“Gəmi suda olanda yox, su gəmiyə dolanda batır. Önəmli olan ətrafınızdakılar deyil, içinizdə baş verənlərdir”

(müdriklərdən biri)

Hələ Sovet dövründə, 1985-ci ildə Əbülqasım Hüseynzadənin toplayıb dərc elədiyi “Atalar sözü” kitabımızda belə bir sözə də rast gəlmək olar: “Tiflisin üstü bostan, abad olsun Gürcüstan”. Doğrusu Tiflisin üstü bostandırmı, altında nə əkirlər, bunu bilmirəm. Bircə onu bilirəm ki, bu ata sözündə Azərbaycan xalqının istənilən millətə, dövlətə xoş arzusu yatır. Biz heç vaxt başqalarının, özəlliklə qonşularımızın pisliyini istəməmişik. Elə tarix boyu da bunun altını çəkmişik – torpağımızı itirməklə, evimizdən didərgin düşməklə, yesir, ac-yalavac qalmaqla. Ancaq yenə asfaltı deşib çıxan otlar kimi dirçəlmişik, dikəlmişik. Mövzü bu deyil, əlbəttə. Dedim fürsət ikən xalqımızı öyüm. Belə fürsətlər hələm-hələm ələ düşməz.

Bu saat Gürcüstan qaynayır. Təzə parlament seçmişdilər, indi onu dağıtmaq, yenidən qurmaq fikrindədirlər. Özü də bu dava-şavanın bəhanəsi çox məzəlidir – hansısa rus deputat gəlib orda rusca danışıbmış. He-he. Əcəb millətçidirlər. Bizdə uşağını rus sektoruna qoymayanı millət qınayır, deyirlər ayıb olsun. Şəxsən başıma gələni yazım. “Disney-Pixar” studiyasının çox gözəl animasiya film-seriyası var: “Oyuncaq hekayəsi”. Bu il onun 4-cü hissəsi çəkilib, bütün dünyada göstərilir. Keçən həftə istədim uşağımı buna baxmaq üçün aparım. Proqrama baxanda gözüm kəlləmə çıxdı. Məlum oldu ölkədəki bütün kinoteatrlarda bu film rus dilində göstərilir. Yalnız bir yerdə türkcə seans var idi, o isə səhər 11-in yarısında! Açığı, özümü təhqir olunmuş saydım, çünki 1989-cu ildə meydanlara çıxıb rus dilində danışanları cərimə eləyərdik. Zarafat edirəm, qəlbim fərəhlə doldu. Gör nə yaxşı haldır ki, azərbaycanlılar öz ana dillərinə nifrət bəsləyir, rus dilini ana dili kimi seçirlər. O cümlədən, türk dilindən bizə xeyir gəlməz, bir də gördün camaatın uşağı ellikcə fetoçu oldu.

Gürcülər isə rusca danışanlara qıcıq olurmuş. Gülməli toplumdur. Adam da öz ana dilini, öz mədəniyyətini, mənəviyyatını bu dərəcədə sevərmi? Ona görə həmişə Azərbaycandan geri qalacaqlar.

Sözgəlişi, çox adam hazırda Tiflisdəki qarışıqlığın, parlamentin spikerinin istefası, polis nazirinin qovulması, camaatı mitinqdə rezin güllələrdə vurub şil-küt edən polislərin cəzalanması tələblərinin əsl səbəbini anlamır, burada Rusiya faktoru görürlər. Halbuki, proseslər Azərbaycanla bağlıdır. Yada salın, son aylar gürcülər bizimlə sərhəddəki Keşikçidağ məntəqəsi ətrafında hansı oyunlar çıxardırdılar? Gündə bir axmaq partiya sədri çıxıb bizi təhqir edirdi, hətta prezident Salome xala ölkəmizə dil uzatmışdı. Bu da axırı. Çünki bizim ölkəni ağır seyidlərin cəddi qoruyur. Qarabağda dəfələrlə olub, əsgərlərimiz döyüşə girəndə gözlərinə ağ atın belində çalmalı bir kişi görünübdür.

Tiflisdə bir dinc etiraz aksiyasını gülləbaran edən, əhalinin sərbəst toplaşma hüququna dözümsüz yanaşan hakimiyyətin Azərbaycandan torpaq istəməyə hansı haqqı var? Bəlkə istəyirsiniz Keşikçi dağında monastrın divarını da rezin güllə ilə oyasınız? Yuxunuzda. Gedin hələ mərkəzdə asayişi, sabitliyi bərpa edin, sonra bizim torpağa, sərhədə göz dikin.  Yoxsa üstümüzü unlu görüb, hamı bizi dəyirmançı hesab edir. Biri Dağıstandan gəlib qəbir söküb aparır, başqası mollasını göndərib agentura qayırır, üçüncü ayrı həyasızlıq edir… Sən öl, bunlar Azərbaycan xalqının yatmış vulkan olmasını yaddan çıxarırlar. Azərbaycan xalqı eyni zamanda,  yatmış aslandır. Ardını özünüz bilirsiniz, mən nə deyim? Bilməyənlər üçün, təbii, yaza bilərəm: oyadarsan, gedər başqa yerdə yatar. Bunun başqa versiyası da var idi: “Şam əgər yanmırsa, oğlunu prokurorluğa işə qoymuşdur”.

Загрузка...