ABŞ Konqresi Ermənistana gələn il üçün 40 milyon dollar maliyyə yardımı ayırıb. Konqres Qarabağdakı kriminal rejimdən də səxavətini əsirgəməyib: 1,5 milyon dollar. Düzdür, hər iki məbləğ cüzidir. Ancaq söhbət əlbəttə ki, ilk növbədə işğalçı Ermənistana münasibətdən gedir.

Həqiqətən, necə olur ki, Konqres Gürcüstan torpaqlarını, Krımı işğal eləmiş Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edir, ərazimizin 20%-ni işğal eləmiş Ermənistanın, Dağlıq Qarabağdakı separatçı rejimin isə başını tumarlayır, onlara yardım göstərir, Azərbaycana qarşı ədalətsiz “907-ci düzəliş”i ləğv eləmir?

Deyilə bilər ki, erməni lobbisinin əli ənənəvi olaraq, Konqresə çatır, orada sanballı sayda ermənipərəst konqresmenlər var. O zaman bu fakta nə söz bəs: keçən ay prezident Donald Tramp müstəqillik günü ilə bağlı həm Azərbaycan, həm də Gürcüstana təbrik məktubları ünvanlamış, ancaq yalnız gürcü liderə məktubda “ABŞ ölkənizin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir” qeydi yer almışdı. İlham Əliyevə göndərilən məktubda isə belə şey yox idi. Halbuki Azərbaycan da Gürcüstan kimi işğala məruz qalan ölkədir.

Bəzi təhlilçilərə görə, Trampin belə ikili yanaşması NATO və qərbyönlü kurs götürmüş Gürcüstanın ABŞ-a “bir köynək” yaxın olması ilə ilgili ola bilər. Amma Ermənistan ki “müstəqil” olandan Rusiyanın orbitindədir və oradan uzaqlaşmağa hazırlaşmır. Heç “qərbyönlü” Paşinyan da buna cəsarət eləmədı. O halda İşğalçı Ermənistana Amerikanın, Konqresin lütfkarlığını nə ilə izah edək? Xristian amili iləmi? Yəqin ki. Ancaq təkcə bu da deyil.

Ən önəmlisi, ABŞ Konqresinin ermənilərə yardım qərarı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vaşinqtonda olduğu günlərə təsadüf edir! Guya Amerika Qarabağ məsələsində Rusiyadan daha ədalətli vasitəçi olacaqmış…

Yeri gəlmişkən, əslində ABŞ-a Qarabağ yox, region lazımdır, Rusiyanı buradan vurub sıxışdırmaq gərəkdir, nəhayət, İran ətrafında əlavə, əlverişli geosiyasi platforma əldə eləməkdir. Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları ilə ABŞ-ın xarici işlər naziri – dövlət katibi Mayk Pompeonun deyil, məhz prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun görüşməsinin anlamı elə budur.

Odur ki, belə görüşlərdən sonra illüziyaya qapılmamalı, uzağa gedən nəticə çıxarmamalı, başımıza, Qarabağımıza çarə axtarmalıyıq. Çarə isə var. Çıxış yolu vaxt itirmədən İsrail, Cənubi Koreya və ya Sinqapur modelli bir dövlət qurub regionun super gücünə çevrilməkdir. Gürcüstanı, Rusiyanın ucqar quberniyası kimi qalan, ondan kredit dilənən Ermənistanı qabaqlamaqdır.

Bundan ötrü Azərbaycanın imkanları yetərincədir: bacarıqlı, işgüzar və fədakar insanları, əlverişli coğrafi mövqeyi və iqlim şəraiti, müstəqil dövlət statusu. Zəngin təbii resursları da öz yerində. Qalır, bu potensial optimal şəkildə hərəkətə gətirmək, iqtisadi inkişafı insan amili üzərində fokuslamaq, dövlətin iqtisadiyyatda payını minimuma endirmək. İqtisadçı-professor Saleh Məmmədovun son yazısı bu xüsusda diqqətə layiqdir.

Ermənistanla müharibə şəraitində olmağımız buna əngəl ola bilməz. İsrail 70 ildir ərəblərlə, İranla müharibə vəziyyətindədir. Ancaq son göstəricilərə görə, dünyanın 11-ci ordusuna sahibdir, faktiki, 1-ci onluğun yanında yer alıb. 400 milyonluq ərəb ölkələrinin, 80 milyonluq İranın orduları siyahıda ondan sonra gəlir! Çünki iqtisadiyyatı güclü, dayanıqlıdır. Cənubi Koreya isə 12-ci sıradadır.

Ən əsası odur ki, bu ölkələrin suverenliyi və ərazi bütövlüyünə qarşı heç bir təhlükə artıq mövcud deyil. Öncəliklə də 5-6 milyonluq İsrail yarım milyardlıq ərəblərə qarşı öz təhlükəsizliyini tam təmin eləmiş durumdadır. ABŞ-ın dəstəyi olmasa belə, artıq o, ayaq üstə dayanan qüdrətli dövlət, regional super gücdür və bölgədə kimsə ona hücum etməyə qərar verməz.

Demək, təbii sərvətlər, neft-qaz ehtiyatları hələ dövlətin üstünlüyü anlamına gəlmir. Onlar yoxsa belə, ölkənin supergücə çevrilməsi mümkündür…

Sözümüzün canı odur ki, bu gün torpaqlarımızın güc yolu ilə işğaldan azad edilməsi üçün beynəlxalq şərtlər uyğun deyilsə, bu şərtləri özümüz yetişdirməliyik: passiv yox, aktiv gözləmə mövqeyi tutmaqla, yəni vaxt itirmədən Azərbaycanı İsrail, Cənubi Koreya, Sinqapur tipli, dünyanın hesablaşdığı dövlətə, hər mənada regionun fövqəldövlətinə çevirməklə. O zaman Qarabağ qansız da qayıda bilər…

Загрузка...