Onlar nə “dığanın belindən gələn”dir, nə “axçinin qarnından çıxan, erməni südü əmən”. Onları “qanıpozuq”, “südüpozuq” adlandırmaq da olmaz. Bu kimi ifadələr qıcqırmış nifrətin əmələ gətirdiyi təhqiramiz damğalardır və reallığı əks etdirmir.

Axtarsaq, araşdırsaq, məlum olacaq ki, onların yeddi arxa dönənində belə başqa millətlə, xüsusilə də erməniylə qarışıqları yoxdur.

Fəqət, onların düşüncəsi pozuqdur. 15-20 il əvvəl onlar da belə deyildilər, hər halda mənsub olduqları millətlə nəfəs alırdılar, pis-yaxşı sevincini, kədərini bölüşürdülər. Amma sonradan onları təsir dairəsinə düşdükləri mühit, xarici ölkələrdə qurduqları dostluq büsatları dəyişdirdi.

Bir də ortaya öz millətini xor görməyi, başqa millətləri, dini konfessiyaları sevməyi təlqin edən qüdrətli institutların yavaş-yavaş yaratdığı imkanlar (müftə səfərlər, ziyafətlər, bol-bol qrantlar) girincə, onlarda öz millətinə başqa prizmadan baxmağın əslində çox faydalı olduğu qənaəti hasil oldu.

Yoxsa onlardan bəziləri bir vaxtlar indiki hakimiyyətdən maliyyələşən qəzetlərdə işləyir, saytlarla əməkdaşlıq edir və heç də nəinki dövlətə, millətə, hətta indi söydükləri hakimiyyətə, iqtidar komandasına qarşı müxalifətçilik, dissidentlik etmirdilər.

Nə oldusa, sonradan, tezis və qrant verən sifarişçilər dəyişəndən sonra oldu.

İndi bu şəxslərin fikri tam olaraq formalaşıb və bu, Azərbaycan xalqına, dövlətinə nifrətdən ibarətdir.

Deyilə bilər, yox, onlar indiki iqtidar komandasına nifrət edirlər.

O da var. Amma Azərbaycanın himni çalınanda ermənilərə qoşulub arxasını çevirmək iqtidar komandasına hörmətsizlik deyil, Azərbaycan dövlətinə, o dövləti quran, onun bayrağını qaldıran qurucu kişilərə, Rəsulzadəyə, o himnin müəlliflərinə – Üzeyir Hacıbəyliyə, Əhməd Cavada hörmətsizlikdir.

Hakimiyyətdə bir başqası (tutaq ki, İsa Qəmbər, Etibar Məmmədov, Lalə Şövkət, Əli Kərimli) olsaydı, yenə bayraq bu bayraq, himn bu himn olacaqdı. Bayraq da, himn də Əliyev iqtidarının atributları deyil, Azərbaycan dövlətinin, millətinin atributlarıdır.

Söz yox, hər bir adam pasifist, kosmopolit ola, müharibələrə nifrət edə, daima sülh çağırışları səsləndirə bilər. Bu, qəbahət deyil, hətta bir xalq fəxr etsin ki, onun bu cür bəşəri dəyərlərə önəm verən vətəndaşları çoxdur.

Ancaq yadelli aqressoru var gücü ilə müdafiə etmək, öz millətinə mənsub yüzlərlə öldürülmüş, zorlanmış, didərgin salınmış, hərbi cinayətlərə məruz qoyulmuş vətəndaşının faciəsini görməzliyə vuraraq, bir erməni zabitinin ölümünü faciəyə çevirmək qətiyyən obyektiv kosmopolitlik və gerçək pasifistlik deyil. Bu, nəinki öz millətinə qarşı xainlikdir, eləcə də bəşəri dəyərlərə xəyanətdir. Onlar artıq pasifistlikdən çıxaraq erməni nasistliyinə transfer ediblər.

