Rusiya Federasiyasının İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurov istefa verəcəyini bəyan edib.

O, artıq seçimini etdiyini qeyd edib:

“Bir inquş, vətənpərvər, döyüşlərdə olmuş və vətəninə sədaqət andı içmiş zabit kimi qərar verdim ki, Rusiya Prezidenti Vladimir Putinə istefamla bağlı müraciət edim”.

İnquşetiya rəhbəri bu qərarının şəxsi maraqları ilə respublikanın maraqları arasında seçim etmək zərurətindən irəli gəldiyini açıqlayıb.

“Gəlin, etiraf edək ki, biz, yəni mənim təmsil etdiyim hakimiyyət, dini və ictimai təşkilatlar milli birliyi yarada bilmədiyimiz üçün məsuliyyət daşıyırıq. Bizim hər birimiz şəxsi və dövlət maraqları məsələsində seçim qarşısında qalırıq. Hər kəs öz tərbiyəsinə, ideallarına uyğun hərəkət edir”.

Y.Yevkurov respublikaya rəhbərlik etdiyi dövrdə terrorçuluğun qarşısının alındığını, sülh və sabitliyə nail olunduğunu da vurğulayıb.

Qeyd edək ki, Y.Yevkurovun səlahiyyət müddəti 2023-cü ildə bitməlidir. O, 2008-ci ildən İnquş Respublikasının rəhbəridir.

Загрузка...