“Dığırlanan daşın üstündə mamır bitməz”
(Koreya ata sözü)
Artıq bu iqlimə öyrəşməliyik. Neçə ildir Bakı qışdan birbaşa yaya keçir, dünən zəhlətökən bürkü artıq başlamışdı. Halbuki srağagün camaat paltoda gəzirdi, yorğanın altında titrədirdi. (Bu yerdə Mətbuat Şurası müəllifə töhmət elan edib “Sənin xalqın yorğanının altında nə işin var idi” iradını bildirər və tam haqlı olar. O üzdən, sabahkı nömrədə mötərizədən qabaqkı cümləyə düzəliş edəcəyik).
Niyə yaz ixtisara düşüb? Çünki bizim ictimai-siyasi həyatımız çiçəklənmişdir! Yaz bizim evimizin içindədirsə, çöldə ona nə ehtiyac? Fəsil olanda nə olar, ona da təbiət tərəfindən bir abır-həya verilibdir, fikirləşir, daha mənim Azərbaycana gəlməyim lazım deyil, gedim Ermənistana, Burundiyə, İngiltərə və sairə Afrika ölkələrinə. Azərbaycan Yazıçılar Birliyinə gələndə… Zarafat edirəm, bu gün Anar müəllimlə bağlı heç bir fikrimiz yoxdur. Ümumiyyətlə, mənim Anar müəllimin yaradıcılığına böyük hörmətim vardır. Biz hamımız Meral Konrada baxa-baxa böyümüşük, zarafat deyil e. İndiki uşaqlar nə bilsinlər xalqın problemlərini… İnternet əllərinin altında, nəyə istəsələr baxırlar. Yada saldıqca ürəyimiz-ciyərimiz xarab olur.
Harada qalmışdıq? Ay sağ olasınız, Afrikada. Təzəlikcə Kürdəmirin bir kəndindən videoreportaj hazırlamışdılar, zəhmətkeşlərdən biri öz həyətində banan yetişdirmişdi. Çəkilişdən aydın görünürdü, salxım-salxım bananlar Günəşin işığında bərq vururdu. Düzdür, hələ yaşıl idi, ancaq niyə darıxırsınız? Vaxtı gələndə saralacaqdır. Hərçənd mən eşitdiyimə görə Ekvadordan, Afrikadan-filandan gətirilən bananlar da göy-göy yığılır, burada onları çırağın hisinə verib saraldırlar. Şair demişkən, sən yanmasan, mən yanmasam, necə banan sarala bilər? Bu temada bir atalar sözümüz də var, deyir, səbr ilə halva bişər tut yarpağından, bəsləsən atlas olar ey qora səndən. Ya da qoradan halva çalıb tutdan atlas alırdıq, dəqiq yadımda qalmayıb. Bir variant da var ki, gələcək günlərimizin ataları bu məsəli “Bəsləsən banan olar, ey ağac, səndən” şəklində oxuyacaqlar. Mən ölü, siz diri. Yaşayarıq görərik.
Sözümün canı nədir? Odur ki, əgər bizdə indi banan yetişirsə, biz özümüzü banan respublikasının sakinləri saya bilərikmi? Niyə saymayaq? Kimdən əskik oğlanıq?
Havaların istiləşməsindən də qorxmuruq. Bakı Metropoliteni açıqlama yaydı, deyir, 17 dənə generator alıb quraşdırmışıq, hətta ABŞ-la Rusiya arasında nüvə müharibəsi başlasın, yenə işığın sönüb qatarın tuneldə qalması mümkünatsızdır. Ümid edək, həmin generatorlar metronun ventilyatorlarını işlədəcək. (Süni yaradılmış “sərinkeş” sözünü heç cür anlamıram; lap “sərin”i birtəhər qəbul elədik, bəs “keş” nədir? Özü də bu “keş”in proqramlaşdırmada zibil kimi yaranan “keş”lə bağlı olmadığını çağdaş gəncliyə izah eləmək var. Ventilyatora “havafır” desək daha gözəl olardı. Adamın iştahını da açır, çünki kalafır sözünə qafiyədir. Gördünüzmü, şairlərimizə sənət əsərlərində istifadə üçün yeni, hazır qafiyələr qayırıb veririk. Sonra AYB qədrimizi bilmir. Lənət şeytana, yenə gəldi…)
Çünki metroda hava dalğalanması, oksigenin dövriyyəsi olduqca vacibdir. Yoxsa qabaqkı illərdə girirdin qatara, stansiyaya, az qalırdın boğulub öləsən. Nəticədə adam Eldar müəllimin kovboy dəstəsinin keçmiş rəis Tağı müəllimdən zorla aldığı 3 milyon dollara haqq qazandırırdı. Demək, indi 17 generator ventilyatorları, üzr istəyirəm, havafırları fırladacaq, paytaxt sakinləri və şəhərimizin qonaqları lazım olduğu qədər hava alacaqdır. Lazım olduğu qədər, yəni, Səhiyyə Nazirliyinin məsləhət bildiyi ölçüdə. Çox alıb neynəyəcəksən? Adam şar deyil, üfürüb göyə qaldırasan. Adamın hava dolacaq yeri məhdud həcmdədir. Düzdür, bizdə çox adam olub ki, üfürüb-üfürüb, türkün sözü, dombaldıblar, ancaq axırda partlayıbdır. İnsanı çox üfürmək olmaz. Hətta üfürəndə gərək ipini əlində saxlayasan, birdən uçar gedər.
İndi söz əlaqədar təşkilatlarındır.