Lap söhbət mövzusu azərbaycanlı yazar deyil, regiona araşdırma aparmağa gəlmiş finlandiyalıdır, masanın üstünə bu qədər faktlar, təfərrüatlar qoyulur, adam obyektiv araşdırmaçıdırsa, Xocalıda baş verən hərbi cinayətlə bir əsgərin kəşfiyyat zamanı düşmən əsgərləri ilə atışmaya girməsini və daha çevik hərəkət etməsini eyni cür qiymətləndirməz. İkinci adi müharibə epizodudur – tək adam bir taqım silahlı əsgərə qarşı. Birinci isə antibəşəri cinayətdir, beynəlxalq tribunalın cəzalandırmalı olduğu vəhşi aktdır.

Ramil Səfərovun məsələsinə gəlincə, məhkəmə materialları açıqlandıqdan, təfərrüatlar ortaya çıxdıqdan sonra, adama elə gəlirdi ki, nəhayət, bu mənasız mübahisə bitər. Amma xeyr. Nə ermənipərəst dairələr, nə də onların sərəncamındakı “milli kosmopolitlər” dincəlmirlər, dönüb-dolaşıb bu məsələni yenidən qabardırlar.

Elə çıxır ki, Ramil Səfərov Qurgen Markaryanı qumar üstə, ya da yeyib-içib sərxoş olandan sonra öldürüb. Elə deyil. Qurgen öz ölümünə doğru uzun və israrlı çəkildə yol gəlib. On dəfələrlə Ramili, onunla birlikdə olan azərbaycanlı kursantları, bütün azərbaycanlıları, dövlətimizi, bayrağımızı təhqir edib, hər fürsətdə sataşıb, Qarabağ müharibəsində əsir götürülmüş qadınlarla bağlı təhqiramiz sataşmalar edib.

Həmin durumda Ramil yox, qanında bir damcı qeyrəti, heysiyyəti, mənliyi, şərəfi olan istənilən azərbaycanlı məsələni Ramildən ən azı iki həftə qabaq həll edərdi. Yüz azərbaycanlının 95-i məhz Ramil kimi hərəkət edərdi, yerdə qalan beşi isə peysərini qaşıya-qaşıya fikirləşər, bəlkə də gecəylə qaçar, hərbi karyerasını bitirərdi. Hələ Ramil çox təmkinli və hövsələli adamdır ki, rəhbərliyə şikayət edib, Qurgenin özünü yaxşı aparmadığı barədə raportlar yazıb. Ancaq nə hərbi təhsil müəssisəsinin rəhbərliyi, nə də Qurgenin özü məsələnin ciddiyyətini anlamayıblar. Qurgen hesab edib ki, məsələ bitib, o, Ramili sındırıb, bu gün sabah tamam qapazaltı edəcək. Adamın ağlına da gəlməyib ki, yaxınlıqdakı təsərrüfat mağazasında balta satırlar və onu əlində Msiri qılınc kimi fırlada bilən bilək yiyəsi var, adı Ramildir və artıq onu canından bezdirib.

Məsələnin tam mahiyyəti budur.

Bu fikri bir dəfə də yazmışam, yenə təkrar edirəm. Əminliklə deyə bilərəm ki, uzun illər öncə Macarıstanda baş verən qovğada öldürən Qurgen, ölən Ramil olsaydı, indiki “kosmopolit pasifistlər” yenə də Ramili günahkar çıxaracaqdılar, deyəcəkdilər ki, onu Ermənistanın bayrağı ilə nə işi vardı, Qurgenin ana-bacısına niyə sataşırdı, erməniləri niyə təhqir edirdi ki, Qurgen də ondan bu cür intiqam alsın.

Bəs belə adamlarla nə etmək lazımdır? Heç nə. Onlar o cür fikirlər yazanda sadəcə cavablarını yazılı şəkildə vermək gərəkdir və nəzərə almaq lazımdır ki, onların valideynlərinin, qohum-əqrəbalarının bu məsələdə heç bir təqsiri yoxdur. Onların düşüncəsini sonradan qapıldıqları mühit xarab edib.

Загрузка...