İstəmirdim ki, bu gün yaşanan hadisə bir daha təkrarlansın. Mən unutmağa çalışdıqca o, imkan vermirdi. Nəhayət, o gecə, yenidən üstümə gəldi. Evdə hər kəs yatmışdı. Rayon yeri olduğu üçün səsimi çıxarmağa qorxdum.

Vahiməli baxışları ilə əynindəkiləri çıxarıb mənə yaxınlaşmaq istədi. Bir onu bildim ki, özümü qapıdan çölə atdım. Yerdən baltanı götürüb gizləndim. Arxamca gəlməsəydi, öldürməyəcəkdim. Amma gəldi. Balta ilə başından vurub öldürdüm.

Bunu Oxu.Az-ın müxbiri ilə söhbətində 4 saylı Cəzaçəkmə Müəssisəsinin sakini, 22 yaşlı Alyona Baxışova deyib.

Qusarlı qızın tükürpədən hekayəsi:

O, 1997-ci ildə Qusar rayonunun Ləcət kəndində doğulub. Ailədə beş nəfər olduqlarını deyən Alyonanın uşaqlığı yaxşı keçməyib, o, ailəsi, xüsusilə qardaşı tərəfindən tez-tez zorakılığa məruz qalıb:

“Məni döyürdülər. Ailəm məni istəmirdi. Həmişə bir bəhanə ilə anam, nənəm məni söyürdü, döyürdü. Başqa qızlar kimi normal həyat yaşaya bilməmişəm. Qardaşım Baxış mənə sataşırdı. Əvvəl zarafat etdiyini düşünürdüm. Sonra gördüm ki, yox. Mənə yaxınlaşıb, toxunmaq istəyir. Mən ondan qaçmağa çalışsam da, buna nail ola bilmirdim.

Həmişə evdə tək qalanda, anam olmayanda mənə təcavüz etmək istədiyini deyirdi. O qədər qorxurdum ki, onunla evdə tək qalmamaq üçün tez-tez qaçıb gedirdim. Anam gələndə qayıdırdım. Dəfələrlə deyirdim ki, o mənə sataşır, mənimlə cinsi münasibətdə olmaq istədiyini deyir. Anam isə “ayıb olsun sənə, o sənin qardaşındır” deyib döyürdü.

Onu şikayət etdiyimi biləndə isə qardaşım da məni döyməyə başladı. O qədər döyürdülər ki, bədənimdə salamat yer yox idi. Hərdən düşünürdüm ki, kaş atam sağ olaydı. Bəlkə, o, mənə inanardı”.

Qusarlı qızın tükürpədən hekayəsi:

“Atam sağ olsaydı…”

Atasının 2000-ci ildə ağacdan yıxılaraq öldüyünü deyən A.Baxışova kənd yerində kimə sığınacağını bilmədiyindən daim qorxu içərisində yaşayıb. Deyir ki, qohumları da qardaşının ona qarşı pisniyyət davranışlara yol verdiyinə inanmayıb:

“Bir neçə dəfə qohumlarımıza da başa salmağa çalışdım. Dedim ki, məni onunla tək qoymasınlar. Amma xeyri olmadı. Nəhayət, 2014-cü ildə hər kəs yatan zaman qardaşım yenə mənim otağıma gəldi. Mən otaqda tək yatırdım. Birdən səsə oyandım, gördüm ki, şalvarını çıxarıb, cinsiyyət orqanını göstərərək, məni zorlamaq istəyir.

Utandığımdan səsimi çıxara bilmədim, evdən çıxıb həyətə qaçdım. O günə qədər heç vaxt onu öldürmək keçməyib ağlımdan. Əgər gecə arxamca həyətə gəlməsəydi, öldürməyəcəkdim. Amma gəldi. Həyətdə ağacın altındakı baltanı götürüb gizləndim. Arxamca həyətə çıxanda başından vurub öldürdüm. Sonra elə həyətdəki fındıq ağacının altında yer qazıb onu basdırdım”.

