“Şeytan cəhənnəmdə müsbət surətdir”
(Stanislav Yeji Lets)
Azərbaycanın xoşbəxtliyi ondadır ki, biz təkcə xaricdən maliyyələşən qara qüvvələr yetişdirməmişik, eyni zamanda, balanslaşdırılımış siyasətə uyğun olaraq xaricdə maliyyələşdirdiyimiz qara qüvvələrimiz də vardır. Hazırda bunlardan birinin Londonda məhkəməsi gedir. Lotu ingilislər vaxtilə onu və ərini qazlayıb milyonları çəkib aparıblar, ev, bahalı oyuncaqlar və cürbəcür mənasız əşyalar sırıyıblar, indi isə bala-bala geri alırlar. Məhkəmədə gizli şahid ifadə verib, vəkil isə iddia edib ki, xanımı Azərbaycanda sıxışdırırlar. Guya bunun hansısa siyasi təqib təhlükəsi varmış.
Niyə də olmasın? Əgər biz Əli İnsanovu alovlu siyasi mübariz, yalan olmasın, milli azadlıq simvolu, Nelson Mandelanın əkiz qardaşı kimi qəbul etməyi bacarırıqsa, Beynəlxalq Bankın müdirinin arvadı da Janna Dark roluna uyğundur. İngilislərlə mübarizə baxımından uyğun gəlir. Rüstəm müəllimə zakaz vermək olar, bir dənə “Orleanlı məsumə” adlı ssenari yazsın. (Bu da olmayan yerdə bizim milli Volterimizdir). Ümid edək axırda tonqalda yandırmazlar – hələ alınası çox məbləğlər, sağılası neçə litr süd qalır. Sözgəlişi, dünən oxudum Rüstəm İbrahimbəyov rusiyalı azərbaycanlıların diaspor fəaliyyətinə girişmək fikrindəymiş. Bizim Milli Şuranı seçkilərdə necə yarıtdısa, diasporu da elə quracaq. Əlbəttə, yəqin hansısa azərbaycanlı milyarderi qazlayıb növbəti bambılı ssenarisi üçün maliyyə almaq fikrindədir, yoxsa nə diaspor, nə fisincanplov… Biz belə ssenariləri neçə dəfə görmüşük. Xeyirli olsun, ümid edək bu dəfə azərbaycanlı uşaq erməni uşağı Moskva çayında batmaqdan xilas edər. (Ya da erməni, rus və azərbaycanlı Volqa çayında üzməyə getsinlər – nəsə bir şey tapsın, üzgüçülük temaları Rüstəm müəllimdə yaxşı alınır). Yoxsa balans pozulub, hökumətimizə də ciddi təzim lazımdır, konfransla-zadla iş aşmır. Üstəlik Şamaxıda neçə ildir çaxır çəkilmir. Halbuki, bu il yaxşı məhsul var üzümdə.
Qayıdaq gizli şahid məsələsinə. Bankirin xanımı o şahidi ingilis məhkəməsinə ona görə gizli aparıb ki, guya bizim hökumət onu tanısa hansısa təzyiq edərmiş. Bizdə dünyada ən humanist məhkəmə var, heç kimə də təzyiq eləmirlər, əksinə, ev, maşın, maaş verirlər. Əsas odur dövlətçiliyə xidmət edəsən, vəssalam. Bəs o gizli şahid kim ola bilər? Mən dünən bu haqda xeyli fikirləşdim, ağlıma Eldar Mahmudov gəldi. Axı Eldar müəllim bu dustaq ailənin qudasıdır, qız verib-alıblar. Eldar müəllimi isə nazir vəzifəsindən qovublar, işçilərini tutublar, hətta acığa bütün nazirliyi dibindən ləğv ediblər. İndi bunun tam haqqı var Londonda gizli şahid ifadəsi versin. Namərdlər. İmkan versələr Eldar müəllim bizim Tomas Ceffersonumuz, Jan Jak Russomuz, canım sənə desin, Volterimiz, Martin Lüterimiz, nə bilim, Bestujev-Marlinskimiz, Gertsenimiz, lap elə Rəsul Quliyevimiz ola bilərdi. (Sözgəlişi, Rəsul müəllim mühacirətinin ilk illərində demokratiya haqda maraqlı kitablar yazırdı, nəsə sonra bu fəaliyyətə ara verdi. Lazımdır. Gələcəyin Azərbaycanını sağlam özüllər üzərində qurmalıyıq).
Həmin gizli şahid Metro Tağı – Eldar müəllimin qurbanlarından biri də ola bilərdi. Axı çekistlər Tağı müəllimin 40 il maaşını toplayıb düzəltdiyi 3 milyon dollarını namərdliklə qapazlamışdır, heç geri qaytarmayıblar. Məncə Tağı müəllim orda Zamirə xanımı müdafiə edərkən dolayısı ilə onun qudasından pulunu almağı, həmçinin pulu ala bilmədiyi üçün bunun Azərbaycan məhkəmələrindəki qanunsuzluğa isbat göstərilməsi barədə vəsatət qaldırmışdır. (Cümlə çox zay oldu, bağışlayın, gizli yazıram, hər sözü düzəltməyə imkan yoxdur). Doğrudan da, ədalət varsa, niyə hakimlər Tağı müəllimin pulunun qaytarılmasını təmin etməyibdir? Sən orda “Harrods”dan alınan milyon funtluq oyuncağın hesabını soruşursan, biz burda “Əhmədli” metrosunun keçidindən qan-tərlə toplanan 3 milyonu soruşmayaq? “Lətifə” filmində deyilən kimi: “Əhməd bəyəm adam deyil?”
Yeri gəlmişkən, biz vaxtilə Nizami Musayev kimi istedadlı adamın da qədrini bilmədik.