Qəbri tüstülənən yəhudi milli qəhrəmanımız

Rusiyalı məşhur telejurnalist Vladimir Pozner yenə də sərsəmləyib; Azərbaycanın, azərbaycanlıların “bostanı”na daş atıb. Onu digər tanınmış rusiyalı teleaparıcı-şarlatan, Azərbaycana qarşı nifrət dağarcığı Vladimir Solovyev kimi haradasa ciddiyə almamaq da olardı, əgər “genetik materialı” yəhudi olmasaydı.

Keçən ay Pozner müsəlman Şərqində ilk demokratik cümhuriyyət qurmuş, qadınlara ABŞ-dan da tez səsvermə hüququ vermiş Azərbaycan xalqını demokratiyaya layiq bilməmişdi. Bu günlərdə isə o, İrəvanda səfərdə olub və verdiyi müsahibədə özünün iç üzünü bir az da açaraq, Ermənistana və ermənilərə böyük rəğbət bəslədiyini, erməniləri çox ağıllı saydığını söyləyib.

Sitat: “Təəssüf ki, Dağlıq Qarabağda olmadım. Böyük məmnuniyyətlə Qarabağa gedərdim, amma vaxt tapa bilmədim. Gedib öz mövqeyimi ifadə etmək istəyirdim ki, hər kəs, o cümlədən azərbaycanlılar mənim ürəyimin o tərəfdə yox, bu tərəfdə (ermənilərin yanında – Z.S.) olduğunu başa düşsün”.

Sən demə, Pozneri “ermənilərin ən qəliz şəraitlərdə öz mövcudluqlarını saxlaması” da valeh edibmiş. Üstəgəl, o, Qarabağa qanunsuz səfərindən sonra Azərbaycanın “qara siyahısı”na düşməkdən əsla narahat olmadığını bildirib, “Bu, məndə təbəssüm yaradır, hansı ”qara siyahı”, mən yenə gecələr rahat yatacağam”, – deyə kinayəli şəkildə, Azərbaycan dövlətinə sayğısız tərzdə əlavə edib.

Niyə də narahat olsun ki, əgər o, Ermənistanın işğal ortağı və hərbi-siyasi sponsoru olan Rusiyanın vətəndaşıdırsa. Yadınıza gələr, 2 il öncə yəhudi bloger Aleksandr Lapşin Belarusdan Azərbaycana ekstradisiya edilərkən Rusiya dövləti, onun XİN-i, Lavrov-Zaxarova cütlüyü necə şivən qoparmışdı. Odur ki, Pozner təlaşlanmaya bilər. İşğal altındakı Dağlıq Qarabağa getsəydi belə, Moskva onu bizə təhvil verməyəcəkdi.

Bunlar öz yerində. Ötə yandan, ermənini ağıllı millət sayanın özünün ağlına şübhə var. Xub. Ermənilər çox hiyləgər, məkrli, çörəyi dizi üstündə olan, etibarsız, nankor, satqındırlar, böyük güclərin əlində maşa və agent olmağı xoşlayırlar. Ancaq onları ağıllı saymaq?..

Bu, haradasa şizofreniklikdir. Çünki ağıllı millət öz əsas qonşuları ilə əsrlər boyu ədavət, torpaq davası aparıb özünü zəlil günə qoymaz. Öz ölkəsini başqa dövlətin vassalına çevirməz, köləlikdən zövq almaz, bütün digər xalqları qovub dünyada yeganə monoetnik dövlətə çevrilməz, özünə tarix uydurmaz. Nəhayət, qonşu millətin halal adlarını, yeməklərini, musiqisini belə oğurlayıb öz adına çıxmaz. Lapşinlər, poznerlər bunları bilmir bəyəm?

Nə yaxşı ki, başdan xarab yox, ağıllı yəhudilərin hamısının simpatiyası Azərbaycana, azərbaycanlılaradır. Əks halda, Azərbaycanın Milli Qəhrəmanı, Bakı yəhudisi Albert Aqarunov torpaqlarımız uğrunda, Şuşa uğrunda yox, xəstə “miatsum” ideyası uğrunda həlak olardı. Amma erməni tərəfdə bircə yəhudi də vuruşmayıb. Pozner bunları da bilmirsə, bilsin və agah olsun. Heç olmasa, soydaşı Albertdən utansın, qəbri bu dəqiqə tüstülənən milli qəhrəmanımızın ruhunu incitməsin…

Sözü ona gətiririk ki, təmiz yəhudinin erməniyə sevgisi, simpatiyası mümkün deyil, məntiqdən kənardır. Pozner özünü musəvi sanırsa, onu da bilməlidir ki, Ermənistan həm də azsaylı yəhudilərin sıxışdırılması hesabına monoetnik dövlətə çevrilib. Yox, bunu bilə-bilə yenə erməniyə hüsn-rəğbət bəsləyirsə, demək ki, qanı qatışıqdır. Vaxtilə Bakıda doğulan, çörəyimizi yeyib suyumuzu içən, şahmat üzrə dünya çempionu olduqdan sonra isə yediyi qaba tüpürən erməni-yəhudi qarışığı Qari Kasparov kimi.

Ya da ola bilsin, o, yaxşı vurandır, erməni konyakının vurğunudur. Və yaxud akademik Saxarov kimi arvadı ermənidir. Nə biləsən. Ağla başqa urvatlı versiya gəlmir…

P.S. Pozner illər öncə Bakıda səfərdə olmuşdu. O vaxt bu sətirlərin müəllifi də daxil, azərbaycanlı jurnalistlərlə görüş keçirdi. Açığı, o zaman bizdə onun haqqında çox pozitiv, kreativ adam təəssüratı yaranmışdı. Yanılmışıq. Xocalı soyqırımına imza atmış və buna görə hətta fəxr hissi keçirən bir milləti ağıllı sayan Poznerin indi ağlı-dərrakəsi bir yana, artıq insaniyyəti də şübhə altındadır…

Загрузка...