Deputat Fazil Mustafa Milli Məclisin yaz sessiyasının son iclasında Azərbaycanla digər postsovet ölkələri arasında paralellik apardı. Dedi ki, ölkəmizdə orta əmək haqqı Gürcüstandan aşağıdır. Millət vəkili onu da dedi ki, Gürcüstan Azərbaycanla müqayisədə turizmdən 600 milyon dollardan çox (!) gəlir götürüb. Kiçik rəqəm deyil. Bu vəsaitlə nə qədər müəssisələr açmaq, nə qədər insanı məmnun etmək mümkündür. Amma…

Məşhur filmimizdəki fikirləri bir az dəyişib soruşaq ki, Gürcüstanın nəyi və harası turistlərə belə xoş gəlir ki, ora axın edirlər?

Gürcüstan ərazi cəhətdən Azərbaycandan kiçikdir. O da dəniz sahilindədir, Azərbaycan da. Bu, iki Cənubi Qafqaz ölkələrinin iqlim, relyef bənzərliyi də kifayət qədərdir. Üstəlik, əhalimiz Gürcüstanla müqayisədə iki dəfə yarım çoxdur. Deməli, bizim daha çox qazanmaq imkanlarımız var. Onda nəyə görə turizm sektorunda “axsayırıq?”

Ötən il ölkəmizə 2 milyon 850 min turist gəlib. Turistlərin 31,1%-i Rusiya, 20,9%-i Gürcüstan, 10,1%-i Türkiyə, 8,6%-i İran, 3,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,7%-i Səudiyyə Ərəbistanı, 2,4%-i İraq, 2%-i Ukrayna, 19%-i digər ölkələrin vətəndaşlarıdır.

Qış aylarında qəbul etdiyimiz turistlərin sayında isə ciddi azalma olub. Niyə? Azərbaycanda qış turizm infrastrukturuna böyük vəsaitlər ayrılır, yeni otellər tikilir, elə isə niyə turistlər Şahdağ Qış Kompleksinin dadını çıxartmaq üçün ölkəmizə axın etmirlər?

Başqa bir məqam. Keçən il İrandan gələn turistlərin sayında 33,4%, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 6,5% azalma olub. Kimsə deyə bilər ki, İran vətəndaşlarının azalmasının səbəbi sanksiyalardır, bəs ərəblər? Deməli, səbəb başqadır. Əgər sanksiya İran turizminə təsir edibsə, onda onların səsi niyə Ermənistandan gəlir?

Əsas səbəb bahalıqdır, od tutub yanan qiymətlərdir. Elə bilirdik ərəb “pulunun dəlisi”dir, nə desək, verəcək. Taksi görür turistdir, qiyməti ikiqat deyir, kababçı da, çayçı da elə. Keçən il ağacın kölgəsini ərəbə 5 manata satan var idi. Ərəbi qışqırdıb ondan kölgəpulu alan anlamalı idi ki, 2019-da nəinki həmin ərəb, hətta onun tanıdığı digərləri də ölkəmizə gəlməyəcək. Hansı birimiz ağacın kölgəsinə görə pul istəyənlərin ölkəsinə getmək istərik?

Təkcə may ayında Gürcüstana 723 160 əcnəbi gedib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14,2% çoxdur. Milli Turizm Administrasiyasından bildirilib yanvar-may aylarında ölkəyə gələn turistlərin sayı 1 655 163 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 121 378 nəfər çoxdur.

Axı hər turist ölkəyə valyuta qazandırır. Niyə biz kəm-kəsirimizi müəyyənləşdirib ölkəmizi bölgənin ən cəlbedici məkanına çevirə bilmirik? Tarixi abidələrimiz var ki, oranın yolunu heç özümüz dəqiq bilmirik, nəinki əcnəbi…

Təsəvvür edin, Xəzərin sahilindəki qum adla deyilir, ancaq yay turizmindən faydalana bilmirik. Düzdür, dənizi çirkaba qərq etdiyimizdən, heç özümüz də onun suyuna baş vurmağa ürək eləmirik. Yaxud dənizi hasarlamağımız bir özgə dərddir. Amma axı bunları özümüz edirik, deyirik turist niyə qonşu ölkəyə axışır…

Keçən həftə qohumum Şamaxıya, ordan da İsmayıllıya gedib – ailəlikcə dincəlmək üçün. Deyir, harda oturduqsa, “ətəyimizi unlu” görüb qiymət “oxudular”. Gecələmək üçün yer soruşub, 100 manatdan başlaylıblar, sadəcə çarpayı. Səhər yeməyi də yox. Hansı ki, mebel mağazasından 100 manata təzə çarpayı almaq olardı… Nə isə. Qohum uşaqlarını da götürüb gecə ilə düz Bakıya sürmüşdü maşını.

Bax, belə. Əcnəbilər də beləcə qaçaq düşürlər. Görün hələ onlara hansı qiymət “oxuyuruq”.

Belə olmaz. Bəlkə inzibati yollarla, vahid tariflərlə vəziyyəti keçid dövrü üçün nəzarət altına almaq lazımdır. Yoxsa bizdən üz çevirənləri geri qaytarmaq çətin olacaq. Təkcə əcnəbiləri deyil. Məsələn, Gürcüstana axışan azərbaycanlıların da sayı ilbəil artır.

Orta aylıq əmək haqqının aşağı olmasına görə təkcə dövləti qınamayaq, həm də özümüzü qınayaq. Bax, buna görədir ki, Azərbaycanın hesabına ayaq üstə dayanan, neft-qaz ehtiyatları olmayan Gürcüstanda orta aylıq əmək haqqı bizdən yüksəkdir. Turizm ən gəlirli sahələrdən birinə çevrildiyi halda, sən, mən, o, hamımız turisti didərgin salırıq, deyirik bizdən uzaq ol, get başqa ölkəyə… Sonucda bu sektorun gətirdiyi gəlirdən də özümüzü məhrum edirik. Turizm sektorunu inkişaf etdirə bilsək, neftin qiymətini bu qədər həyəcanla izləməzdik.

Görəsən, bu il o ağacın kölgəsi neçəyədir?.

Загрузка...