Baş nazir “Azəriqaz” və “Azərsu”dan hesab sordu

İyunun 20-də baş nazir Novruz Məmmədovun yanında hökumət üzvlərinin iştirakı ilə iclas keçirilib.  İclasın gündəliyinə “Qaz təchizatı sahəsində mövcud durum, problemlərin aradan qaldırılması və sistemin dayanıqlı inkişafının təmin edilməsi üzrə kompleks tədbirlər haqqında”, “Ölkə əhalisinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə təmin edilməsi sahəsində görülən işlər, xidmətin keyfiyyətinin yüksəldilməsi və infrastrukturun daha da təkmilləşdirilməsi ilə bağlı qarşıda duran cari və perspektiv məsələlər haqqında” məsələlər də daxil edilib.

Nazirlər Kabineti mətbuat xidmətinin yaydığı məlumata görə, baş nazir bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyətində yol verilən nöqsanları və bu sahədə olan bir sıra problemləri səsləndirib, çatışmazlıqların aradan qaldırılması, şəffaflığın təmin olunması ilə bağlı tapşırıqlarını verib: “Novruz Məmmədov qeyd edib ki, ölkəmizdə əhalinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə təmin edilməsi istiqamətində bu günə qədər bir sıra mühüm layihələr icra edilib. Bununla yanaşı, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, su təchizatı xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi, istehlak edilən suyun uçotunun dəqiq aparılması və itkilərin qarşısının alınması məqsədilə müvafiq suölçən cihazların quraşdırılması ilə bağlı işlərin davam etdirilməsi qarşıda duran prioritet məsələlərdir”.

İclasda SOCAR prezidenti Rövnəq Abdullayevin, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun məsələlərlə bağlı məruzələri dinlənilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirəsində Prezident İlham Əliyev “Azəriqaz” İB-in fəaliyyətini tənqid etmişdi. İ. Əliyev bildirmişdi ki, qazlaşdırma Azərbaycanda ən yüksək səviyyədədir və bu il də işlər aparılır. “Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək. Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin.

Eyni zamanda “Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə – elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır”.

Prezidentin irad bildirdiyi problemlər necə aradan qaldırılır - qurumlardan açıqlama

Prezidentin tənqidi çıxışından sonra “Azəriqaz”da geniş müşavirə keçirildi. “Azəriqaz” İB-in baş direktoru Əkbər Hacıyev müşavirədə deyib ki, ölkə başçısının iradlarının aradan qaldırılması istiqamətində işlər aparılmaqdadır və qısa zaman ərzində həmin nöqsanlar aradan qaldırılacaq: “Dövlətimizin başçısının qaldırdığı bütün məsələlər qurum tərəfindən təhlil edilir və tədbirlər həyata keçirilir. Hazırda ”Azəriqaz” İB-də qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər proqramı işlənilir. Həmin tədbirlər proqramına uyğun olaraq bütün nöqsanlar aradan qaldırılacaq”.

Prezidentin çıxışından sonra qaz təchizatı üzrə abonentlərdən daxil olan müraciətlərin obyektiv araşdırılması və operativ həlli ilə bağlı “Azəriqaz” və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb.

Müşavirədə bildirilib ki, istehlakçıların sayının artması qaz təchizatında təzyiqin aşağı düşməsinə və bəzi hallarda fasilələrin yaranmasına səbəb olur. Bu kimi halların qarşısının alınması istiqamətində respublika ərazisində ciddi işlərin aparılması planlaşdırılır. Belə ki, ilk öncə istismar müddətini başa vurmuş qaztənzimləyici avadanlıqlar, qurğular, o cümlədən də qaz xətləri yeniləri ilə əvəzlənməsi, artan qaz tələbatı ilə əlaqədar kiçik diametrli boruların böyük diametrli müasir standartlara cavab verən polietilen yeraltı qaz xətləri ilə əvəz olunması, eləcə də yeni qazlaşdırılan bütün yaşayış məntəqələrində şəbəkənin qurulmasının “bir pilləli” tənzimləmə sistemi əsasında aparılmasıdır ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə, istehlakçılara verilən qazın sabit və texnoloji rejimdə saxlanılmasına zəmin yaradacaq.

Onu da bildirək ki, prezidentin tənqidindən sonra Hesablama Palatası “Azəriqaz”da yoxlamalara başlayıb. Məsələ ilə bağlı  açıqlama verən “Azəriqaz” İB-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev yoxlamaların aparıldığını təsdiqləyib: “Bütün idarə və təşkilatlarda olduğu kimi Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən ”Azəriqaz” İstehsalat Birliyində dövri yoxlamalar aparılır. Bu yoxlamalar qrafik üzrə həyata keçirilir. Yoxlamaların nə zaman bitəcəyi dəqiq bilinmir”.

