26 ildir ki, hər ilin iyununda bu ölkənin ictimai-siyasi gündəmində bir mövzunun müzakirəsi başqalarını üstələyir.

Bu, 4 iyun qiyamı ilə bağlı mövzudur və iyunun günləri bir-birini əvəz etdikcə, mövzu yana, böyürə qol-budaq atır, şaxələnir.

“AXC-Musavat hakimiyyəti nədən devrildi?”; “Bir il əvvəl prezident seçilmiş Elçibəy qiyamçıları əzə bilərdimi?”; “Heydər Əliyevin Bakıya dəvət edilməsi doğruydumu?”; “İsa Qəmbər və Pənah Hüseynin istefası zəruriydimi”; “İyunun 17-dən 18-nə keçən gecə Elçibəyin Bakını tərk etməməsi mümkün idimi?”; “İyunun 24-də legitim prezidentin öz səlahiyyətlərindən məhrum edilməsi qanuniydimi?”; “İyunun 30-da əliqanlı qiyamçı polkovnik Surət Hüseynovun baş nazir təyin edilməsi vəziyyətdən yeganə çıxış yoluydumu” və sair və ilaxır mövzular eninə-uzununa müzakirə edilir.

Hər il bu serial yenidən başlayır, davam edir eyni sonluqla da bitir. Dəyişən yalnız odur ki, ildən-ilə bu mövzularda daha sakit, obyektivliyə yaxın rəy bildirənlər artır. Eyni zamanda mövzulara, həmin tarixi hadisələrə bugünkü arşınlarla yanaşanlar da çoxalır.

Bu üzdəndir ki, “4 iyun qiyamı” mövzusu ətrafında yazılan yazılar artıq “Kennedini kim öldürdü” və ya “SSRİ hansı səbəbdən dağıldı” mövzularında yazılanlardan çoxdur.

Bircə şeyi bilmək lazımdır ki, atalar demişkən, artıq olmuşla ölmüşə çarə yoxdur. Yenə üstündən bir-iki il keçmiş vaxtlarda, məsələn, 1995-ci ildə 4 iyun qiyamının nəticələri aradan qaldırılmış olsaydı, bu müzakirələrin nəsə bir əhəmiyyəti olardı. İndi yalnız həmin hadisələrin tarixdə dürüst şəkildə əks olunması qayğısını çəkmək olar. Tarix də elə şeydir ki, onsuz da hər şeyi əvvəl-axır gerçək məğzində saxlayır.

Bu il 4 iyun qiyamının baş verməsinə və yatırılmamasına görə Elçibəy hakimiyyətini qınayanların, pisləyənlərin sırası geniş oldu, səsləri də möhkəm çıxdı. Bunların bir çoxu ölkənin demokratikləşməsindən yana illərdir çalışan-çabalayan və müxtəlif dönəmlərdə dəfələrlə məyus olan, ona görə də bugünkü durumun başlanğıc səbəblərini gətirib 4 iyun qiyamına, daha dəqiqi, o zamankı hakimiyyətin təslimçilik mövqeyi tutmasına bağlayanlardır.

Onlar xeyli dərəcədə haqlıdırlar, amma tam yox.

Birincisi, bu kimi qiyamlar, yaxud məxməri hakimiyyət dəyişikliyi bizimlə eyni durumda olan postsovet ölkələrində də baş verdi. O ölkələrdə də revanşist qüvvələr, əski kommunistlər, xüsusilə də gənc komsomolçular bir-iki ilin içində toparlanaraq hərəkətləndilər və hakimiyyəti götürdülər.

Bizdə də eyni proses getmişdi. 1992-ci ilin oktyabr-noyabr ayından başlayaraq ölkədə partiyalaşma prosesi kütləvi hal almışdı. Cəmi iki-üç ayın içində Etibar Məmmədovun rəhbərlik etdiyi AMİP-in üzvləri artıq AXC və Müsavatın bir yerdə üzvlərindən daha çox, daha iddialı, daha aqresiv idilər. Hər hansı bir seçki olacağı təqdirdə hakimiyyətə AMİP gələcəkdi.

Bu adamlar kimlər idi? AXC və Müsavata qoşulmayan, buna görə də vəzifə bölgüsündən kənarda qalan keçmiş hərəkatçılar, uzun zaman gözləmə mövqeyində durub xalq hərəkatına qoşulmayan, artıq siyasətlə məşğul olmağın zərərli olmadığını görən karyeristlər, orta və kiçik ranqlı vəzifələr tutan və cəbhəçilərlə əvəzlənəcəklərini gözləyən kommunistlər, komsomolçular, suyu bulanıq görən və “balıq tutmaq” fikrinə düşən kəmfürsətlər və sair və ilaxır. Onlar hər rayonda 5-6 cəbhəçinin dövlət vəzifələrinə təyin edilməsini görür və “biz daha layiqik” düşüncəsinə qapılırdılar.

Bu arada hər rayonda vəzifəyə təyin olunan 5-6 cəbhəçi məsələni bitmiş sayır, “vəzifələrə layiq olan elə bizlərik, digər cəbhadaşlarımız hələ yetişməyiblər” düşüncəsi ilə onları hakimiyyətə gətirən sıravi hərəkatçıları xor görürdülər. Bu üzdən AXC-nin rayon təşkilatlarında ciddi münaqişələr vardı və “Sahil” bağı (AXC-nin qərargahı Üzeyir Hacıbəyov küçəsində yerləşirdi) hər gün rayonlardan şikayətə gələn cəbhəçilərlə dolub-daşırdı.

