Biz gərək bir çox şeyləri gerçəkdən də ürəyimizə salmayaq. Dünyanın, demək olar ki, bütün ölkələrində hər cür hadisə baş verir.
Məsələn, seldir, qasırğadır, texnogen qəzalardır – hər yerdə olur. ABŞ-da və Yaponiyada elektrik kəsintisi üzündən bütöv bir şəhərin qaranlıqda qalması halları vaxtaşırı baş verir. Filmləri də var.
Amma bizdə belə bir düşüncə var ki, o cür pis şeylərin hamısı yalnız bizdə olur. Banqladeş tərəflərdə günaşırı baş verən gəmi-bərə qəzaları, Çində həftəaşırı baş verən mədən-şaxta çökmələri, Hindistanda olan silsilə qatar qəzaları bizdə olsa, yəqin ki, tablaşa bilmərik. Yenə o gözgörünməzə şükür edək.
Odur, ötən həftə Avroliqanın final oyunu zamanı əyinlərinə Mxitaryanın adı yazılmış köynək geyinən iki avropalı azarkeş (suratlarından açıq görünürdü, həm də məlum oldu ki, onlar İndoneziya tərəflərdən imişlər) Bakıda təşər-təşər gəzərkən milli polis onlara yaxınlaşmış, “bir hovur ayaq saxlayın” deyə onlara xitab etmiş, öz rəisi ilə ratsiya ilə danışdıqdan sonra “gedə bilərsiniz” demişdi. Bütün bu proses cəmi 16 saniyə çəkmişdi. Videosu da var, saniyəbəsaniyə çəkilmiş fotoşəkilləri də…
Amma nə baş verdi? 15 dəqiqədən sonra İngiltərə qəzetləri o avro-asiyalı iki gədənin polislə üzbəüz durduğu yerdə şəklini verdi və yazdı ki, Bakıda Mxitaryanın köynəyini geyən azarkeşləri saxlayıblar. “Saxlayıblar” – sanki danaboyun eləyib polis bölməsinə aparıblar, it sürütməsi eləyib maşına basıblar, eşşəkcə döyüblər, zorla ölkədən deportasiya ediblər və s.
Sonra əksər qəzetlər və saytlar bu barədə yazdılar, Ağcaqum tozanağı qopartdılar. Hadisənin məğzindən xəbəri olmayan adi oxucu elə bilərdi ki, Azərbaycan Myanmaya dönüb, hərbçilər küçədə blok-post qoyublar, addımbaşı bütün turistləri saxlayır, sorğu-sual edirlər.
Yazdıqları yazılarda, statuslarda Bakıda baş verən 16 saniyəlik olayı “rəzalət”, “biabırçılıq”, “rüsvayçılıq” adlandıranlar da vardı. Videoya çəkildiyinə, cəmi 15 dəqiqədən sonra isə Avropada ictimailəşdirildiyinə görə bu hadisənin birmənalı olaraq öncədən düşünülmüş, palnlaşdırılmış təxribat olması şübhə doğurmurdu. Ancaq nə etmək olar? Biz belə təxribatlara uymayacaq qədər fəhm yiyəsi deyilik. Polisin gücü ona çatdı ki, o eynəkli, qırmızı köynəkli avro-asiyalıları küçədə şapalaqlanmadan və ya yortulmaqdan xilas etdi.
Prinsipcə, onları “təhlükəsizliklərini təmin etmək” məqsədilə ilə elə ordanca hop götürüb hansısa bölməyə aparmaq, sonra aeroport yollayaraq, çığırda-çığırda, finala tamaşa etmək imkanı vermədən ölkədən deportasiya etmək də olardı. Təəssüf ki, biz hələ bu kimi situasiyalarda da “yolavermə” siyasəti yeritməyi üstün tuturuq. Bu, təxminən “insanları öldürməyin, onsuz da öləcəklər” deyən mütəfəkkirin məşhur və ağıllı təklifinin Azərbaycansayağı variantıdır: “Şuluqluq edən turistləri ölkədən çıxarmayın, onsuz da 3-4 günə özləri gedəcəklər”.
Qayıdaq mətləb üstünə. Baxaq, görək, Çempionlar Liqasının finalında nələr oldu. “Liverpul”un avtobusu tuneldə qaldı. Bütün Avropa mətbuatı bundan yazdı, amma hadisəni “rüsvayçılıq”, “biabırçılıq” adlandırmadılar, “olan şeydir” dedilər. Bizdə olsaydı, əlbəttə ki, “təşkilatçıların məsuliyyətsizliyi üzündən baş verən görünməmiş biabırçı olay” olacaqdı.
Srağagün keçirilən final oyunu zamanı isə meydanşaya çimərlik geyimində bir qadın girdi və oyun dayandı. Əli və əyni yalın qadın oyunçulara heç bir təhlükə törətmədi, eləcə, meydanın mərkəzinə qaçdı, əndamını bir-iki milyard tamaşaçıya nümayiş etdirməyə macal tapdı və sekyuritilər onu tutub meydançadan çıxardılar. Yenə də İspaniyanı, Madridi yerdən-yerə vuran olmadı, “olan şeydir” dedilər.
Bizdə olsaydı, əlbəttə ki, bu, “təşkilatçıların məsuliyyətsizliyi üzündən baş verən rüsvayçılıq” olacaqdı, hələ irəli gedib deyəcəkdilər ki, yarıçılpaq qadının yerində terrorçu ola bilərdi, ona görə də bu, görünməmiş biabırçılıqdır.
Ona görə də gəlin özümüzü aşağılamayaq, nəsə bir xırda qüsur olanda özümüzü “əlindən-qolundan bir iş gəlməyən millət” kimi təqdim etməyək. Təşkilatçılıq məsələsində tərifi ərşə çıxmış ölkələrdə elə biabırçılıqlar olur ki… Sadəcə, onlar hər şeyi “olan şeydir” qrafasına sala bilirlər, biz isə burda öz aramızda süpürləşirik.