Təəssüf ki, ötən yazılarımızdakı ehtimallar doğruldu. Yazmışdıq ki, nazirlərin Vaşinqton görüşü ərəfəsində Qarabağda növbəti təxribat ola bilər: baş verdi. ABŞ danışıqlara 15 ildən sonra (!) 2016-cı ildə ev sahibliyi etmək istəyəndə də aprel döyüşləri başlamışdı. Bu dəfə həmsədrləri İrəvan, Xankəndidən sonra Bakıya gəldilər ki, ABŞ-ın paytaxtındakı görüşə hazırlıqları müzakirə etsinlər, tabor komandirimiz, mayor Aqil Ömərov snayperlə qətlə yetirildi.
Zabitimizə atılan güllə həm də həmsədrlərin təşəbbüsünə, daha çox da ABŞ-a atılmış sayılmalıdır. Bölgədə maraqları olan, təşəbbüsü əldən vermək istəməyən digər qüvvələr Vaşinqtonun Qarabağ məsələsində yaxından iştirakını qəti şəkildə istəmir. Xüsusilə də Rusiya ABŞ-la arasınada soyuq müharibə yaşandığı bu dönəmdə təşəbbüsün əldə çıxacağından ehtiyatlanır. İran məsələsinin aktual olduğu bir zamanda regiondakı digər münaqişə bölgəsinə “yad” birisinin yaxınlaşmasını sinirə bilmir bölgədə hegemonluq etmək istəyən qüvvə…
Bu mənada həmsədrlərin Azərbaycan zabitinin şəhid olmasına verdiyi reaksiya adekvat sayıla bilməz. Əgər açılan güllə diplomatların bölgəyə səfərini “beş qəpiklik” edibsə, onda bu nə “narahatıq”-bazlıqdır?! Belə nağılları çox eşitmişik. Atəşi açan işğaldakı Ağdam ərazisində marığa yatmış erməni əsgər olub, onda bu nə bərabərlik işarəsidir?!
İstisna deyil ki, bu bəyanatda da şimal qonşumuzun təmsilçisinin iradəsi öz sözünü deyib. Məntiqlə Vaşinqton görüşünün pozulmasına yönəlik təxribata görə Ağ Ev-dən qınaq gəlməliydi. Gəlmədi. Bütün məsələlərdə bir-biri ilə savaşırlar, təkcə Qarabağ məsələsində mövqeləri yekdildir.
Keçən mayda ordumuz Naxçıvan istiqamətində strateji mövqeləri azad edəndə həmsədrlər açıq şəkildə Azərbaycanı ittiham etdilər. İndi necə olur Azərbaycanın peşəkar zabiti, tabor komandiri snayperlə vurulur, amma snayperlərin yığışdırılması üçün illərdir yaxa yırtan mərkəzlərin səsi eşidilmir? Deməli, bəzi dairələrə də sərf edir danışıqların dalana dirənməsi. Ermənistanın da arzu-istəyi budur. Sabah iddia edəcəklər ki, Dağlıq Qarabağda 30 illik bir nəsil böyüyüb, onların Azərbaycanın tərkibində yaşaması mümkün deyil. Əslində ədalətsiz dünyaya da belə bəhanələr çox lazımdır.
Budur, ölkəmizin işğal olunmuş ərazilərində “müstəqil futbol assosiasiyaları konfederasiyası”nin (ConİFA) futbol oyunları keçirilir. Azərbaycan tərəf bəyan etdi ki, hər hansı rəsmi futbol assosiasiyası tərəfindən tanınmayan və öz sıralarında qeyri-legitim qurumları bir araya gətirən qeyd etdiyiniz oyunlar futbolun parodiyasından başqa bir şey deyil. Bəs Qarabağda gərginlik yaranmasından “narahat” olan dairələr hardadır, niyə etirazları eşidilmir?
İstisna deyil ki, həmsədrlərin bölgəyə budəfəki səfəri həm də futbol “yarışı”qabağı gərginliyin qarşısını almağa xidmət edirdi. Tamamilə mümkündür ki, Qarabağ separatçılarını himayə edən dairələr bu futbol oyunbazlığının baş tutması üçün bir araya gəlmişdilər.
Təsəvvür edin, Azərbaycan UEFA-nın final oyununa ev sahibliyi etdi, ermənilər və ermənipərəstlər eyni işarə ilə ölkəmizə qarşı əks-təbliğata başladılar, çamur atdılar, ən alçaq vasitələrlə Azərbaycanı qaralamağa çalışdılar. Mxitaryan şousu belə işə yaramadı. Ancaq budur, Mxitaryanın dəfələrlə qanunsuz səfər etdiyi Dağlıq Qarabağda, elə onun özünün yetişdirdiyi futbolçuların iştirakı ilə “çempionat” keçirilir, lakin heç yerdən etirazlar eşidilmir. Kimsə deyə bilər ki, Qarabağdakı bu “çempionat” parodiyasına rəsmi münasibət bildirilməsi onun çəkisini artıra bilər. Amma yox, nədən sülh prosesinə vurulan davamlı zərbələrə etirazlar eşidilmir?
Deyək ki, Robert Köçəryanın gəlini Siranuş Arutyunyanın Qarabağdakı futbol “çempionat”ının açılışında oxumasına, ordakı atəşfəşanlığa boş verdik. Lap elə erməni mediasının “çempionatda iştirak üçün gələn qonaqları erməni xalq musiqi aləti zurna ilə qarşıladıq” kimi sərsəmləməyə də məhəl qoymayıb, yalansa “zurna girsin gözünüzə” dedik, amma…
Həmsədrlər ölkələrinə döndüyü gün Ermənistan ordusunun Ağdamdakı bölmələri hərbi təlimlərə başladı, “Tiqranakert poliqonu” adlandırdıqları torpaqlarımızı mərmilərlə şumladılar, bəs, buna nə deyirsiniz?!
Gözləyirəm ki, həmsədrlər Azərbaycan ordusunun cavab atəşi ilə məhv etdiyi erməni hərbçisinə görə narahat olduqlarını da deyəcəklər. Utanmasalar, edərlər… Son hadisələr bir daha deyir ki, nicat Azərbaycanın özünə qalıb. Onu bu savaşda qalib edəcək bir qüvvə var – ordumuz!