Bəli, durum beləydi. Ötənilki ən güclü təşkilat bölünmüş, intriqalı, çəkişməli durumdaydı, onun rəqibi isə 4-5 ayın içində hakimiyyətə təkbaşına gələcək qədər güclənmişdi. Əliyalın “meydan davası”na qalsaydı da, cəbhəçilər, müsavatçılar döyüləcəkdi. Çünki komanda ruhu itmişdi.

Belə bir durumda Surət Hüseynovun qaldırdığı qiyam ona görə qarşısıalınmaz oldu ki, dövrün ən güclü təşkilatı AMİP, eləcə də digər siyasi təşkilatlar qiyama həm siyasi, həm də əməli dəstək verdilər. Bir çox rayonlarda AMİP-çilər qiyamçılarla birlikdə legitim hakimiyyəti devirərək öz nümayəndələrini başçı təyin etmişdilər. Onlar öz zamanlarının yetişdiyini zənn edirdilər. (İyunun sonlarında H.Əliyev televiziya ilə çıxış edərək Etibar Məmmədovun ondan dörd vəzifə istəməsini bəyan etməsinin sabahı günü AMİP iki yerə parçalandı, partiyanın böyük hissəsi öz tanınmış ziyalıları ilə birlikdə yeni iqtidarın tərəfinə keçdi).

Bundan başqa, bu proses cəmi ilyarım əvvəl qurulmuş, müharibə aparan dövlətdə, hakimiyyətinin bir ili tamam olmamış iqtidar komandasında qarşı gedirdi. Kimin kimə tabe olması bilinməyən, iyerarxik subordinasiyaya riayət edilməyən, hər döyüşən batalyonun özünü müstəqil hərbi qüvvə elan etdiyi dönəmdə durumu nəzarət altına almaq çətin idi. Sınıq-salxaq dövlət maşını sürücünün iradəsinə tabe olmurdu.

Bir və iki il sonra necə oldu? Yenə qiyam cəhdləri baş verdi – 1994-cü ilin oktyabrında Surət Hüseynov Heydər Əliyevi də devirmək istədi, 6 ay sonra Rövşən Cavadov da qiyam qaldırdı. Hər iki halda durumu nəzarət altına almaq çətin oldu. Hər iki qiyam cəhdi zamanı dövrün ana müxalifət qüvvəsi AXC-Müsavat tandemi qiyamçılara heç bir dəstək vermədi, oyunlara qoşulmadı. Etiraf edilməsə də, bu, həlledici faktorlardan biriydi. Düzdür, birinci halda cəbhəçi və müsavatçıların onların hakimiyyətini devirmiş Surətə kömək etmələri ehtimalı sıfırın altındaydı, amma 1995-ci ildə onlar döyüşçü polkovnikə – Rövşən Cavadova dəstək verə bilər, rayonlarda kütləvi hərəkata başlaya bilərdilər. Etmədilər.

Elçibəy iqtidarı revanşist qüvvələrin qarşısını hələ ilin əvvəlində ala, onları yerində oturda, darmadağın edə bilərdi, amma bu, yalnız açıq və kütləvi hüquqpozma nəticəsində, repressiv tədbirlərlə baş tuta bilərdi. İnsanları hakimiyyətə gəlmək istədiklərinə, növbəti iqtidar komandası formalaşdırdıqlarına görə repressiya etmək Elçibəy iqtidarının prinsiplərinə, elan etdiyi “milli təsanüd” nəzəriyyəsinə zidd idi. Bununla belə, açıq-aşkar qiyama, üsyana çağıran bəzi adamlar cəzalandırıla bilərdi. Onlar hakimiyyətə növbəti seçkini gözləmədən gəlməyə dair çağırışlar edir, antikonstitusion addımlar atırdılar. Aralarında deputatlar və universitet müəllimləri də vardı. Onları istintaqa cəlb etmək mümkün idi. AXC-Müsavat hakimiyyəti bunu etmədi.

Uzun sözün kəsəsi, 4 iyun-30 iyun məğlubiyyəti ona görə baş verdi ki, bu qovğada zəfər yox idi. 4 iyun qiyamı baş verəndən sonra artıq hər şey 5-6 gediş əvvəli hesablayan qrossmeysterin oyunu kimi oldu: məcburi gedişlər və xoşagəlməz endşpil.

Tarixi təcrübə göstərir ki, inqilabi hərəkətlənmə ilə hakimiyyətə gələn qüvvə ilk illərdə siyasi rəqiblərinə qarşı amansız olmalıdır. Olsa, hakimiyyəti uzun olur, olmasa, revanşistlər toparlanır və qisas alırlar.

Elçibəy amansız olmadı, mərhəmətli oldu və ondan, komandasından qisas aldılar. Məsələnin mahiyyəti, məğzi budur.

Yeri gəlmişkən, bu sətirlərin müəllifi hələ 1993-cü ilin mayında “Siyasi matç-revanş: gediş qırımızlarındır” başlıqlı yazı yazmış, orada revanistlərin Elçibəy hakimiyyətini devirməyə hazırlaşdığını qeyd etmişdi. Tarixin ironiyasına baxın, həmin yazı “Yeni Müsavat”ın 4 iyun (1993-cü il) sayında, 4-cü səhifədə dərc olunub – məhz qırmızıların siyasi revanşa başladıqları gün…

Загрузка...