Yaxud, niyə bizim də paytaxtın meri olmasın

Türkiyədə srağagün İstanbul meri seçkiləri üzrə namizədlərin debatı olub, müxalifətçi Əkrəm İmamoğlu ilə iqtidardan Binəli Yıldırım yarışıblar. Onların sözlü davasını Azərbaycandan tutmuş Avropaya, Amerikaya qədər hər yerdə maraqla izləyiblər. Çünki İstanbul həm Türkiyə kimi böyük, dünya siyasətinə təsir edən dövlətin ən böyük şəhəridir, həm də elə planetin ən nəhəng meqapolislərindən sayılır. Keçənilki rəqəmə görə əhalisi 15 milyondan çoxdur.

Ümumiyyətlə, sivil ölkələrdə, demokratik Qərbdə populyar olan namizəd debatları formatı artıq bizim regiona doğru yaxınlaşmaqdadır, buna sevinirik. Söhbət gerçək alternativlərin, real müxalifət və iqtidar namizədlərinin debatlarından gedir, ikinci, üçüncü dərəcəli namizədləri nəzərdə tutmuram. Bir-iki ay qabaq Ukraynada Zelenski və Poroşenkonun prezidentlik yarışında Kiyevdə stadionda keçirilən debat da çox maraqlı alınmışdı. Ümid edək yaxın illərdə bənzər hadisələrə Azərbaycanda da rast olaq.

Məsələn, ən azından Biləcəri bələdiyyəsi sədrini debatlar yolu ilə seçə bilmərikmi? Qoy namizədlər xalq qarşısında çıxış yapsın, biz də bilək ki, Mamed müəllim bələdiyyə sədri olsa Biləcəridə vağzala yaxın yerdə torpağın sotu neçəyə qalxacaq. Əksinə, Həsən müəllim seçilsə, biz “Ploşad” tərəfdə evin ikinci mərtəbəsini qaldırmağa neçə manat ödəməliyik. Xaləddin müəllim icra başçısı olan əyyamlarda bu qiymət 15 minə qalxmışdı. Bəs təzə bələdiyyə neçə manat endirim edə bilər?

Daha sonra, inşallah, inkişaf eləyib Bakıya da mer seçərik. Çünki bu saat Bakı bütün dünyada mer seçkisi olmayan yeganə paytaxt şəhəridir. Hətta mən indicə internetdə baxdım, Burundi Respublikasının keçən ilə qədər paytaxtı olan Bujumbura şəhərinin də meri var, ismi-şərifi Freddi Mbonimpa müəllimdir. Yalnız bizim günü-gündən gözəlləşən, çiçəkləyən Bakımızın meri yoxdur, ona başçı icra hakimiyyəti tərəfindən qoyulur. Paytaxtımızın böyük şəhər bələdiyyəsi olsa yaxşıdır, çünki bayaq İstanbulu dedik, elə Bakı özü də balaca şəhər deyildir. Rəsmi məlumata görə 2 milyon yarım, qeyri-rəsmi isə hardasa 3 milyon yarım əhalisi vardır. Yəni, bu saat Bakının əhalisi bütün Estoniyanın (1 milyon 300 min), Latviyanın (1,95 milyon), San Marino, Lixtenşteyn, Monako, Andorra, Kiribati, Nauru, canım sənə desin, Virgin adalarının bir yerdə camaatından çoxdur.

Molla Nəsrəddinin bir lətifəsində belə xəyallardan bəhs olunur. Deyir, evdə yeməyə heç zad yox imiş, Molla fikirləşir ki, kaş ət olaydı, soğan, noxud, yağ olaydı, bozbaş bişirəydik. Elə bu məqamda qapı döyülür, açıb görür qonşunun uşağıdır, əlində kasa durub: “Atam göndərdi, dedi Molla əmiyə de, bozbaşdan bizə bir kasa yollasın”. Molla təəccüblə deyir: “Sən hələ bunlara bax, fikirdən iy çəkirlər”. İndi belə iy çəkməklik olmasın, hesab edək o gözəl günlərdən biri ana vətənimizdə doğmuşdur, Bakı bələdiyyə, mer seçir, namizədlər debata çıxmışlar. Namizədlər Badamdardan Əhmədliyə kanat yolu, Nargin adasına metro, Çəmbərəkəndə aeroport qayırmaq, hər bir paytaxt sakininə parklarda özəl skameyka, başının üstündə müasir işıq dirəyi vəd etsələr nə gözəl olardı. Debat AzTV vasitəsiylə kainata yayılardı, hamı bizim demokratik addımlarımızı, qətiyyətimizi, mətanətimizi alqışlayardı.

AzTV demişkən… Mənə çatan xəbərlərə görə orda hansısa verilişlər bağlanır, yeniləri yaradılır, studiyalar dəyişilir və sairə. Bu haqda cürbəcür xəbərlər dolaşır, insanlarımız narahat olurlar. Təzəlikcə AZTV rəhbərliyinin bu temada açıqlamasını oxudum, deyir, şaiyələrə uymayın, bir veriliş bağlanırsa, ikisi açılır, həm də burda nə var, istənilən televiziyada verilişi açarlar da, bağlayarlar da. Qardaşım, axı AzTV “istənilən televiziya” deyil, daha böyük, daha qutsal, daha mistik bir məkandır. Hətta deyərdim, AzTV özü yeni bir dindir, xalqımızın fövqəltəbii qüvvələrə inam formasıdır. İndi sən burda lap xırda detalı dəyişsən, dini reformasiya eləsən, xalq narahat olmasınmı? Min ildir biz buna etiqad edirik, qəfil kimsə gəlib deyir, saqqalı bu tərəfə dara, kəkili elə uzat, nə bilim, donun ətəyi filan qədər olsun. Belə şeylərdə bir az ehtiyatlı olmaq lazımdır, alimlərin, AzTV fəqihlərinin, telemürşidlərin rəylərini, fətvalarını, hədislərini oxumalısan.

Загрузка...