“Əgər sənə gülürlərsə, bunda qorxulu heç nə yoxdur. Ən pisi o olardı ki, səni ağlasınlar”
(Mixail Jvanetski)
ABŞ prezidenti Tramp və Şimali Koreyanın müdiri Kim müəllim arasında görüş keçirilərkən jurnalistlər yaxşı yer tutmaq üçün dalaşıblar, arada Trampın mətbuat xidməti əməkdaşının gözünün altı da qaralıbdır. Məncə bizim Mətbuat Şurası, başda hörmətli Əflatun müəllim olmaqla, bu çirkin hadisəni dərhal mənfi qiymətləndirməlidir, Amerikada söz azadlığının pozulması faktı kimi pisləməlidir. Gecikirik. Xaricilərin bu sahədə bizdən öyrənəcəyi çox şey var. Heç siz bizim məmurların brifinqləri zamanı hansısa jurnalistin çeçələ barmağı cızılsın, belə şey görmüsünüzmü? Düzdür, bizdə adətən brifinq də olmur, ancaq buna ehtiyac yoxdur. Hər kəs öz yerini bilir. Hökumət jurnalistlərə əziyyət vermək istəmir, çox zaman əvəzimizdən yazını da hazır göndərirlər. Bəlkə özümüzü yaxşı aparsaq hovuza su buraxdılar. Yaradılmış müsbət şəraitə görə dərin minnətdarlığımızı bildiririk. Dünyada qalsa-qalsa ancaq yaxşılıq qalacaqdır.
Sözgəlişi, keçən həftə Gürcüstanda yaşayan bir dostum guya mənə acıq vermək üçün xəbər linki göndərmişdi. Xəbərdə deyilirdi ki, gürcülərin teatra, muzeylərə marağı artmışdır, son illərdə tamaşalara və muzeylərə gedənlərin sayında filan qədər çoxalma vardır və sairə. Belə çox gülməli xəbər idi. Xox, qorxduq. Gürcülər getsinlər qanunsuz etiraz aksiyalarının dərdini çəksinlər, artıq 10 dənəsini keçiriblər, sanki Tiflis Paris şəhəridir, bunlar da sarı jiletlilər. Putinin sözü olmasın, siz Parisdə yaşamaq istəyərsinizmi? Mən istəmərəm – çünki gedib görmüşəm, çox qüssəli şəhərdir. Təsəvvür elə, 200 ildir şəhərin içinə yekə bir buruq qondarıblar, ancaq hələ onun dibindən bir qram neft çıxmayıbdır. Belə bərəkətsiz yerdir. Qədim zamanlarda müdrik kişilər bunu bildikləri üçün Paris şəhərinə latınca “Fluctuat nec mergitur” devizi seçmişdilər, indi də bu şüar şəhərin bayrağında qalır. Tərcüməsi “üzür, ancaq batmır” deməkdir. Yəni, birtəhər başını girələyir. Əlbəttə, bu bizim tema deyil, Parisin dağılmasını hələ 170 il qabaq həll eləmişik.
Tamaşadan danışırdıq. Gürcülər teatra getməkdə olsun, bizdə hər bir küçə, hər bir dalan, ev, otaq özü teatrdır. Maşallah, aktyor və aktrisalarımıza da dövlət elə gözəl qayğı göstərir ki, qrimlərindən yağ damır. Aktrisa var, restoran pişiyinə oxşayır. Aktyorlarımıza o qədər ev verilib ki, artıqlarını sata-sata makler olublar. Halbuki, 90-cı illərdə, AXC-Müsavat cütlüyünün hakimiyyət erasında hamısı acından ölürdü, Hamlet rolunu oynayan aktyor sünnət toyunda tamada işləyirdi, Fiqaro “28 may”da avtobusa sərnişin çağırırdı, Dezdemonanı isə oblavada tutub zorla Xanim Xəlilovanın “Qadınlar batalyonuna” üzv yazmışdılar.
Qaldı muzeylərə çox getmək məsələsi, bu sahədə də heç kim bizim millətə yanıq verə bilməz. Bizdə hər ev muzey kimi yerdir. Hara baxırsan canlı eksponatlardır. Neçə yüz ildir bu cürdür. Misal üçün, Əbdürrəhim bəy Haqverdiyev xatirələrində yazmışdı ki, o vaxt Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalını buraxanda rəssam Oskar Şmerlinq karikaturalarına personaj yığmaq istərkən heç beyninə əziyyət verməzmiş, eləcə küçəyə çıxıb müsəlmanlara baxar, qayıdıb rəsmini çəkərmiş. Necə deyərlər, naturadan karikatura çəkirmiş. Yeri gəlmişkən, bir ara içərişəhərli rəssam Mirteymurun emalatxanasında çoxlu buna bənzər keramik heykəlciklər görmüşdüm. Mirteymur bəy də eynilə, deyirdi bu tiplərin sifətini fantaziyası əsasında qurmur, küçədən, canlı olaraq “yığıb” sobada bişirir.
Sonda bir daha tələb edirəm Eldar müəllimin uşaqlarının Metro Tağıdan zorla tutub aldığı 3 milyon dollar geri qaytarılsın. Bu, artıq bir prinsip məsələsinə çevrilir.