“- Bəs o qızıl pullar hanı?

Mən onları itirmişəm, – Pinokkio cavab verdi. Ancaq bu, yalan idi, çünki pullar onun cibində idi. Yalanı bitirməmiş, onun uzun burnu iki barmaq boyda da uzandı”

(Karlo Kollodi, “Pinokkionun macəraları”)

Biz – sovet dövrünün adamları (doğrudan da homo-sovetikus adlı xüsusi insan tipi vardır, başqa heç bir növə bənzəmir, ancaq indi mövzumuz ayrıdır, xırdalamağa vaxt yoxdur, hörmətli oxucular xahiş eləsələr, teleqram və məktublar yazsalar, buna toxunarıq) əsasən Almaniya Demokratik Respublikasında, Çexoslovakiyada (belə bir dövlətin olduğuna, üstəlik bir nəfərin burnunu qanatmadan ayrılıb 2 müstəqil dövlətə çevrilməsini indi kimə, necə izah etmək olar?) və başqa Şərqi Avropa sosialist düşərgəsi ölkələrində əsgərlikdə olanlarımızdan bu temada qəribə əhvalatlar eşidərdik. Deyirdilər, səhər kəndli sağdığı südü yolun qırağına qoyur, çıxır gedir, alıcılar özlərinə lazım olan qədərini götürüb pulu da ordakı qaba atırlar. Deyirdilər, meyvə ağacları küçədə bar gətirir, lakin camaat icazəsiz onları selbələmir. Danışırdılar, kiminsə pulu, qiymətli əşyası küçəyə düşür, səhərisi gün gəlib həmin yerdən tapır. O müddətdə həmin qiymətli əşyanı oğurlamaq başqalarının ağlına gəlmir. Belə şeylər bizə ekzotik, fantastik nağıllar kimi gəlirdi, çünki sovet adamı uşaq vaxtından oğurluğa öyrədilirdi. Buna məcbur idi. Kəndli tarladan, fəhlə zavoddan, partkom partiyadan oğurlamasa, yaşaya bilməzdi. Axırda oğurlamağa bir şey qalmayanda dövlət dağıldı getdi işinin dalıyca.

İndi bunu niyə xatırlayıram? Çünki ölkəmizdə, müstəqil və çiçəklənən Azərbaycanımızda həmin Şərqi Avropa ölkələrinə bənzər müsbət tendensiya müşahidə etməkdəyəm. Hansı turist Bakıya gəlsə, portmanatını, çantasını, pulunu, telefonunu itirsə biz dərhal onu tapıb adamın özünə qaytarırıq. Xəbər lentinə baxsanız, internetdə axtarış versəniz neçə dənə bu cür xoş xəbərə rast gəlmək olar. Nəticədə bütün xarici qonaqlar bizdən razı gedirlər, öz ölkələrində Azərbaycan həqiqətlərini təbliğ edirlər.

Doğrudur, çox zaman jurnalistlər siyasi səhvə yol verir, tapıntını polisin həyata keçirdiyini yazırlar. Nəyə gərəkdir? Sanki bizdə çoxlu hüquq-mühafizə işçisinin olduğu, hər turistin iziylə bir polisin gəzdiyini bildirmiş oluruq. Halbuki, qətiyyən belə deyildir, uca millətimizin istənilən nümayəndəsi xarici qonaqların itkilərini tapmağa hazırdır, bunun üçün lazım gəlsə biz canımızı verərik. Biz, özü pəyədə yatıb evin ən yaxşı otağını haçansa gələcək virtual qonaq üçün saxlayan elin övladlarıyıq! Bu temada yaxşı ata sözlərimiz də vardır: “Qonağa can qurban”, “Qonaq qonağı sevər, ev yiyəsi hər ikisini” və sairə. Qonaqkənd adında rayonumuz olub. Çox qonaq gəldiyindən indi yoxdur. Bəlkə də bərpa etməliyik.

Yaxşı yadıma düşdü, bizdə turist olmayanda bəzən özümüz turist olmağa, vətənin gözəlliklərini tərənnüm etməyə razılaşmışıq, hətta əslən cəbrayıllı, Mingəçevirdə yaşayan, lakin Dumanlı Albionu təmsil edən “ingilis” turistimiz olmuşdu, AzTV-yə intervüsü ilə hamımızın ürəyini açmışdı. Əlbəttə, bu da indi temamız deyil.

Üstəlik, qiymətli əşyalara, tapıntılara, yiyəsi bilinməyən obyektlərə münasibətdə biz turist-yerli fərqlənməsi qoymuruq. Hər kəsin itiyini tapıb qaytarırıq. Misal üçün, bu yaxında mən məhəllə dükanında gördüm, satıcı qadın yerdən qızıl medalyon tapıb yiyəsinə vermişdi. Düzdür, yiyəsi təşəkkür etmək əvəzinə “Bunun üstündə qızıl zəncir, böyründə brilyant qaşlı üzük, yanında ”Kullinan” almazı və Tutanxamonun xəzinəsindən qızıl maska da olmalı idi” kimi iddia irəli sürmüşdü və söhbətin nə cür bitdiyini bilmədim, ancaq əsas məsələ Quran formasında medalyonun qaytarılması deyilmi?

Hər sahədə belə vicdanlı, namuslu, qeyrətli zəhmətkeşlərimiz yetişir. Adicə, dövlət büdcəsinə baxın. Orda milyardlar dövr edir, gəl gör, hansısa məmur ora pis gözlə, əyri əllə yanaşırmı? Bizdə heç məişət səviyyəsində də korrupsiya, oğurluq yoxdur. Tək Ramazan ayında deyil, bütün aylarda məmurlarımız, millətimiz nəfsinə hakim kəsilmişdir.

Bizim sovet əsgərləri o vaxt deyirdilər ki, çex, alman kəndlisi aralaşndan sonra biz gedib süd, ərzaq oğurlayırdıq. İndi də bizim Azərbaycanda oğurluq varsa, ancaq xarici əsgərlərdən, məsələn, erməni ordusundan şübhələnə bilərik.

(Artıq burnum klaviaturaya dəydiyindən sözlermj səhvfd yazırmadh, tamma).

Загрузка...