Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Medianews.az report-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda vəkili R.Taxvelinin barəsində təkrar tibbi və psixoloji ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb. Hakim vəsatəti baxılmamış saxlayıb.

Barəsində həbs qətimkan tədbiri seçilən və Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan R.Taxveli məhkəməyə əlil arabasında gətirilib. O, proses zamanı rabitəsiz nitqlər söyləyib, tez-tez ağlayıb.

Daha sonra dövlət ittihamçısı çıxış edərək ittiham aktını elan edib. İttihama görə, R.Taxveli ilk qızı Aliyanın epilepsiya xəstəsi olaraq doğulmasında arvadı Adelyanı daim günahkar bilib və buna görə mütəmadi olaraq mübahisə edib. O, dekabrın 9-u axşam saat 22 radələrində marixuana qəbul edərək arvadı Adelyanı yuxudan oyadaraq döyüb və işgəncə verib. Daha sonra onu saçından tutub sürüyərək otaqları gəzdirib, uşaqların yatdığı otağa apararaq onlarla vidalaşmağa məcbur edib. Həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırpıb və belə oyadıb. Bu zaman epilepsiya xəstəsi olan Aliya başından xəsarət alıb. Uşaqlar atalarına yalvarıb analarını çağırsalar da, R.Taxveli buna əhəmiyyət verməyib. Adelyanı sürüyərək balkona çıxarıb, orada ayaqlarından tutaraq yuxarı qaldırıb və balkondan aşağı atıb.

İttihama münasibət bildirən R.Taxveli nədə təqsirləndirildiyini anladığını desə də, özünü təqsirli bilmədiyini söyləyib.

O, rus dilində sərbəst ifadə verərək deyib ki, Adelya ilə bir-birilərini çox seviblər: “Dəlicəsinə sevirdik, birinci qızımız xəstə oldu, beyin xəstəliyi var idi. Amma münasibətlərimiz əla idi. Qızımı müalicə üçün Türkiyə, İsrailə aparmışdıq. İkinci qızımız sağlam oldu. Hadisə olan gününü isə ümumiyyətlə, xatırlamıram. Hərdənbir marixuana çəkirdim. Maşında olanların kimin olduğunu bilmirəm, amma mənim ola bilməzdi. Qızımı yerə vurmağım isə mümkün deyil. Hamısı şər-böhtandır. Bizi tanıyanlar bilir ki, belə bir şey ola bilməz. Biz bir-birimizi çox sevirdik”.

Zərərçəkmişin hüquqi varisi, mərhum A.Taxvelinin anası Samirə Süleymanova ifadə verərək deyib ki, qızı və Ramiz özləri tanış olub bir-birilərini seviblər: “Qızım məktəbdə oxuyanda bunlar orada səhnələr təşkil ediblər, həmin vaxt tanış olublar. Sonra qızım oxumağa ABŞ-a getdi, qayıdandan sonra yenə danışdılar. Adelyanın 19 yaşı olanda evləndilər. Qızım onu çox istəyirdi, Ramizin xasiyyəti pis idi, amma hər dəfə Adelya deyirdi ki, “mama, Ramiz artıq düzəlir”. Ramiz qızım hamilə olanda da onu incidirdi, o vampirdir”.

Bu zaman R.Taxveli ağlayaraq “burada mənim taleyim həll olunur” deyib.

S.Süleymanova ifadəsinin davamında bildirib ki, Aliyanı həmişə onlar müalicə etdiriblər: “Ramiz yaxın durmurdu, pul da vermirdi. Adelya ikinci uşağa hamilə olanda Ramiz deyirdi ki, “uşağı istəmirəm, çünki mən nəsə içmişdim, birdən yenə elə olar”. Amma uşaq normal oldu. Qızım doğuşa tək getmişdi, həmin vaxt Ramiz dərman atdığı üçün özündə deyildi, adekvat hərəkət etmirdi, qəribə sözlər danışırdı. Qızının olmasını bir sutka sonra bildi.

Ondan əvvəl də bir dəfə bağ evinə bizə gəlmişdilər. Amma Ramiz 4 saat maşında oturdu, evə gəlmədi. Axırda Adelya dedi Ramiz evə gəlir, amma deyir ondan heç nə soruşmayın.

Hadisə günü axşam saat 12-də Ramiz “WhatsApp”da mənə qanlı barmaq şəkli atdı. Biraz sonra mənə yazdı ki, bağ evində özümü şübhəli aparmışam, kimisə incitməmişəm? Mən də dedim yox. Mesaj yazdı ki, “öldürə bilmirəm də”, soruşdum “məni?”, dedi “hə, ancaq Aliyaya yazığım gəlir”. Biraz sonra yazdı ki, bunları yadından çıxart. Ardınca yolka şəkli atıb “bu bizim yolkamızdı, bu gecə rahat yat” yazdı. Son cümləni bir neçə dəfə təkrar yazdı, mən qızıma zəng etdim. Adelya yuxulu idi, dedi uşaqların yanında yerdə yatıb qalmışam. Ramizin yazdıqlarını dedim, Adelya dedi fikir vermə, sağollaşdı. Səhər saat 8-də evdən çıxanda gördüm bacımla qohumlarımız gəlib qapının ağzında dayanıb. Dedilər Adelya yıxılaraq əzilib. Xəstəxanaya getmək istəyəndə dedilər, vəfat edib”.

Proses iyunun 14-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi, ev 65, mənzil 51-də baş verib. Həmin ünvanda yaşayan Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən R.Taxveli saxlanılıb. Məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb.

R.Taxveliyə qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə saxlama) maddələri ilə ittiham irəli sürülüb.

Ramiz Taxveli “Buta Palace”ın art-direktoru vəzifəsində işləyib. Qətlə yetirilən Taxveli Adelya isə “Atəşgah Sığorta” şirkətində baş mütəxəssis vəzifəsində çalışıb.

Загрузка...