Azərbaycanlı fud-bloger, dünyaca məşhur “MasterChef” kulinariya layihəsinin Avstraliya versiyasının iştirakçısı olmuş Samirə Dəmirova Bakıya gəlib. Onun səfərində məqsəd yaxın zamanlarda çap etdirmək niyyətində olduğu kitabı üçün Azərbaycan haqqında zəruri məlumatları toplamaqdır. Dəmirova yaxın planları və özü haqqında Sputnik Azərbaycan-a müsahibəsində ətraflı danışıb.

– Samirə, necə oldu ki, siz yaşamaq üçün Avstraliyaya getmək qərarına gəldiz?

– Artıq 15 ildir, Avstraliyada yaşayıram. Mən avstraliyalı ilə ailə qurmuşam, ona görə də sadəcə başqa seçimim yox idi. Həyat yoldaşımla birlikdə yaşamalı idim, ona görə də onunla birlikdə onun vətəninə getdim. Hazırda bizim iki uşağımız, itimiz və dörd toyuğumuz var (gülür).

– Siz həyat yoldaşınızla Bakıda tanış olmusuz?

– Bəli, Bakıda tanış olmuşuq. Bu, tam təsadüfən baş verib. Mən onda hətta ingilis dilini bilmirdim, amma bu, bizə bir-birimizin yarı olduğumuzu başa düşməyə mane olmurdu.

Avstraliya sadə azərbaycanlının bütün həyatını dəyişdi (MÜSAHİBƏ)

– Avstraliyaya gedəndən sonra hansı çətinliklərlə üzləşmisiz?

– Əvvəlcə çox çətin idi, xüsusilə də ilk iki il. Onda mən bir qədər depressiyaya düşmüşdüm. Evimiz və dostlarım üçün darıxırdım. Anam isə bütün azərbaycanlı analar kimi deyirdi: “Döz, qızım, hər şey yoluna düşəcək”. Zamanla, əlbəttə ki, hər şey yoluna düşür. Doğmalarım tez-tez bizə qonaq gəlirlər. İndi də evimiz üçün darıxıram, amma yaxşı ki, müasir texnologiyalar var. Sosial şəbəkələr, müxtəlif proqramlar anamla, bacımla, dostlarımla əlaqə saxlamağa imkan verir.

– Bəs Avstraliya sizin xoşunuza gəlir?

– Bəli, ora çox gözəldir. Yalnız Bakı ilə müqayisədə orada hər şey bir-birindən kifayət qədər uzaq məsafədə yerləşir. Misal üçün, biz sahildə yaşayırıq və bizim mağazaya qədər 20 dəqiqə, 15 km yol getmək lazımdır. Bakıda isə hər şey yaxındadır. Mağaza evin yanındadır və lazım olan şey üçün başqa yerə getməyə gərək yoxdur. Bu səbəbdən də Avstraliyada həyat mənə bir qədər çətin gəlir.

– Avstraliyada Azərbaycanın hansısa ənənəsini yaşadırsız?

– Ənənəyə uyğun olaraq hər Novruz bayramında Azərbaycanın müxtəlif şirniyyatlarını hazırlayıram. Onların hazırlanmasında mənə avstraliyalı rəfiqələrim kömək edirlər. Onlar mənimlə birlikdə şəkərbura bükürlər.

Avstraliya sadə azərbaycanlının bütün həyatını dəyişdi (MÜSAHİBƏ)

– Bəs necə oldu ki, siz aşpaz olmaq qərarına gəldiz?

– Uşaqlıqdan yemək hazırlamağı xoşlayıram. Xatırlayıram ki, 12 yaşım olanda plov bişirmək qərarına gəlmişdim. Xörək o qədər dadlı alınmışdı ki, atam mənimlə qürur duydu. O şokda idi və sevinirdi ki, mən nəinki təkcə plovu, onun qarasını da hazırlamışam. İxtisasım heç də yemək hazırlamaqla bağlı deyil. Mən ixtisasca iqtisadçıyam. Həmişə əsasən evdə ailə üzvlərim üçün yemək hazırlayıram. Bəxtim onda gətirib ki, ərim də böyük qurmandır. O, mənə fransız mətbəxindən xeyli yemək hazırlamağı öyrədib. Hər dəfə bizə qonaq gələndə biz gecə yarısına qədər onunla reseptləri bölüşürük.

Biz Malayziyada yaşayanda mən öz bloqumu yaratmaq və orada Azərbaycan mətbəxinin sevdiyim yeməklərinin reseptlərini bölüşmək qərarına gəldim. Ərimin işi ilə əlaqədar olaraq biz hər dəfə bir ölkədən başqa ölkəyə getməli oluruq, ona görə də mən özüm üçün iş qura bilmirəm. Odur ki, boş vaxtlarımı öz bloquma həsr edirəm. Əvvəlcə müxtəlif reseptləri paylaşırdım, sonra oraya yemək fotolarını da əlavə etdim. Hazırda peşəkar fud-fotoqrafam.

– Azərbaycanda sizin haqqınızda Avstraliyanın “MasterChef” kulinariya şousunda iştirakınızdan sonra xəbər tutublar. Bu layihəyə necə düşmüşdüz?

– Bu layihədə adətən peşəkar aşpazlar iştirak edirlər, ona görə də VİP-dəvətnamə alanda təəccübləndim. Xeyli fikirləşəndən sonra oraya öz ərizəmi vermək qərarına gəldim. İştirakçı anketini doldurmağa mənə yoldaşım və rəfiqələrim kömək etdilər. Düşünürdüm ki, məni şouya götürməyəcəklər. Bu layihədə iştirak etmək üçün bir neçə mərhələdən keçmək lazımdır. Hətta psixoloji testdən də keçdim, çünki bu şou çox streslidir. Orada iştirak etmək üçün adamın əsəbləri dəmirdən olmalıdır. 50 aşpazdan şouda iştirak etmək üçün cəmi 24 nəfəri seçdilər. Xoşbəxtlikdən, mən Azərbaycan yeməyi – gürzə bişirdim. O, münsiflərin çox xoşuna gəldi, ona görə də məni layihəyə götürdülər. Bu şouda 7-ci yerə qədər gəlib çıxdım.