Qusarlı qızın tükürpədən hekayəsi:

“Kaş anam mənə inanaydı…”

Alyona etdiklərindən peşman olsa da, polisə etiraf etmək üçün cəsarət toplaya bilməyib. Qərara gəlib ki, anasına qardaşının bir müddətlik Mahaçqalaya işə getdiyini desin. Lakin qardaşının telefonunu özündə saxlayıb:

Qusarlı qızın tükürpədən hekayəsi:

“Anam səhər soruşanda dedim ki, qardaşım tezdən işə getdiyini deyib çıxdı. Telefonu gizlətdim, arada qardaşımın adından mesaj yazırdım ki, məni axtarmayın. Amma o hadisədən sonra  həyətə çıxa bilmirdim. Fındıq ağacının yaxınlığına gedə bilmirdim. Hər gecə onu öldürdüyümü yuxuda görürdüm. Özümdə deyildim.

Polislər gəlib sorğu-sual edib gedirdilər. Axırıncı dəfə gələndə qardaşımın telefonunu da mənim əlimdə tutdular. Yalandan dedim ki, gələndə mənə vermişdi telefonu. İnanmayacaqlarından qorxdum və onu tapmasınlar deyə yerini dəyişmək istədim.

Yeddi aydan sonra qardaşımı basdırdığım yerdən çıxarıb evimizdən aralıdakı bostanda basdırmaq qərarına gəldim. Gecə saat 05:00-da onu oradan çıxardım, cəsədi arabaya qoyub aparmaq istədim. Yerləşmədi. Məcbur olub balta ilə qollarını və ayaqlarını doğradım.

Qusarlı qızın tükürpədən hekayəsi:

Baxışı bostanda qazdığım yerdə basdıranda balaca qardaşım məni gördü. Amma başa düşmədi. Pomidor əkdiyimi dedim. 2015-ci ilin iyun ayı olardı, nənəmlə Qusarın mərkəzinə getmişdim. Biz orada olanda anamgil bostanda işləmək qərarına gəliblər. Qəribə iy hiss edib həmin yeri qazıblar. İnsan sümükləri görəndə tez polisə xəbər veriblər. Artıq bir müddət sonra oradan iy gəldiyini görən kiçik qardaşım Rafiq həmin yeri qazıb və sümüklər çıxıb. Bundan sonra hamı məni axtarıb. Balaca qardaşım mənə zəng elədi ki, yerimi öyrənsin və polisə təhvil versin. Mən evə qayıdanda polislər məni saxladı və nəhayət, cinayəti etiraf etdim”.

“Bizim sən adda qızımız yoxdur…”

Qusarlı qızın tükürpədən hekayəsi:

2015-ci il iyunun 2-də 17 yaşlı Alyona həbs edilib. Məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum olunub. Artıq cəzasının beş ilini çəkən Alyona deyir ki, zamanı geri ala bilsəydi kənddən, ailəsindən qaçıb gedərdi:

“Əgər zamanı geri qaytara bilsəydim, polisə gedərdim. Onu da edə bilməsəydim, heç nəyə baxmadan evdən qaçardım. Canımı qurtarardım. Beş ildə anam yalnız üç dəfə yanıma gəldi. Sonuncu dəfə nə zaman gəldiyini xatırlamasam da, son sözləri yadımdadır. Mənə son sözü o oldu ki, “bizim sən adda qızımız yoxdur”.

Onsuz da onların uşağı olduğumu heç vaxt hiss etdirməyiblər, amma dörd divar arasında bu sözü eşitmək ağır gəldi mənə. Heç kimə görə cinayət törətməyə dəyməz. Mən o an belə düşünə bilmirdim. Özümü idarə edə bilmədim və həyatım məhv oldu. Əgər bunu kimlərsə oxuyacaqsa, mənim kimi özlərini bədbəxt etməsinlər”.

Qusarlı qızın tükürpədən hekayəsi:

Alyona dünyada baş verənlərdən xəbərsizdir. O deyir ki, cəzasını çəkib azadlığa çıxanda ailəsi ilə qətiyyən bir araya gəlməyəcək. Yaşamaq, həyata yenidən bağlana bilmək üçün heç kimin onu tanımadığı bir yer tapıb həyatına davam etməyə çalışacaq.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov

Загрузка...