Prezidentin irad bildirdiyi problemlər necə aradan qaldırılır - qurumlardan açıqlama

Baş nazirin yanındakı iclasda məsələnin bir daha müzakirəyə çıxarılması göstərir ki, ölkə rəhbərliyi qaz, enerji və su təchizatı sahəsində keyfiyyət dəyişikliyinə nail olunması məsələsini diqqətdə saxlayır.

İ.Kərbalayevin “Yeni Müsavat”a dediyinə görə, prezidentin səsləndirdiyi nöqsanların aradan qaldırılması üçün “Azəriqaz” İB-də hazırlanan  tədbirlər planı sürətlə icra olunur: “Birlikdə keçirilən müşavirədən dərhal sonra tədbirlər planında nəzərdə tutulan istiqamətlər üzrə işlərin icrasına başlanılıb. Artıq həm abonentlərin müraciətləri əsasında, həm də planlaşdırılmış şəkildə istehlakçıların keyfiyyətli qaz təchizatının təmin olunması sahəsində xeyli işlər görülüb. Tezliklə planda nəzərdə tutulan bütün işlər yekunlaşacaq”.

“Azəriqaz” rəsmisi bildirir ki, ölkə ərazisində, xüsusilə də Bakıətrafı qəsəbələrdə qazın normal təzyiqinin  təmin olunması istiqamətində də işlər aparılır: “Burada söhbət həm mövcud aşağı ötürücülük qabiliyyətli xətlərin orta ötürücülük gücünə malik xətlərlə, həm də köhnəlmiş, korroziyaya uğramış boruların yenisi ilə əvəz olunmasından gedir. Hər iki istiqamətdə görülən işlər imkan verəcək ki, nəinki qış fəslində, ilin bütün aylarında yaşayış məntəqələrimizi davamlı və normalara uyğun təzyiqli qazla təchiz edə bilək”.

Prezidentin irad bildirdiyi problemlər necə aradan qaldırılır - qurumlardan açıqlama

Baş nazirin yanındakı iclasda müzakirə olunan məsələlərdən biri də su və kanalizasiya təchizatı sistemində uçotun dəqiq aparılması, xidmət keyfiyyətinin yüksəldilməsi olub. “Azərsu” ASC ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllının “Yeni Müsavat”a dediyinə görə, qurum tərəfindən hər iki sahədə işlər görülür: “Nazirlər Kabinetinin iclasında su istehlakçılarının tamamilə sayğaclaşdırılması işinin tezliklə başa çatdırılması məsələsi qoyulub. Nəzərinizə çatdırım ki, ”Azərsu” ASC abonentlərinin 82 faizdən yuxarısı sayğaclaşdırılıb. Qeyri-əhali abonentləri üzrə bu göstərici 98-99 faiz təşkil edir. Əhali qrupu üzrə sayğaclaşma işləri davam etdirilir. Hədəfimiz qarşıdakı 2-3 il ərzində bütün istehlakçıların sayğacla təminatını başa çatdırmaqdır. Keyfiyyətli təchizat məsələsinə gəlincə, hazırda çoxmənzilli yaşayış binalarının daxili su xətlərinin yenidənqurulması işləri aparılır”.

A.Cəbrayıllının verdiyi məlumata görə, “Azərsu” tərəfindən 36 şəhər və rayon mərkəzində su və kanalizasiya sisteminin yenidənqurulması işlərinə başlanıb: “Artıq bunların 14-də nəzərdə tutulan işlər yekunlaşıb. Builki plana əsasən Qəbələ, Qax və Ağsuda su və kanalizasiya şəbəkələrinin, Xırdalan və Şəmkirdə isə kanalizasiya şəbəkəsinin yenidənqurulmasını başa çatdıracağıq. Eyni zamanda Qazax və Horadizdə layihələrin icrasına başlamışıq. Bundan əlavə, 10-dan artıq kənddə, Bakı ətrafındakı qəsəbələrdə su təchizatı şəbəkələrinin qurulması işləri həyata keçirilir”.

Xidmət rəhbəri bildirir ki, ölkənin bir neçə yerində çirkabtəmizləyici qurğular tikilir: “Pirşağı, Naftalan, Daşkəsən, Qəbələdə belə qurğuların tikintisi gedir. Beyləqanda, Xaçmazda, Gədəbəydə və Tərtərdə də başlayırıq bu işlərə.  Lökbatanda böyük sutəmizləyici qurğu inşa olunur, artıq yeraltı tunellərin çəkilişinə başlanıb. Xocasən-Sulutəpə-Binəqədi-Xırdalan kollektoru tikilir. Eyni zamanda Pirşağı istiqamətində kanalizasiya kollektorunun çəkilişi başa çatdırılıb, əsas daşıyıcı qurğular da hazırdır. Hesablamalarımıza görə, Abşeron yarımadasında 8100 kilometr yeni su xətti, 7000 kilometr isə kanalizasiya xətti və kollektor çəkilməlidir.  Biz bununla bağlı təklif və planımızı da təqdim etmişik”.

Musavat.com

Загрузка...