Avstraliya sadə azərbaycanlının bütün həyatını dəyişdi (MÜSAHİBƏ)

– Şouda iştirak sizə nə verdi?

– Avstraliya publikası məni çox yaxşı qarşıladı. Məni müxtəlif ölkələrdən tamaşaçılar dəstəklədilər. Bu insanlar sayəsində böyük platformam, izləyicilərim yarandı. Mən onlarla Azərbaycan mətbəxinin müxtəlif reseptlərini bölüşürəm. Biz Azərbaycana ailəvi uçmaq gərarına gəldik. Ərim burada avtomobil icarəyə götürüb və biz hazırda Azərbaycanın müxtəlif rayonlarına səyahət edirik. Artıq Lənkəran, Lerik, Şamaxı və digər yerləri ziyarət etmişik. Hər bir regionda şəkillər, videoçarxlar çəkirəm və onları öz səhifəmdə paylaşıram. Mənə xaricilərdən böyük həcmdə mesajlar gəlir. Hamı mənə yazır və təsəvvür etməzsiz ki, hamısı Azərbaycanın nə qədər gözəl olduğunu və buraya gəlməyi arzu etdiklərini bildirir.

– Bizə çatan məlumata görə, siz hazırda Azərbaycan haqda kitab yazırsız. Bu doğrudur?

– Bəli, hazırda bizim adət-ənənələrimiz və yeməklərimiz barədə məlumat toplayıram. Azərbaycan mətbəxinin nə qədər zəngin olduğunu göstərmək istəyirəm. Orada həmçinin Avstraliyada olmayan turşu, abqora kimi bir sıra inqrediyentləri nə ilə əvəz etməyin mümkün olduğunu da göstərmək niyyətindəyəm. Bir sıra Avstraliya inqrediyentləri dadına və görünüşünə görə onlara oxşayır.

– Bu kitabı öz vəsaitləriniz hesabına nəşr etdirməyi planlaşdırırsız, yoxsa kimsə sponsorluq edəcək?

– Bir Avstraliya şirkəti bu kitabın nəşri ilə maraqlanıb, amma hazırda bu işlə mən özüm məşğul oluram. Kitab nəşri nəinki çətindir, həm də böyük maliyyə tələb edir. Ərim mənə dəstək vermək qərarına gəlib. Buna görə ona minnətdaram. Artıq kitab üzərində işləməyə başlamışam. Hazırda material toplayıram. Mən orada həmçinin bu və digər yeməklərin tarixi ilə əlaqədar məlumatları da yazmaq niyyətindəyəm.

Avstraliya sadə azərbaycanlının bütün həyatını dəyişdi (MÜSAHİBƏ)

– Azərbaycan yeməkləri avstraliyalıların xoşuna gəlir?

– Ərim tənək dolmasını çox xoşlayır. Bu, onun ən sevimli yeməyidir. Biz Azərbaycanda harada yemək yeməyə getsək, yarpaq dolması sifariş edirik. Bundan başqa, o, kartof və toyuqla bişən çığırtmanı da xoşlayır. Avstraliyalı dostlarıma tez-tez Azərbaycan yeməkləri – dovğa, kələm dolması, plov, üç bacı dolması hazırlayıram. Onlar sadəcə bizim mətbəxə heyran olublar. Hazırda Avstraliyada narşərab çox populyardır. Mən hətta bizim bağda nar ağacı və üzüm əkmişəm ki, narşərab və dolma hazırlayım. Biz üzümçülük regionunda yaşayırıq, ona görə də orada üzüm yarpağı çox olur. Mənim hətta üzüm yarpaqlarını marinad edərək satmaq ideyam var.

– Azərbaycandan kimsə sizə hansısa layihədə iştirak etmək təklifi verib?

– Bəli, kulinariya şousu başa çatandan sonra dəvət etdilər, təəssüf ki, gələ bilmədim. Ondan sonra heç bir təklif daxil olmayıb. Çox istəyərdim ki, kimsə mənə dəstək versin, Azərbaycan haqqında xaricilərə bilgi verim və onları buraya turist kimi cəlb edim. Düşünürəm ki, bu, bizim ölkənin iqtisadi inkişafına müsbət təsir edərdi.

Avstraliya sadə azərbaycanlının bütün həyatını dəyişdi (MÜSAHİBƏ)

– Bəs kulinariya şousunda iştirak edəndən sonra Avstraliyada iş təklifi almısız?

– Bəli, Sidneydə iş təklif etdilər. Amma mən digər şəhərdə yaşayıram, ona görə də imtina etməli oldum. Uşaqlarım balacadır. Mənim üçün ilk yerdə ailəmdir, ona görə də onların sevimli mühitini dəyişmək istəmirəm.

– Başqa hansı planlarınız var?

– Azərbaycan haqda danışa biləcəyim televiziya şousu açmağı çox istəyərdim. Amma bu, vaxt və maliyyə tələb edir. Hazırda vaxtımı kitabımın yazılmasına sərf edirəm. Azərbaycan tərəfindən dəstək almağı çox istəyərdim. Mən sadə Azərbaycan qadını və anayam. Məni heç kəs dəstəkləmir, hər şeyi özüm edirəm, çünki xalqımı və vətənimi sevirəm.

Загрузка...