat ödəmir, 1-2 milyon qabağa düşür, ona görə elə hərəkət edir və “buynuzlu qoç”un qisası buynuzsuzda qalmır.
Bəs bizim xəyanət videosu çəkənlər nə istəyir? Üstəlik, bunu niyə paylaşırlar? Mütləq xalq bilməlidirmi ki, Ələmdar nə iş görüb və başına nə iş gəlib?
Adam ha fikirləşir, bu hərəkətlərə bir məna verə bilmir. Bəziləri dərinə getmədən bütün günahları İnternetin, Feysbukun, İnstaqramın üstünə yıxa bilər. Guya ki, günahkar bu sosial şəbəkələrmiş. Elə deyil. Sosial şəbəkələrin yüz milyonlarla üzvü var, hamı özünü biabır edirmi?
Düzdür, bu və ya digər şəkildə qafasının sağlıq durumunun, maniakal şövqlərinin, tərbiyələrinin nədən ibarət olduğunu nümayiş etdirənlər çoxdur, amma yenə də çoxunun ağlı kəsir ki, bəzi intim məsələləri bu platformaya çıxarıb özlərini, nəsillərini, kəndlərini biabır eləməsinlər.
Bax, yaxşı ki, Ələmdarın vaqiəsinin hansı rayonun hansı kəndində olduğu bilinmir, yoxsa indi sosial şəbəkə üzvləri həmin rayondan olan dostlarıyla məzələnirdilər.
Allah heç kəsi nə Ələmdarın əmioğlusunun, nə də özünün gününə qoymasın…