Birinci dəfə deyil, o vaxt avropalılar Avropa Şurasının Parlament Assambleyasının sessiyası zamanı deputatlarımızdan birinin kürkünü oğurlamışdılar. Qalmaqal olmuşdu.

İndi o deputatın adını özüm bilə-bilə yazmıram ki, ertəsi gün dost-tanışdan xahiş etdirib adını yazıdan çıxartdırmasın.

Əslində deputatda günah olmamışdı, iclasa girəndə xəz paltosunu çıxarıb qarderoba, ya da harasa vermişdi, çıxanda görmüşdü, kürk nəəzeer, qazaxlılar demişkən. Deputat nə bilsin ki, tərifli avropalılar bu qədər əliəyridirlər, qərib müsafirin min (lap olsun iki min) manatlıq kürkünə tamah salarlar.

Ancaq o söhbət 1-2 həftədən sonra unudulub getdi. Heç bilinmədi də ki, deputatımızın kürkünü tapıb özünə qaytardılar, yoxsa ara yerdə it-bata düşdü.

O hadisədən sonra Avropada paltosunu, çantasını oğurlatdıran olmadı. Bəlkə də əliəyri avropalılar yenə də bizimkilərin əmtəələrini çırpışdırırlar, sadəcə, bizimkilər dilə-dişə düşməkdən qorxaraq susurlar.

Düz gəlmir axı, elə bir hadisə olanda və xəbər yayılanda oğirluq olan ölkə qalır qıraqda, bizim ölkəmizdə ajiotaj qopur. Camaat oğurluq nəticəsində maddi zərərə uğrayan zərərçəkənin mənafeyini düşünmək yerinə, “bu bahalıqda əşyanı hansı pulla almışdı” kimi suallar qoyur, “lap yaxşı edib oğurlayıblar” deyə cinayətkara haqq qazandırır, məsələni harınlığa, qudurğanlığa bağlayırlar.

Halbuki vətənimizin igid oğlu qürbət eldə maddi zərərə düşüb, ölkənin maddi sərvətinin bir hissəsi oğurlanıb. Əvvəlcə bundan danışmaq lazımdır. Sonra oğurlanmış əmtəənin özünün mahiyyətinə, qiymətinə, onun alınmasına sərf edilmiş vəsaitin qaynağına diqqət edərik.

Əslində məsələnin kriminal tərəfi ilə yanaşı sırf psixoloji tərəfi də var. Bu bahalı saatlara maniakal maraq nədir belə, pullu adamların hamısını sarıb? Bu nə ehtirasdır, nə başıxarablıqdır, nə şövqdür? Adam 2 milyona yaxta almış olsa, deyərdik, istriahətin dadını bilir, 5-6 dənə “Ferrari” alsa, düşünərdik ki, sürət dəlisidir, sürəcək, bir-bir vurub əzəcək, həzz alacaq. Amma bu saatdır, qola taxırsan, vaxtı bilirsən, vəssalam. “Bes manatlıq” Çin saatları da 2-3 saniyə fərqlə eyni zamanı göstərir, 2 milyonluq saat da. Hətta indi heç qol saatına ehtiyac yoxdur, vaxtı bilmək istəyirsənsə, mobil telefonların hamısı yüzdəyüz dəqiqliklə göstərir.

Yox, sən saatı sırf forslanmaq, türkün sözü, hava atmaq üçün taxırsansa, bir gün İbizada oğrular o saatı çırpışdırır, havanı alırlar, adını bütün Avropaya duyururlar, zaman-məkan anlayışını qarışdırırlar.

Bahalı saat taxmaq manyaklığının kütləviləşməsində məşhur və gözəl qadınların da rolu var. Bir neçə dəfə onların bəziləri məşhur nəşrlərə müsahibə verərkən deyiblər ki, kişidə əsasən iki şeyə fikir verirlər – bir saatına, bir də ayaqqabısına. Odur, budur, bizim pullular ən bahalı maşına, dəniz sahilindəki villaya verəcəkləri pulu aparıb saata və ayaqqabıya verirlər.

Manyaklıqdırmı? Bəli. Harınlıqdırmı? Dəqiq elədir.

İndi gələk bahalı saatlara sərf olunan maddi vəsaitin qaynağına. Çox adam deyir ki, heç kəs halal pulla elə bahalı saat almaz, ala bilməz. Düzü, hazırda əlimdə 2 milyonluq saata sərf olunmuş pulun halallıq və ya haramlıq kondisiyası barədə doğru-dürüst dəlil yoxdur. Ona görə də dəqiq bir söz deyə bilmərəm, məcburam hamı kimi oturub korrupsiyaya qarşı mübarizə aparan, mücadilə verən strukturların açıqlamasını gözləyim.

Bəlkə heç hər şey deyildiyi kimi deyil, saatı oğurlanan adamı şərləyirlər? Ya bəlkə saat o qiymətə deyil, məsələn, 200 manatdır, ya da adamın heç nəyi oğurlanmayıb, hər şeyi həmişə olduğu kimi jurnalistlər uydurub. Qaydadır axı, kimin borusunun tüstüsü əyri çıxır, dərhal deyir ki, bunu jurnalistlər uydurub. Jurnalist isə Afrikada da jurnalistdir, Amerikada da, hətta İbizada da.

İbiza demişkən, bu, Atlantik okeanında adadır, İspaniyaya baxır. Kurort adasıdır, camaatı turizmlə dolanır. Deyilənə görə, adada neft də var. Amma camaat 3-4 il öncə yığışıb neft axtaranları adadan qovub ki, adanı deşik-deşik edib içinə zibil qoyacaqsınız, hazır elə turizmdən gələn illik gəlir neft gəlirindən on dəfə çoxdur.

Bir də “İbiza” adlı minik avtomobili var. Oğurlanmış saatın qiymətinə o maşından təxminən 102 dənə almaq olar. İşlənmişini alası olsaq, 180-200-nü gətirmək mümkündür.

Saat məsələsində son xəbər budur ki, adıçəkilən turist adıçəkilən vəzifəli adamın oğlu deyil. Nə bilim, vallah…

Загрузка...