Füzuli rayonunda baş həkimin evinə hücum ediblər.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə üç gün əvvəl rayonun Böyük Bəhmənli kəndində baş verib.

Bir qrup kənd sakini rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürovun yaşadığı mənzilə hücum edib.

N.Şükürov bildirib ki, övladının xeyir işi ilə əlaqədar olaraq məzuniyyət götürübmüş. Həmin vaxt rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib. Məzuniyyətdə olmasına baxmayaraq, vəziyyətə özü nəzarət edib və xəstələrə lazımi tibbi yardım göstərilib. Ancaq yaralının qohumları onun evinə gələrək xəstələrə lazımi kömək edilmədiyini iddia edib və oğlu Araz Şükürovu döyüblər.

Məsələ ilə bağlı qarşı tərəfin nümayəndəsi, xəsarət alan şəxsin dayısı Elçin Əliyev isə bildirib ki, iyunun 26-da axşam saatlarında onun bacısı oğlanları ağır yol qəzasına düşüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri ağır olan gənclərə heç bir tibbi xidmət göstərilməyib. Onlar yaralıları Bakı şəhərində yerləşən xəstəxanalarının birinə yerləşdirmək üçün təcili tibbi yardım avtomobili istəsələr də, xəstəxanadan verilməyib. Bildirilib ki, təcili tibbi yardım avtomobili üçün baş həkim N.Şükürovun rəsmi icazəsi olmalıdır. Onlar baş həkimlə telefonla danışıb vəziyyəti izah etsələr də, həkim icazə verməyib. Bu səbəbdən onun yaxınları baş həkimin qaldığı evə gediblər. Bu zaman isə orada mübahisə düşüb.

Videodan görünür ki, bir qrup şəxs baş həkimin evinin qarşısına yığışaraq əsəbi şəkildə darvazanı təpikləyir, onun bayıra çıxmasını tələb edirlər.

Hadisə ilə əlaqədar baş həkim rayon Polis şöbəsinə müraciət edib.

Faktla bağlı polis araşdırma aparır.

Загрузка...