Qərb mediası hələ də İstanbuldakı 23 iyun seçkisindən, müxalifətçi namizəd Əkrəm İmamoğlunun qələbəsindən yazır. Bunun bir səbəbi 15 milyonluq İstanbulun, faktiki, Türkiyənin döyünən “ürəyi”, iqtisadi-siyasi paytaxtı, olması ilə bağlıdırsa, digər – baş səbəb şübhəsiz ki, Ərdoğan və onun daxili-xarici siyasətindən dolayı xaricdəki gözləntilərin dəyişməsi ilə ilgilidir.
Hərçənd söhbət prezident üsul-idarəli Türkiyədə ikinci dərəcəli, yerli seçkilərdən gedir, bununla belə, hiss olunur ki, Qərbdəki məlum çevrələr Ərdoğan komandasının 17 il ərzində ilk ciddi seçki “büdrəməsi”nə əməllicə seviniblər. Bunu AKP iqtidarı üçün “sonun başlanğıcı” sayanlar da var.
Məsələ ondadır ki, bütün əyər-əskiyinə rəğmən, Türkiyəni Qərbdən, ABŞ-dan tam müstəqil etməyi bacarmış, onu inkişaf edən dövlətə çevirmiş Ərdoğan iqtidarının, nəhayət, seçki yolu ilə hakimiyyətdən gedəcəyinə Amerika və Avropada inam artıb. Bu inamın ən dərin qatlarında isə qardaş ölkəni təzədən sözəbaxan ölkəyə çevirmək məramı dayanır.
3 il öncə hərbi çevrilişlə AKP iqtidarını devirməyə gücü çatmayan ABŞ-ın, onun müttəfiqlərinin sevincini anlamaq əslində çətin deyil. Qərbin güc mərkəzləri yəqin artıq başa düşüblər ki, hərbçilərin yıxa bilmədiyi hakimiyyəti yalnız xalq görəvindən sala bilər.
Ərdoğanın İmamoğluna təbrikində əsas motiv də elə budur – xalq amili. Yəni bu təbrik seçkinin qalibindən daha çox, qalibin başına “qələbə çələngi” hörmüş xalqa ünvanlanıb və xalqın iradəsinə ehtiramın təzahürüdür. Bu, çox önəmli məqamdır və həm də o anlama gəlir ki, seçki yolu ilə hakimiyyətə gələn Ərdoğan nə vaxtsa seçki yolu ilə də hakimiyyətdən getsə belə, enində-sonunda yenə ölkədə milli iradə əsas olacaq.
Hər halda, heç kim hakimiyyətdə əbədi deyil. Demokratik ölkədə heç deyil. Uzaqgörən, müdrik siyasətçi isə adətən real ictimai rəyi, narazı xalqın nəbzini vaxtında tutur, imicinin enişini gözləmədən siyasi hakimiyyəti tərk edir ki, daha uğurlu imiclə yenidən, seçki yolu ilə qayıdış üçün yol açıq qalsın…
Amma Qərbdə bir çoxu Ərdoğanı dünənədək az qala, diktator adlandırırdı. Ərdoğan isə “burnunun ucu”nda, ölkənin siyasi paytaxtında nəinki ədalətli seçkiyə şərait yaratdı, ona əngəl olmadı, üstəlik, İmamoğlunu təbrik elədi – rəsmi nəticəni gözləmədən. Razılaşaq ki, bu, “diktator”a xas davranışa oxşamır. Belə bir demokratik jestlə Türkiyə prezidenti həm də öz lokal məğlubiyyətinin acısına “şirinlik” qata bildi. Ən önəmlisi, qardaş ölkədə seçki mədəniyyətinin, siyasi mədəniyyətin var olduğunu nümayiş etdirdi; nə vaxtsa xalq ona etimad göstərməzsə, seçkidə məğlub olacağı yeni prezidenti də təbrik edə biləcəyinı işarə elədi – təbii ki, növbəti seçkilərə qatılarsa. Hər necə olmasa, İmamoğlunu onun rəqibi B.Yıldırımın təbrik eləməsi kifayət edirdi…
Qeyd edilənlər, ümumən 23 iyun demokratik seçkiləri iqtidarla yanaşı, millətin və məmləkətin dünyada “üzünü” ağartdı. Şablon çıxsa da yazaq: qazanan, qalib gələn təkcə İmamoğlu yox, Ərdoğan, Türkiyə, türk xalqı oldu. Bundan gerisi artıq ikinci dərəcəli məsələlərdir.
İmamoğlu isə artıq legitim merdir. Çünki qələbə o zaman halal, demokratik, legitim sayılır ki, onu rəqib etiraf edir, məğlub qalibi təbrik edir. Bununla məğlub heç də kiçilmir, “qızılları tökülmür”, əksinə, milli iradəyə sayğılı olduğu üçün xalqın gözündə ucalır. Eyni zamanda, hakimiyyətə seçki yolu ilə nə vaxtsa yiyələnmək üçün əlahəzrət xalqdan çox mühüm siyasi avans almış olur. Ona görə ki, bu, bir yarış. Əsas odur, bu yarışda xalq uduzmasın.
Sadalananların ardınca İsraildə nəşr olunan “Yerusəlim Post” qəzetinin iddia eləməsi ki, “Türkiyə prezidenti İstanbul seçkiləri nəticəsində məğlubedilməz gücünü yox, bütün Türkiyəni itirdi və bu, ona baha başa gələcək, Ərdoğanın daxili reytinqi sürətlə düşməyə başlayıb”, bizcə, daha çox arzunu reallıq kimi qələmə vermək istəyidir. Məntiqlə yeni güc, yeni nəfəs qazanan qardaş Türkiyə dövlətidirsə, milli iradədirsə, o zaman yerdə qalanı az önəmli.
Nəhayət, nə deyir-deyilsin, Ərdoğan Türkiyə tarixində müsbət işarə ilə qalacaq. Hər şey qırağa, ən azından, hərbi çevrilişlər ənənəsinə son qoyduğu, qardaş ölkəni regional supergücə çevirdiyi üçün. Bu kursu dəyişmək, geriyə dönüş eləmək artıq asan olmayacaq. Milli iradə qoymaz…