“Sevgi Nazirliyi həqiqətən də insanın canına qorxu salırdı. Binada yerli-dibli pəncərə yox idi”.

(Corc Oruell, “1984″)

Deputatlardan birinin intervüsünü təsadüfən oxumaq şərəfinə nail olmuşdum, müxbir sual verir ki, sədri olduğunuz partiyanın neçə üzvü var, adam yalan danışmaq istəmir, ancaq düzünü də deməyə utanır, o üzdən belə diplomatik formada aradan çıxır: “Üzvlərin sayını rayon təşkilatlarımız bilir”. Əlbəttə. Hər rayon təşkilatı ayrıca partiyadır əslində. O dərəcədə böyük qüvvədir. Ancaq müxbir lap ağını çıxardır, bir dənə də axmaq sual qoyur: “Niyə aktiv deyilsiniz?”. Hörmətli deputatın cavabı şedevr sayıla bilər: “Partiyamizin gündəlik fəaliyyəti niyə nəzərə çarpmalıdır ki?”. Vallah da. Müharibə şəraitində yaşayırıq, bəlkə bunlar partiya olaraq yığışıb Ağdam tərəfdən yeraltı tunel qazırlar, qəfil Şuşanın ortasından çıxıb erməniləri qıracaqlar? Belə sirləri açmaq yaramaz. Üstəlik, Ermənistanın boşaldığı bir məqamda.

Bu intervü başqa bir əski deputatın parlament üzvlərinin sayını artırmaq təklifini oxuyanda yadıma düşdü. Deyir 125 nəfər azdır, azı 250 deputat olsa Azərbaycanın dərdlərinə daha yaxından çarə etmək mümkündür. İndiki halda ağırlıq çox düşür. İnsafən, hardasa həqiqət vardır. 125 nəfər xalqa tema vermək üçün azdır. Tutalım bunun biri soğan əkməyin, ikincisi uşaq əkməyin vacibliyindən danışdı, üçüncüsü müəllimləri bənna işləməyə çağırdı, dördüncüsü himni kəsməyi, beşincisi bayrağı uzatmağı, altıncısı dombalaq aşmağı təklif elədi və sairə. İldə 365 gün var axı. Mən təklifi dəstəkləyərək deputat sayının nəinki 250, lap 365 olmasını istəyirəm. Hərəyə bir mövzu düşər, millətin başı qarışar, böyük, ümummilli razılıq olar. Necə deyərlər, ümid var gələcəyə, səs versək Elçibəyə.

Bir də qardaşımız deyir bu parlament 2 palatalı olsun. Biri aşağı palata olsun, biri yuxarı palata. Yaxşı fikirlərdir. Hətta dörd palatalı parlament də qayırmaq olar: alt, üst, orta və ağır vəziyyətdə olanlar üçün. Bizim buna hər cür imkanımız var, neft-qaz yatağımızın ucu-bucağı bilinmir.

Ümumiyyətlə, islahatlar hər sahədə aparılmalıdır, aparılır, aparılacaqdır. Buna şübhəniz olmasın. Keçən həftə məhkəmə sahəsində böyük islahata yol verildi. 7 məhkəmənin adı dəyişdirildi. Qabaq “iqtisadi-inzibati məhkəmə” adı daşıyırdılar, indən sonra “inzibati məhkəmə” olacaqdır. Gör nə qədər dərin, məzmunlu, insanların həyatını dəyişdirən, gələcəyə üfüqlərimizi açan bir islahatdır. (Yeri gəlmişkən, bu yaxında hökumətin qərarı ilə yay girəcəkdir, dedim indidən biləsiniz, özünüzə Xəzərin sahilində dənizə baxmaq üçün hasar deşiyini qabaqcadan kirayə edəsiniz). Məhkəmənin adı “inzibati-iqtisadi” olarkən hakimlər çaşırdılar. Bilmirdilər işə iqtisadi tərəfdən yanaşsınlar, yoxsa inzibati tərəfdən. Hətta elə proses olmuşdu hakim iqtisadi baxımdan hökm kəsmişdi, evə gedəndə yadına düşmüşdü ki, səhv eləyib, özünü asmışdı. Şükür olsun, daha belə hüquqi nihilizmə yol verilməyəcəkdir, axı bizim Qarabağ dərdimiz vardır!

Ancaq düşünürəm islahat burada əyləci basmamalıdır. Daha qabağa getməliyik. Mən təklif edərdim “İnzibati məhkəmə”nin adını dəyişib “Qiyamət məhkəməsi” qoyaq. Mənəvi dəyərlərimizə də uyğun olar. Üstəlik, bunun fililoji-sintaktik-orfoepik-linqvistik-yuridik-irodik-periodik analizi “inzibat” sözündəki “bat” hissəsini mənfi çalarlı olduğunu, dövrümüzün yüksəliş təmayüllərinə uyğun gəlmədiyini göstərməkdədir. Biz niyə batırıq ki? Bizi istəməyənlər batsın, özü də, inşallah, Göyçə gölündə. “Qiyamət” sözü isə həm “qamət”, həm “ət” sözlərini özündə gizlədir, bu isə hüquqi islahatlarımızın totuq-motuqluğuna işarədir. (Bir az da təhlil edərdim, ancaq görürəm yaxşı istiqamətə getmirəm).

Загрузка...